Dövrümüzün "Qordi düyünü"

Dövrümüzün "Qordi düyünü"
12:27 14 Noyabr 2016
93 Ölkə
Ölkə mətbuatı
A- A+

8 noyabr seçkisindən ötən bir həftə Donald Tramp "düyünü"nün açılmasına kifayət etmədi. Yeni prezident ətrafında seçki öncəsi dövrdə yaranmış durum nəinki aydınlaşmır, əksinə, getdikcə tündləşir. Seçicilər küçələrə çıxıb, Trampın prezident seçilməsinə etiraz edirlər. Etiraz aksiyaları polislə qarşıdurma, xəsarət alma və həbslərlə müşayiət olunur. Proseslər mitinqlər keçirməklə yekunlaşmır. Britaniya mətbuatının iddiasına görə, yaranmış etiraz dalğası ABŞ-ın parçalanmasına qədər inkişaf edə bilər. "The İndependent" konkret mexanizm də göstərib. Bildirir ki, Birləşmiş Ştatların ən böyük əhaliyə malik ştatlarından olan Kaliforniya öz müstəqilliyini elan etməyə hazırlaşır. Səslərin 61 faizini Hillari Klintona vermiş ştat əhalisi Trampın qalib elan edilməsi ilə barışa bilmir. Hətta "The Washington Post" un yazdığına görə, "Ağ Evə gedən yolun 13 açarı" kitabının müəllifi, məşhur proqnozçu Alan Lixtman Donald Trampın impiçmentə məruz qalacağını dilə gətirib.

Amerikalıların Trampa birmənalı yanaşmamasına müxtəlif izahlar verilir. Kimisi onun "irqi və gender məsələlərində həlledilməz fikir ayrılıqları yaratmasını", kimisi "ABŞ demokratiyasını şübhəyə almasını", bir başqası da "xarici siyasət kursunu yanlış istqamətə yönəltməsini" önə çəkir. Amma səbəblər bol olsa da, yaşananların məntiqi izahına bəs etmir. İstənilən halda, ABŞ praktikası üçün qeyri-ənənəvi olan proseslər baş verir. Məsələn, ATƏT-in ABŞ demokratiyasını şübhə altına alması ənənəvi hal deyil. ATƏT-in ABŞ təsirində olması, bu dövlətin göstərişləri əsasında plan qurması bəllidir. İndi isə, ATƏT ABŞ-da keçirilən seçkini şübhə altına alır. Təşkilatın hesablamalarına görə, ABŞ-dakı son seçkidə səsvermə hüququna malik olan 35 milyon seçici seçkilərdə iştirak etmək üçün qeydiyyata alınmayıb.  ATƏT bir müddət öncə Tramp tərəfindən gündəmə gətirilən, ABŞ "demokratiyasının" iç üzünü açan faktları təsdiqləyib. Tramp isbat etmişdi ki, ABŞ seçki mexanizmi təsvir edildiyi kimi, demokratik deyil, saxtalaşdırma üçün kifayət qədər yol açır. Məsələn, seçicilər seçki prosesində birbaşa deyil, dolayısı ilə iştirak edirlər, yəni seçicilər Yüksək Seçki Qurumuna daxil olan 538 nəfəri seçməklə kifayətlənirlər. Beləliklə, seçkinin nəticəsini birbaşa ölkə seçicisi deyil, bəhs edilən 538 nəfər müəyyənləşdirir. Amma seçki prosesinin qeyri-demokratikliyi bununla bitmir. Çünki 538 nəfərin keçirdiyi seçkinin özü də qapalı mühitdə baş tutur, prosesin müşahidəçilər tərəfindən izlənilməsi məhdudlaşdırılır. Rəsmi Vaşinqton ATƏT qarşısında götürdüyü öhdəliklərə zidd olaraq, beynəlxalq müşahidəçilərə ABŞ-ın bütün ştatlarında prezident seçkilərini izləməyə imkan verməyib. Bu, ATƏT-in dilə gətirdiyi qanun pozuntularının hamısı deyil. Təşkilat bəyan edib ki, ABŞ-dakı seçkilərə dair məruzə üzərində bir neçə ay iş gedəcək, detallı və yekun hesabat 3 ay sonra elan ediləcək. Çünki araşdırılmalı çox məqam var. Məsələn, Tramp özünün seçkiqabağı təşviqatı dövründə belə bir məqamı dilə gətirmişdi ki, hazırda Birləşmiş Ştatlarda seçicilərin qeydiyyatının 24 milyonu etibarsızdır, böyük pozuntularla aparılıb: "Dünyasını dəyişmiş 1,8 milyon şəxs seçici qismində qeydə alınıb və onların bəziləri səs verirlər!  2,8 milyon adam bir neçə ştatda qeydə alınıb... Amerika vətəndaşlığı olmayan Amerika sakinlərinin 14%-i seçici kimi qeydiyyata alınıb".

Zahirən belə görünür ki, ATƏT-in açıqlaması Trampın fikirlərinə dəstəkdir. Reallıqda isə bu, Trampın özünü, onun prezident seçildiyi seçkini şübhəyə almırmı, impicmentinə hazırlıq üçün arqument deyilmi? ATƏT ABŞ seçki sistemi üçün xarakterik olan bu halları nə üçün indiyədək dilə gətirməyib, "ifşa etməyib"? Belə çıxır ki, ABŞ təsirində olan təşkilat bu ölkədə demokratiyanın möhkəmlənməsi üçün deyil, Trampa qarşı proseslərə dəstək vermək üçün aktivləşdirilib.

Onda sual yaranır, Trampı kim və nə üçün vurur? Bütün hesablamaların ziddinə olaraq, onu kim prezident seçdirdi, indi etiraz aksiyalarını təşkilatlandıran, stimullaşdıran kimdir? ABŞ seçicisi doğurdanmı Trampı həzm edə bilmir? Axı Trampın seçkiqabağı kampaniya dövründə verdiyi vədlər büsbütün ABŞ seçicisinin və əhalisinin maraqlarına köklənib. Təkcə Pensilvaniya ştatında, Gittesberq şəhərindəki məşhur 22 oktyabr nitqi Trampı sevmək üçün ABŞ əhalisinə nə qədər arqument verdi:

"Mən görürəm ki, ölkə fəlakət içindədir, kənarda durub bunu seyr edə bilmərəm. Ölkəmiz mənə çox yaxşılıq edib, mən onu sevirəm, hərəkətə gəlməliyəm. Demək olar, hər dörd amerikalıdan biri əmək qabiliyyətli yaşında işsizdir. Hər beş ev təsərrüfatından birində heç kim işləmir. 45 milyon amerikalı ərzaq talonu alır, 47 milyon isə yoxsulluq içində yaşayır. Kasıb şəhərlilər əziyyət çəkir". Trampın "ABŞ-ın təhlükəsizliyini bəhanə edərək kənar ölkələrdə apardığı mənasız müharibələri dayandıracağını", "xalqların seçilmiş prezidentlərinin devrilməsi kampaniyalarını durduracağını" vəd etməsi, bu müharibələrə, kampaniyalara çəkilən xərclərin ABŞ xalqının rifahına sərf ediləcəyini bəyan etməsi, Trampa qarşı etiraz aksiyaları keçirən "sıravi vətəndaşların" marağına uyğun deyilmi?

Belə çıxır ki, Trampa qarşı etiraz aksiyalarını stimullaşdıranlar, həmin müharibə və kampaniyalardan gəlir götürən qruplardırlar. Amma siyasi təhlilçilər bu versiyanı da birmənalı qəbul etmirlər. Çünki Tramp ABŞ-dan kənarda aparılan savaşları birmənalı şəkildə dayandıracağını bəyan etməyib. Yeni prezidentin son addımları göstərir ki, o, kənarda aparılan savaşları durdurmaq yox, savaşın formasını dəyişmək niyyətindədir. ABŞ-ın neft istehsalı üzərindəki qadağasını aradan qaldırmaq, dolların uçot dərəcəsini artırmaq dünyanı son illər maliyyə-iqtisadi böhrana salan proseslərə yeni stimul vermək deyilmi? ABŞ-ın neft və maliyyə bazarında tarazlığı süni şəkildə pozmaqla başlatdığı gizli-aşkar savaşın yeni dönəmi başlamırmı?

Suallar çoxdur. Hər birinin də kökü, Donald Trampın özünə dayanır. ABŞ-ın yeni prezidenti dünya üçün çözülməsi çətin olan yeni "Qordi düyünü"nə çevrilir.

Müşfiq Ələsgərli
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/489186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR