Cənubi Koreya prezidenti Pak Kın Xe yaxın rəfiqəsi Tsoy Sunn Sil ilə bağlı qalmaqalla əlaqədar ifadə verəcək.
APA-nın məlumatına
görə, bu barədə NHK telekanalı prokurorluqdakı mənbəyə istinadən
məlumat yayıb.
Prokurorluq prezidentə noyabrın 15-də, yaxud 16-da ifadə verməsi
üçün sorğu göndərib. Hələ ki, prokurorluğun dəvətinə prezident
cavab verməyib.
Xatırladaq ki, noyabrın 19-da hazırda həbsdə olan T. S. Silə qarşı
ittiham irəli sürüləcək. Ölkə tarixində ilk dəfə fəaliyyətdə olan
prezident ifadə verəcək. Bununla bərabər, dünən və bu gün "Hyundai
Motor Company", "Hanwha Group", "SK Group", "Samsung Electronics
Co., Ltd.", "Hanjin Group" və digər şirkətlərin rəhbəri korrupsiya
qalmaqalı ilə bağlı prokurorluqda ifadə veriblər. Prokurorluq hesab
edir ki, T. S. Sil prezident üzərində təsirindən istifadə edərək
böyük şirkətlərdən pul alıb və şəxsi məqsədləri üçün istifadə edib.
Söhbət T. S. Silin yaratdığı iki qeyri-kommersiya fondu üçün 52
şirkətdən toplanmış 70 milyon dollar vəsaitdən gedir. Məlumatlar
var ki, bu məqsədlə 7 iri şirkətin rəhbərinə məhz prezident şəxsən
təzyiq göstərib.
Cənubi Koreya mətbuatı prezident P. K. Xenin 2018-ci ildə
Pxyonçxanda keçiriləcək Qış Olimpiya Oyunları üzrə Təşkilat
Komitəsinin sədri olan "Hanjin Group" şirkətinin rəhbərindən
tikinti işlərini bir İsveç şirkətinə verməyi xahiş edib. Həmin
şirkət də T. S. Sil ilə sıx əlaqəlidir. Ancaq "Hanjin Group"
şirkətinin rəhbəri bu xahişi yerinə yetirmədiyi üçün P. K. Xe onun
istefa verməsini tələb edib.
Qeyd edək ki, dünən Cənubi Koreyada prezident və rəfiqəsi ilə bağlı
qalmaqalla əlaqədar yüz minlərlə insanın qatıldığı aksiya
keçirilib.