Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Belfastda eniş

Belfastda eniş

Date: 14 November 2016 14:57

Gözlənilməz təklifdən doğan  səfər sərgüzəşti idi bu. Çoxdandı “Biləcəridən o tərəfə çıxmırdım”.


- Tural, salam. Səfərə çıxmaq istəmirsən?

- Baxır hara və kiminlə...


Düzünü deyim, həmkarlarımın gözlənilməz xəbərindən bir qədər duruxmuşdum. Bir anlıq nə cavab verəcəyimi də qətiləşdirə bilmədim. Söhbətimizin xoş axarı, əslində, daha meyilli olduğum “ok” cavabına gətirib çıxarmışdı. Niyə də yox...?


Bu təklif, həm də “paslanmaqda olan” səfər jurnalistikasının “pasını atmaq” üçün, yerində və zamanında “atılan pas idi”. Çoxdandı klaviaturaya təəssürat hisslərinin diqtəsi ilə toxunmurdum.


Milli komanda ilə əvvəllər də eyni səfərin duyğularını yaşamışdım. Nədənsə, bu dəfə tamam fərqli olacağına əmin idim. Bəlkə də, son vaxtlar millinin bizə ərməğan elədiyi özünəinam hissindən doğan rahatlıq idi bu.


9 nəfərdən ibarət jurnalist qrupu futbol tariximizdə ilk dəfə 3 oyundan  7 xalla 2-ci pillənin sahibi olan komanda ilə yola düşürdü. Sanki, bu amil təyyarə ilə münasibətləri heç də mehriban olmayan birini cansıxıcı yolçuluq qayğısından da azad eləmişdi.


Hava limanında hal-əhval tutduğumuz futbolçuların oyunla bağlı fikirlərində maraqlı məqamlar az deyildi. Təcrübəli kapitan Rəşad Sadıqovdan tutmuş, komandanın gənc futbolçularınadək hamı məsuliyyəti dərk etdiyini deyir, yarış cədvəlindəki durumdan qaynaqlanan psixoloji basqıya güc gəlməyə çalışdığını bildirirdi. Hiss olunurdu ki, bu, əvvəlki təsnifat oyunlarına olan yanaşma deyil. Milli Belfasta ən azı, uzun fasilədən sonra “diriltdiyi ruhu” qorumaq,  çətin səfərdən uğurlu nəticə ilə qayıtmaq əzmi ilə, bir sözlə, böyük ümidlərlə yollanırdı.


Elə onun arzuları, hava gəmisinin ölçüləri ilə də uzlaşırdı. “Boinq 787 Dreamliner”in göyərtəsində “öldürdüyümüz” təxminən 7 saatlıq zamana heyfim gəlmir. Təyyarə ilə səfərə çıxanların hamısına belə rahat uçuş arzulamaq istəyimi isə, “boğa bilməzdim”.  


Baxmayaraq ki, sərt təbiətli Belfasta ilk qədəmimiz də, bir qədər sərt alındı. 7 saata yaxın rahat uçuşun son akkordları az qala minor notlara köklənəcəkdi. Sanki, yatanları oyatmaq istəyən gəmi kapitanı isə, alqış payından məhrum olduğuna görə, özünü qınaya bilərdi. “Eybi yox, əvəzini Bakıda çıxar” – düşüncəsi ilə gülərüz ekipaj üzvlərindən ayrılıb, nəhayət Belfastla görüşmək zamanı idi.  Kimi 7 saat tüstüyə həsrət ciyərlərini “iztirabdan qurtarmağa” tələsir, kimi isə təmiz irland havasını sinəsinə çəkməyə. Leysan da, “nəm çadrasını” şəhərin üzərinə çəkmişdi. Azacıq ləngiməklə  təpədən-dırnağadək islanmaq təhlükəsini bizi otelə aparacaq mikro-avtobusla məsafənin azlığı xilas etdi.


Laqanın yarıya böldüyü tarixi şəhər


Laqan çayının yarıya böldüyü Şimali İrlandiya paytaxtı Avropanın böyük şəhərləri siyahısına aid deyil. Amma 600 minə yaxın əhalisi olan Belfastın söykənəcəyi zəngin tarixi var. Bünövrəsini tunc dövründən götürən şəhər, əsasən, 12-ci əsrdən sonra tarix səhifələrində adından söz etdirməyə başlayıb. Yaddaşlara isə, daha çox, məşhur “Titanik” gəmisi ilə iz salıb. Əsrin ən böyük qəzalarından birini yaşayan həmin möhtəşəm gəmi, 1912-ci ildə  “son mənzilə yola düşmək üçün”, məhs ərsəyə gətirildiyi Belfastdan Sauthemton limanına yan almışdı.  


Tarixin mamır bağlamış xatirələrini bu günədək daşıyan nimdaş divarları, Belfastı turistlərə sevdirən əsas keyfiyyətlərindəndir. Şimali İrlandiya paytaxtı, əksər Avropa şəhərlərinə xas olan orta əsrlər və müasir həyatın təzadlı sintezi ilə könüllərə yol tapmağa layiqdir. Soyuq tinlərdə, meydanlarda ürəyinin giziltisini, harayını bölüşən musiqiçilərin kövrək nəğmələri ilə, isti kafe və barların şüşələrindən süzülən şən qəhqəhələr kimi.


Elə sakinləri haqqında da birmənalı fikir yürütməkdə çətinlik çəkirəm. Daha çox işgüzar təsir bağışlayan irlandiyalının həftəsonuna qədər haradasa “vaxt öldürdüyünə” az rast gələrsən. Hazırda Londonda yaşayan həmkarımız Toğrul Bağırovun sölədiyi kimi: “Britaniyada az işləməklə dolana bilməzsən. Burada avaralıq eləmək olmur”. Heç, son günlərin “siyasət tramplinində” Şimali İrlandiya paytaxtının da yırğalandığını demək olmazdı. Şəhərin küçələrində ABŞ-ın yeni prezidenti Donald Trampın qələbəsinə özünəməxsus yanaşmalara rast gəlinsə belə. Həmkarım Elşən Məmmədovun yumor hissini oxşayan bu mənzərə deyəsən başqaları üçün elə bir maraq kəsb eləmirdi. Sadə irland öz hayında idi.


Səhərlər Belfast küçələrindəki qələbəliyin də sadə izahı var: hamı işə tələsir. Bir saatı üçün minimum 7 funt  (bizim pulla 14 AZN) qazanan belfastlıya qibtə eləməyə də dəyməz. Dükan-bazarlardakı qiymətlər rahat nəfəs almağa əsas vermir. Bizim pulla təxminən 30 manata yediyi ət parçasının üstündən 8 manatlıq pivə içən Belfast sakininin daha çox həftə sonlarında baş qaldıran aqressivliyini anlamaq olar. Şər qovuşana qədər hətta sən toxunsan belə, “sorry”sini əsirgəməyən nəzakətli irlandın içkili üzünü görməyəsən.


Belə də, yox...


Futbol oynamağa içkili çıxmasalar da, noyabrın 11-də Şimali İrlandiya futbolçularının da üzünü görməsəydik yaxşıydı. 20 minlik “Windsor Park” da baş verənləri birlikdə izlədiyimizdən, incəliyə varmağa ehtiyac duymuram. Sadəcə, görüş boyu əzəmətli şüarlarıyla dəstəyini əsirgəməyən “ağ-yaşıl torsida”nın təzyiqindən çəkinməyən “Milli dəstə”nin komandanı ruhlandırmaq cəhdlərini vurğulamaq istəyirəm. Avropada yaşayan tələbələrimizin üstünlük təşkil etdiyi təxminən 150 nəfərlik azarkeş qrupu Şamil Mustafayevin rəhbərliyi ilə oyun boyu varlığını hiss etdirməyə çalışdı. Milli də buna çalışırdı. Əlbəttə, “xeyirlə şər qardaş olduğu kimi”, uğurla uğursuzluq da idmanda “qol-qola gəzir”. 3 oyundan 7 xal toplayan millinin məğlubiyyəti gözlənilən idi. Amma, belə də yox. 4-cü oyunda “yediyi” 4 tutarlı sillə, yəqin ki, futbolçuları eyforiyadan ayıldacaq.


“Gözə gələn” "Dreamliner"


Sən demə, gözə gələn tək milli komandamız deyilmiş. Bizi qarşıda daha bir “sürpriz” gözləyirmiş. Hələ ki, bundan xəbərsiz halda, tələsik hava limanına yollanan  yorğun nümayəndə heyətinin təyyarədə mürgüləmək arzusu “gözündə qaldı”. 4 gün yalnız Belfast aeroportunu deyil, yerli mətbuatın səhifələrini də bəzəyən təyyarəmiz nasazlıq üzündən uça bilmirdi.


AFFA rəhbərliyinin operativ tədbirləri təxminən 9 saatlıq ləngiməni hava limanında deyil yaxınlıqdakı oteldə arxada qoymaqla nəticələndi. Ertəsi gün nasazlığı aradan qaldırılan "Dreamliner"in göyərtəsində Bakıya qayıdarkən əks istiqamətdə yolumuzu xatırladım. Bu dəfə deyəsən “bir az aşağıdan uçurduq...”


Tural Xudiyev


















Tags:  Belfastda eniş

RƏYLƏR


Top news