Stalinin yol verdiyi səhvlər: Uçuruma gedən yol – FOTOLAR

Stalinin yol verdiyi səhvlər: Uçuruma gedən yol – FOTOLAR
17:18 14 Noyabr 2016
124 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hitlerin 1941-ci ilin 22 iyununda SSRİ-yə hücumu zamanı sovet imperiyasının qısa müddət ərzində ağır itkilər verməsi bolşeviklər ölkəsi rəhbərliyinin, o cümlədən İosif Stalinin müharibə ərəfəsindəki diplomatik uğursuzluğundan irəli gəlirdi. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri vardı.

Publika.az SSRİ rəhbərliyinin İkinci Dünya Müharibəsi ərəfəsində yol verdiyi diplomatik səhvləri təqdim edir:

İlk öncə qeyd edək ki, Fransanın İkinci Dünya Müharibəsində məğlub olması Hitler və Mussolininin balkanlarda ağalığı öz əllərinə almaları üçün mühüm vasitə oldu. Eyni vaxtda SSRİ də Balkan ölkələrində hegemonluğa can atırdı.

1940-cı ilin 12-13 noyabrında SSRİ xarici işlər naziri Vyaçeslav Molotov Berlinə səfər etdi. Səfərdən öncə SSRİ rəhbəri Stalin Molotova danışıqların necə aparılması ilə bağlı dəqiq təlimatlar vermişdi. SSRİ rəhbəri almanlardan Qara dəniz boğazları zonasındakı hərbi dəniz bazaların SSRİ-yə verilməsinə razılıq almağa cəhd edirdi. Bolqarıstanın Sovet İttifaqının maraqları sferasına əlavə etməsi onun üçün ən vacib plan idi.

Sovet imperiyasının xarici işlər üzrə xalq komissarı Berlindəki danışıqların gedişi zamanı dəfələrlə Bolqarıstana sovet “zəmanəti” məsələsini qaldırdı. Hitler isə öz növbəsində Bolqarıstanın belə zəmanətlər haqqında Moskvadan xahiş edib-etmədiyini soruşdu. Təbii ki, Molotov Almaniya fürerinin suallarına qeyri-müəyyən cavablar verməli oldu. Danışıqların sonunda Hitler bu haqda Mussoliniyə məlumat vermədiyi üçün mövqeyini açıqlaya bilməyəcəyini vurğuladı.

Halbuki Hitler İtaliya liderinin Dardaneldə sovet bazalarının olmasının əleyhinə çıxdığını çox gözəl bilirdi.

Danışıqlar uğursuz alındı. Molotov Stalini bu haqda məlumatlandıraraq ciddi uğura nail ola bilmədiyini dedi. Danışıqların uğursuzluğunun əsas səbəbi 1939-cu ilin avqust və sentyabrında olduğu kimi Stalin və Molotovun özlərini oyun qaydalarını diktə edən tərəf hesab etmələri idi.

Almaniya-SSRİ müzakirələrinin nəticəsiz qalmasının digər səbəblərindən biri də sovet rəsmilərinin faşist Almaniyasının yaxın vaxtlarda SSRİ-yə hücum etməyəcəklərinə əmin olmaları ilə bağlı idi. Bundan əlavə, Stalin Almaniyanı dost və tərəfdaş hesab edirdi. SSRİ diktatoru hesab edirdi ki, Hitler Polşa, Bukovina, Baltikyanı ölkələr kimi həmçinin Bolqarıstanı da ona güzəştə gedəcək. Bu, Stalinin ciddi səhvi idi. Almaniya SSRİ-ni reyxin ən əhəmiyyətli maraqları zonasına - Bolqarıstana, Rumıniyaya və Qara dəniz boğazlarına buraxmağa hazırlaşmırdı.

Nəzərə almaq lazımdır ki, böyük dövlətlər tərəfindən güclü diplomatik təzyiqə baxmayaraq, bolqar çarı III Boris bu və ya digər qruplaşmaya yaxınlaşmağa tələsmir və gözləmə mövqeyini tuturdu. 1940-cı ilin 17 noyabrında Bolqarıstanın çarı Hitlerin iqamətgahına gəldi. O, müharibəyə hazırlıqsızlığını əsas gətirərək “Üçlər paktı”nı imzalamaq niyyətində olmadığını dedi. Beləliklə, alman tərəfinin şantajına baxmayaraq, Hitlerin Bolqarıstanı öz koalisiyasına cəlb etmək planı həyata keçmədi.

Bununla belə Hitlerlə Borisin görüşü rəsmi Moskva tərəfindən də kəskin narazılıqla qarşılandı. Molotov bolqar səfirinə SSRİ-nin Rumıniya kimi Bolqarıstanın da faşistlərin əlində oyuncaq dövlətə dözməyəcəyini bildirdi. SSRİ-nin dövlət rəsmisi bolqar hökumətinə Sovet İttifaqı ilə qarşılıqlı yardım haqqında müqavilə bağlamağı təklifini irəli sürdü.

Lakin bolqar tərəfi sovet təklifini tərəddüdsüz rədd etdi. Bu ölkənin rəhbərləri Baltik dövlətləri nümunəsini əsas götürərək başa düşürdülər ki, SSRİ ilə belə sazişin imzalanması sovetlər birliyinin mütəmadi olaraq Bolqarıstanın daxili işlərinə müdaxiləsi ilə nəticələnəcək. Bu baxımdan bolqarları öz tərəflərinə çəkmək istəyən sovet diplomatiyasının bütün cəhdləri uğursuzluğa düçar oldu.

Çar Boris qərarını buna əsaslandırdı ki, onun qarşısında bundan əvvəlki – vədinə etibar etməyin mümkün olduğu Rusiya imperiyası dayanmır. Sovet İttifaqından hər şey gözləmək olar. 1941-ci ilin 2 martında Bolqarıstanın “Üçlər paktı”na birləşməsi haqqında rəsmi məlumat dərc edildi. Həmin gün alman qoşunları Yunanıstandakı alman qruplaşmasına kömək göstərmək məqsədi ilə Bolqarıstanın ərazisinə daxil oldu.

Belə olduqda Stalin dilemma qarşısında qaldı. O, ya tezliklə hərbi əməliyyatlara hazırlığa başlamalı, ya da diplomatik yollarla hərbi qarşıdurmadan qaçmalı idi. Lakin SSRİ ordusunun rəhbərliyi elə Stalinin apardığı repressiyalar səbəbindən başsız qalmışdı. O, buna görə də ikinci yolu – Hitlerin yumşaldılması siyasətini seçdi.

1941-ci ilin yazında Almaniya Balkanlarda hakim mövqeyə sahib oldu. Yuqoslaviya regionun yeganə dövləti idi, hitlerçilərin təntənəli zəfər yürüşlərinə öz ərazisində imkan vermirdi. Elə həmin ilin 3 aprelində Yuqoslaviya rəhbərliyi SSRİ-yə rəsmi şəkildə müraciət edərək sovet hərbi birləşmələrinin öz ərazisinə yeridilməsi təklifini irəli sürdü. Lakin Stalin Yuqoslaviyanın köməyinə gələ bilmədi.

Bundan başqa, 1941-ci ilin 8 mayında xarici işlər xalq komissarının müavini A.Vışınski Yuqoslaviya səfirinə bildirdi ki, sovet hökuməti Yuqoslaviyada sonrakı fəaliyyət missiyası üçün hüquq əsas görmür.

Stalinin xarici siyasəti ona səbəb oldu ki, SSRİ bəşər tarixinin ən qanlı müharibəsi ərəfəsində müttəfiqsiz qalmışdı. Dünyanın heç bir ölkəsi kommunist rejimi ilə əməkdaşlıq etmək istəmirdi.

Anar Tağıyev


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/175907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR