"RecExpo II" sərgisində 9 ölkə iştirak edəcək

"RecExpo II" sərgisində 9 ölkə iştirak edəcək
12:37 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi, “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə noyabrın 22-24-də "Baku Expo Center"də baş tutacaq "RecExpo II – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya" sərgisinə dair bu gün Bakıda mətbuat konfransı keçirilib.
"Report" xəbər verir ki, konfransda Komitənin aparat rəhbəri Azər Bəşirov, şöbə müdiri Şamil Şirinov, sərginin təşkilatçıları və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edən A.Bəşirov qeyd edib ki, sözügedən sərgi beynəlxalq inşaat, daşınmaz əmlak və invesitisiya şirkətlərinə layihələrini nümayiş etdirmək üçün çox əhəmiyyətli platformadır: "Sərgidə Azərbaycan, Tükiyə, BƏƏ, Ukrayna, İspaniya, Portuqaliya, Macarıstan, Lüksemburq və Şimali Kipr Türk Respublikası kimi 9 müxtəlif ölkədən onlarla əmlak, tikinti və investisiya şirkətlərinin iştirakı gözlənilir. Bu tədbir həm yerli, həm də beynəlxalq müstəvidə tikinti sektoruna aid nəhəng şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələri, əmlak sektoru üzrə investorları Azərbaycanda professional bir məkanda toplayacaq. Azərbaycan ve beynəlxalq daşınmaz əmlak sektorunun ən önəmli şirkətlərindən "Xəyal Adası", "Dreamland", "AAF Park", "AF Holding", "Kristal Abşeron", "Azinko", "Absheron City Yeni Həyat", "Emlak Konut Gyo", "Ağaoğlu", "Özak Gyo", "Tahincioğlu Gayrimenkul", "Haliç Property", "TGP", "Reality Port", "Ems Yapı", "Bavi Concept", "Mare Asset, Urhome", "Voldan Investment", "Hıspano", "Hayat Estate", "Asteco", "Afik" sərginin önəmli iştirakçılarındandır". 
Komitə rəsmisi qeyd edib ki, sərgi bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərini və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir: "Beynəlxalq sərginin Azərbaycanda son illər daşınmaz əmlak və torpaq idarəçiliyi, dövlət mülkiyyətinin özəlləşdirilməsi sahəsində aparılan islahatlar baxımından da mühüm əhəmiyyəti var. Belə ki, Komitə tərəfindən sərgidə yaradılacaq pavilyonda dövlət əmlakının özəlləşdirilməsi, torpaqların vahid elektron kadastr uçotu, müasir informasiya-kommunikasiya texnologiyaları sayəsində əmlak, ünvan, torpaq reyestri sahəsində yaradılan sistemlər, elektron xidmətlər, proqram təminatları və digər yeniliklər nümayiş olunacaq. Sərgidə iştirak edən yerli və xarici təmsilçilər özəlləşdirmə prosesi, yaradılmış investisiya mühiti, torpaqların elektron uçotu və vahid dövlət kadastrı, daşınmaz əmlakın dövlət reyestri sahəsində innovasiyalar, əmlak xidmətləri üzrə elektron və onlayn imkanlar, ünvan-naviqasiya sistemi və digər iri layihələr barədə əyani məlumat almış olacaqlar".
"Elan Expo"nun Azərbaycan nümayəndəliyinin rəhbəri İlkin Abdiyev vurğulayıb ki, sərgi çərçivəsində noyabrın 23-də “Daşınmaz əmlak sektorunda investisiyalar” mövzusunda böyük konfransın keçirilməsi də nəzərdə tutulub: "Eyni zamanda, sərgi çərçivəsində uduş kampaniyası da təşkil olunacaq. Qalib olan şəxs bir həftəlik Türkiyədə istirahət etmək şansı əldə edəcək. Daşınmaz Əmlak və İnvestisiya Sərgisi mövzusuna və təyinatına görə Azərbaycanda yeganə ixtisaslaşmış daşınmaz əmlak sərgisidir. Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsidir. Eyni zamanda, özəlləşdirilən müəssisələrə investisiya yatırımları sayəsində onların fəaliyyətini tam potensialı ilə bərpa etməsi və gələcəkdə yeni iş yerlərinin yaradılmasına nail olunmasıdır".
Sərginin digər təşkilatçıları olan “Elan Expo” şirkətinin baş direktoru Salim Şahinin sözlərinə görə, Türkiyə, Kipr, Ukrayna və digər ölkələrdən tanınmış böyük şirkətlərin sərgidə iştirakı gözlənilir: "İştirakçı siyahısına daşınmaz əmlak sektorunun inkişafında mühüm rolu olan yerli və xarici şirkətlər, banklar, iri investorlar, səfirliklər və daşınmaz əmlak satışını həyata keçirən firmaların nümayəndələri daxildir. Daşınmaz əmlak sektorunun peşəkarları ilə yeni əlaqələr, brendlərin və layihələrin Azərbaycanda tanıtımı baxımından da bu beynəlxalq sərgi böyük fürsət deməkdir. Mən hər kəsi yaradılacaq bu böyük imkandan yararlanmağa dəvət edirəm".
Qeyd edək ki, "Report" İnformasiya Agentliyi tədbirin rəsmi informasiya tərəfdaşı qismində çıxış edir.



Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/recexpo-ii-sergisinde-9-olke-istirak-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR