Bakıda günün 14 saatı tıxac olan yoldan FOTOREPORTAJ

Bakıda günün 14 saatı tıxac olan yoldan FOTOREPORTAJ
10:27 14 Noyabr 2016
79 Ölkə
Ölkə mətbuatı
A- A+

"Şose" deyəndə ağıla şüşə kimi asfaltı, maşınların rahat hərəkəti üçün geniş imkanlar verən yol gəlsə də, bunu Binəqədi şosesinə aid etmək olmaz. Çünki bu yolda ötən ay yağan intensiv yağışlardan sonra vəziyyət hələ də gərgin olaraq qalır, asfalt isə yararsız haldadır.

Oktyabrın 17,18-də yağan yağışların yollarda nəqliyyatı iflic etməsi, iri gölməçələr yaratması, maşınların yolda qalması, mühərriklərinin sıradan çıxması, avtobusların buferlərinin qırılması, nömrələrin itməsi barədə məlumat vermişdik.

Həmin yağışdan həftələr keçməsinə baxmayaraq sözügedən ərazidə hələ də ciddi problemlər qalmaqdadır.

"Binəqədi evimizdir, evimizi təmiz saxlayaq" lövhəsi vurulan dəmir yol körpüsündən başlayıb "təzə yol" adlanan əraziyə kimi davam edən şose 5 kəndə (Binəqədi, Novxanı, Mehdiabad, Fatmayi, Goradil və Novxanı) getmək üçün əsas yoldur.

Şosenin Poladtökmə zavodu və "təzəyol" adlanan hissəsindəki su xüsusi texnika ilə çəkilib. Lakin bir neçə gün suyun altında qalan asfalt örtüyü dağılıb. Buna görə də maşınların hərəkəti ləngiyir.

Hətta elə vəziyyət yaranıb ki, "Zəngəzur" şadlıq sarayı qarşısındakı 4 yolda günün 14 saatı sıxlıq olur. Hər gün səhər 8-ə qalmışdan yaranan tıxac axşam 10-a işləmişə kimi davam edir. Üstəlik, bu, sadəcə, iş günlərinə aid deyil, sözügedən ərazidə həftəsonu da sıxlıq olur.

Şose boyu uzanan tıxac 1 aya yaxındır ki, sürücü və sərnişinləri cana yığıb. Tıxaca səbəb isə 4 yolun birləşdiyi hissədəki asfalt örtüyünün yarasız hala düşməsidir. Bu hissədə oktyabrdan yağan yağışların suyu hələ də qurumayıb, üstəlik yolun bir hissəsi qazılıb və şoseyə birləşən yollardan gələn iri tonnajlı yük maşınları dar yoldan keçərkən yol tamamilə bağlanır.

Əraziyə cəlb olunan polis əməkdaşları isə tıxacı dağıtmaq üçün şoseyə girmək istəyən maşınlara məhdudiyyət qoyurlar. Bu isə sürücülərin və sərnişinlərin gedəcəkləri məkana saatlarla gec çatmasına səbəb olur. Yoldakı gölməçələrə görə evə piyada getmək istəyənlərin də arzusu ürəklərində qalır.

Yaranan vəziyyətə isə ən çox sevinənlər taksi sürücüləridir. Çünki onlar fürsətdən istifadə edərək yolun tıxac olmasını bəhanə edib qiyməti 3 dəfə qaldırıblar. Hətta bəzi taksi sürücülər var ki, "50 manat da versən, o yolu getmərəm" deyərək sərnişinlərə "naz edirlər". Amma sakinlərin dediyinə görə, lap 50 manat da verilsə, son günlərdə həmin 7 dəqiqəlik yolu 1 saatdan tez keçmək olmur.

Xoşbəxtlikdən, bir neçə gündür havalar yağmursuz keçir. Yağış yağsa, yollar yenə su ilə dolacaq və yeni tıxacların yaranması üçün "əlverişli şərait" yaranacaq.

Görünür, problemin həll olunması üçün yazı gözləmək lazımdır. Yaz gələr, su buxarlanar, yollar qazılar, hər il olduğu kimi kanalizasiya sistemi "qurular", ondan sonra Binəqədi yolu olar əsl şose. Sakinlər ən azından buna ümid edirlər.

Bəxtiyar Umarlı
Milli.Az
















Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/489117.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR