Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"BMT-nin hesabatı Azərbaycana qarşı sifarişdir"

"BMT-nin hesabatı Azərbaycana qarşı sifarişdir"

Date: 13 November 2016 11:42

"BMT İnsan hüquqları komitəsinin hesabatı ağ yalandır və Azərbaycana qarşı sifarişli hesabatdır". Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev BMT-nin İnsan hüquqları komitəsinin hesabatında qeyd olunan "Azərbaycanda erməni azlığına qarşı ayrı-seçkilik və erməni soyadlı insanların Azərbaycana buraxılmaması" məsələsinə münasibət bildirərkən deyib.

B.Əliyev bildirib ki, Ermənistandan daha çox, Azərbaycanda ermənilərin hüquqları qorunur: "Amma Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində ermənilərin hüquqları separatçı rejim tərəfindən daha çox pozulur. Çünki hesab edirlər ki, o ermənilər Azərbaycan vətəndaşlarıdır. Yəqin ki, BMT-nin hesabatında bunlar qeyd edilməli idi, amma çox təəssüflər olsun ki, bu, sifarişli kampaniya olduğu üçün qeyd edilməyib. Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı öz torpağından da, Ermənistandan da qovulub. Görəsən, bununla bağlı hesabatda bir kəlmə deyilirmi ki, Ermənistan azərbaycanlıların hüquqlarını belə kobud şəkildə pozub? Ona görə də hesab edirəm ki, bu hesabat sifarişdir və Azərbaycana qarşı kampaniyadır. BMT əvvəl öz mandatını yoxlamalıdır ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması ilə bağlı təşkilat tərəfindən qəbul olunan qətnamələr yerinə yetirilibmi?"

Erməni soyadlı şəxslərin Azərbaycana buraxılmaması məsələsinə gəlincə isə, B.Əliyev bildirib ki, indiyə qədər Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, o cümlədən idman yarışları çərçivəsində kifayət qədər erməni problemsiz Azərbaycana gəlib: "Elə bu günlərdə 3 erməni Azərbaycana gəldi, burada tədbirdə iştirak etdi. Amma gedib araşdırsınlar, görək neçə nəfər azərbaycanlı Ermənistana buraxılıb? Araşdırmırlar, çünki araşdırsalar, yalanları üzə çıxacaq".

Milli.Az


Tags:  BMT-nin hesabatı Azərbaycana qarşı sifarişdir

RƏYLƏR


Top news