Ziyalılar ATV və Xoşqədəm Hidayətqızı haqqında nə düşünürlər? RƏYLƏR

Ziyalılar ATV və Xoşqədəm Hidayətqızı haqqında nə düşünürlər? RƏYLƏR
14:53 14 Noyabr 2016
1809 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən jurnalist Xoşqədəm Hidayətqızının vaxtı ilə ATV kanalında apardığı “Səni axtarıram” verilişinin çəkiliş prosesinə aid görüntüləri yayılıb. Kadrarxası məqamların açıqlandığı həmin görüntülərə münasibət birmənalı deyil və geniş müzakirələrə səbəb olub.

Publika.az həmin videolarla bağlı media ekspertləri və jurnalistlərin fikirlərini öyrənib.

“Gündəlik Teleqraf” MMC-nin direktoru Aynur Camalqızı bildirib ki, yayılan görüntülərə hansısa cinayətin üstü açılıbmış kimi yanaşmaq doğru deyil:

“Mən televiziya mütəxəssisi deyiləm və 4 ildən artıqdır ki, nadir hallarda Azərbaycan televiziyalarına baxıram. Bu səbəbdən fikirlərimi subyektiv hesab edə bilərsiz. ATV-də "Səni axtarıram"ın yalnız ilk verilişinə baxmışam. Onda da özüm iştirakçı olduğum üçün. Sonra heç vaxt iştirak etmədim, dəvət olunsam belə. Çünki anladım ki, bu tip verilişlər mənlik deyil. Çünki bizim TV-lərdə heç bir veriliş cəmiyyətə lazımi mesajlar ötürmür, hətta bəlkə bunun fərqində deyil. Halbuki hər bir tele-layihənin gücü onun cəmiyyətə ötürdüyü ismarışlarla ölçülməlidir. Bununla heç kəsin, xüsusən həmkarımız Xoşqədəm xanımın zəhmətinin üstünə kölgə salmaq istəmirəm. Təbii ki, sosial yönümlü tele-layihələr olmalıdır və göründüyü kimi reytinq cədvəllərində də bu tip verilişlər ilk yerləri tutur. "Səni axtarıram" Azərbaycan teleməkanında ən populyar layihədir. Demək ki, auditoriya bunu istəyir. TV-lər də onlara istədiyini verir. Mən TV-ləri də qınamaq istəmirəm. Çünki reklam verən şirkətlər məhz həmin reytinq cədvəllərinə əsasən televiziyalara reklam ötürürlər. Yəni mövcudluq uğrunda mübarizədə reallıqla hesablaşmağa məcburuq. Təkcə Azərbaycanda deyil, qonşu Rusiyada da, qardaş Türkiyədə də bu cür verilişlər real həyatdan götürülür və teatrlaşdırılır, müəllifin təxəyyülü də o ssenarilərə əlavə olunur. Yəni indi dəhşətli bir cinayətin üstü açılmayıb. Biz məsələnin təxminən belə olduğunu onsuz da bilirdik. Amma mən də bu fikirdəyəm ki, "mətbəx sirrləri"nin açılması etika və peşəkarlıqdan uzaqdır. Gərək bu olmayaydı. Xüsusən də qadına qarşı! Bu toplum qadına qarşı nə qədər amansızdır, riyakardır, barışmazdır... Mən şübhə etmirəm ki, bunu edən kişilərdir. Və məhz buna görə də Xoşqədəm Hidayətqızının yanında olduğumu bəyan edirəm! Klaviaturanın qarşısında əyləşib bir qadını aşağılayıcı tonda müzakirə etməzdən öncə, bir özünüzə baxın, düşünün, buna haqqınız çatırmı? Kimsiniz siz? Siz bir qadından nə qədər öndəsiz, nə qədər ağıllısız, nə qədər uğurlar əldə etmisiz? Bu ölkə, bu xalq üçün daha xeyirli, daha gərəkli nə etmisiz? Cavab verə bilərsinizmi? Etiraf etməyə hazırsınızmı? Ədalətli olmağa gücünüz çatarmı?..”

Media eksperti Zeynal Məmmədli bildirib ki, bu məsələdə nə X.Hidayətqızı, nə də telekanaldan ayrıca danışmaq olmaz:

“Bu tipli hadisələrə “milçək və çirkab” kateqoriyasından baxmalıyıq. Bütün bunların nəyin nəticəsidir və nədən yaranırlar? Biz milçəkdən yox, çirkabdan danışmalıyıq. Bu tip verilişlərlə bağlı yayılan belə videolar sensasiya xarakterli deyil. Önəmli olan bu məsələlərin efirə gedən verilişdə xüsusi çəkisi, aldadılmanın dozasıdır. Kadr arxasında olanlarla nəticə çıxara bilmərik. Çünki Azərbaycan reallığında həqiqəti deməklə yox, bəzəmək, uydurmaqla diqqət çəkmək imkanları genişdir. Məhdudiyyətlər reytinq yarışını xəstə yönə salıb. Media bu məsələnin üstünə getməklə, özü növbəti reytinq çalasına düşür. Biz çirkabdan danışmaq əvəzinə milçəkdən danışırıq. Məsələnin kökünün nə Xoşqədəmə, nə də ATV-yə aiddiyyatı var. Bu məsələ bizim Azərbaycan reallığına aiddir”.

Milli.az saytının baş redaktor müavini Elçin Alıoğlu bu görüntülərdə hər hansı araşdırma, jurnalist tədqiqatının görünmədiyini deyib:

“Birinci video həvəskar şəkildə montaj edilib. Lakin düşünmürəm ki, bu videolar həvəskar çəkilişdir. Lakin hesab etmirəm ki, həmin videolar üzərində bu cür “tənqid”, “müzakirələr” hansısa verilişin məzmununun inkişafına xidmət etsin. Xoşqədəm xanımın verilişi formatında olan verilişinlər qonşu ölkələrdə də geniş yayılıb və xüsusi reytinqli verilişlər hesab edilir. Məsələni araşdırmamışam, bir-iki videogörüntü ilə də fikir yürütmək istəmirəm. Sadəcə onu deyə bilərəm ki, bu mənə hər hansı jurnalistin araşdırma aparmaq naminə tədqiqatını xatırlatmır və bu təsiri yaratmır”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə bu verilişlərin səhnələşdirilməsi və teatrlaşdırılmasının məlum olduğunu deyib:

“Bu konsepsiya ilə dünyanın bir çox ölkələrində verilişlər yayımlanır. Onların hamısı reytinq üçün xüsusi olaraq dramatikləşdirilir və teatrlaşdırılır. İstənilən ölkədə yayımlanan bu tip verilişlərin kadr arxasını yaysalar, çox şeylər üzə çıxır. Xoşqədəm Hidayətqızı ilə bağlı məqamda mətbəx sirri yayılıb. Bildiyimizə görə də, arxiv yalnız televiziyadadır. Düzdür, həmin verilişin yayımlandığı telekanalın rəhbərliyi bunun onlara aidiyyatı olmadığını deyir. Lakin bu heç kim inanmaz. Çünki arxivlərə necə nəzarət edildiyini, yalnız telekanal rəhbərliyinin icazəsindən sonra ondan istifadə mümkün olduğunu bilirik. Bu hadisə telekanalın keçmiş əməkdaşı ilə hesablaşması kimi qiymətləndirilir. Xam materialın hamısına baxmadığıma görə prosesi dəqiq qiymətləndirə bilmirəm. Hər hansı hissə montaj edilə bilər. Bu mənim üçün təəccübləndirici olmadı, bu verilişin əksər hissəsinin qurma olduğunu bilirdim. Düzdür, müəyyən əziyyət var, amma tamaşaçını saatlarla efir qarşısında saxlamaq üçün teatrlaşdırma var. Bu veriliş hansı telekanalda yayımlanıbsa, məsuliyyət də onların üzərindədir”.

Yazıçı Səfər Alışarlı kadr arxası söhbətlərin bu qədər müzakirəyə çıxarılmasını doğru hesab etmədiyini bildirib:

“Xoşqədəm xanımın əleyhdarlarının çoxluğu yeni deyil. İllər boyu televiziyada işləyən məşhur aparıcı olasan, efirin tələblərinə cavab verən fərdi keyfiyyətlərin, şəxsi həyatda uğurların ola, qəsdinə durmasalar, reallıq çox bayağı və ədalətsiz görünər. Qəribə orasıdır ki, ictimaiyyətin tanınan və tanınmayan bəzi isimləri məkan televiziyalarında həqiqət dozasını müzakirə etməyə yenə də “Səni axtarıram” verilişindən başlayır. Adətən bu qisim tok-şoularda dramatizmə xidmət edən elementlərdən heç bir aparıcı, prodüser vaz keçmir. Bildiyim qədərində “Səni axtarıram” verilişinə edilən müraciətlər özlüyündə bu faciəvi məqamlarla doludur, onları əlavə dramatikləşdirməyə ehtiyac yoxdur. Sadəcə, uğursuz ifadə edilmiş hər hansı bir replika (Özü də efirdən kənarda!) bu qədər basqılara əsas vermir”.

Jurnalist həmin görüntüləri vicdansızlıq adlandırıb:

“Həmkar olsa da deməliyəm ki, gördüyü iş pis hərəkətdi. Bir insanın problemindən şou yaratmaqla reytinq, hətta ad-san, təltif də qazanmaq olar. Amma bu, həm də günah qazanır. Vicdansızlıqdı. Ayıb işdi. Peşəyə ləkə vurmaqdı. Olmaz belə. İyrənc həm də onlara efir verənlərdi. Hamısı fırıldaqçıdır”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/175878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR