Niyə yol qəzalarında ən çox piyadalar həlak olur?

Niyə yol qəzalarında ən çox piyadalar həlak olur?
18:53 13 Noyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda baş verən yol nəqliyyat hadisələrinin böyük əksəriyyəti piyadaların vurulması ilə nəticələnir, ölüm və xəsarət halları da ən çox piyadalar arasında qeydə alınır.

Bu ilin 9 ayı ərzində ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələrinin 41%-ni (615) piyadaların vurulması təşkil edib, nəticədə 228 piyada həlak olub, 495-i yaralanıb.

Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məsələ ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, piyadaların əksəriyyəti yolun hərəkət hissəsində vurulur.

Onun sözlərinə görə, az hallarda piyada nizamlanan və ya nizamlanmayan piyada keçidində vurula bilər: "Əsasən nizamlanan piyada keçidində piyadaların vurulması hadisəsi baş verir. Çünki bəzən piyadalarımız yollarda zolaqların olmasını yəqin edir, ancaq işıqfora diqqət yetirmirlər, nəqliyyat vasitələri üçün yaşıl işıq yananda belə düşünürlər ki, burada piyada zolağı varsa, keçə bilərəm. Bu hal bəzən qəzalara səbəb olur".

K.Əliyev bildirib ki, bu gün piyadaların yol hərəkəti qaydalarını pozması kütləvi xarakter alıb: "Nə qədər polis əməkdaşları cəlb edilsə də, yol hərəkətini pozan piyadalara qarşı nə qədər protokollar tərtib edilsə də, hər gün piyadaların vurulması ilə bağlı məlumatlar yayılsa da, çox əfsuslar olsun ki, piyadalarımız bu hadisələri ciddi qəbul etmirlər. Elə fikirləşirlər ki, mən yola çıxıramsa, avtomobil məni görüb istənilən halda yol verəcək".

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə hesab edir ki, burada həm piyadaların, həm də sürücülərin günahı var: "Burada piyadaların günahı arxa planda qalır. Çünki piyadanın təqsiri nəticəsində başqa adamlara zərər dəymədiyinə görə hüquq-mühafizə orqanları onları araşdırmır. Ancaq piyada zərərçəkən olsa da, əslində onun özünün də günahı var".

Ekspertin sözlərinə görə, bir çox sürücülər yol hərəkət qaydalarını yaxşı bilmir, avtomobili təhlükəsiz idarə etməyi bacarmırlar: "Əgər sürücü özündən qabaqda olan nəqliyyat vasitəsinin qarşı hissəsini tamamilə görmürsə, həmin nəqliyyat vasitəsini keçməməlidir, çünki həmin nəqliyyat vasitəsinin qarşısında piyada ola bilər və o gözlənilmədən arxada gələn maşının yoluna çıxa bilər. Bax bu və ya digər təhlükəsizlik qaydalarına əməl etmək lazımdır".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/175776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR