Bölgələrdə analoq yayımı nə zaman dayandırılacaq?

Bölgələrdə analoq yayımı nə zaman dayandırılacaq?
18:12 14 Noyabr 2016
131 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bölgələrdə analoq yayımı bu ilin sonuna qədər, hətta ola bilsin ki, 2017-ci ildə dayandırıla bilər".

Milli.Az bildirir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
 
O bildirib ki, bölgələrdə analoq yayımın dayandırılmasının ləngiməsi dekoderlərlə bağlı ola bilər: "Ola bilsin ki, ayrı-ayrı bölgələr üzrə analoq yayımın dayandırılması ilə əlaqədar vaxt müəyyənləşdirək. Çünki bazar iqtisadiyyatının şərtlərinə görə, dekoderləri vətəndaşlar özləri almalıdırlar. Amma birdən-birə bu proses ölkə miqyasında olsa, kifayət qədər dekoder tapılmaya bilər. Lakin biz yenə də qəbul etdiyimiz qərara uyğun hərəkət edəcəyik. İstəmirik ki, dekoderlərin qiyməti qalxsın. Bir qədər əvvəl dekoderlərin qiyməti qalxdı, vətəndaşlar lazım olanda onları əldə edə bilmədilər. Bu məsələ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırılıb. Bu iş birbaşa vəzifəmiz deyil. Düşünürəm ki, ciddi problem olmayacaq".
 
"Milli Televiziya və Radio Şurası hələ bir neçə il bundan qabaq analoq yayımının dayandırılması ilə bağlı kifayət qədər konfranslar keçirib, maarifləndirmə işləri aparıb. Biz analoq yayımın daha tez dayandırılmasını istəyirdik. Çünki bu həm də bir imic məsələsidir. Biz sosial cəhətdən problemi olan insanlarla bağlı Nazirlər Kabinetinə müraciət etmişdik. Ona görə bu məsələ bir qədər uzandı, amma nəhayət qərar verməli idik. Çünki Beynəlxalq Telekommunikasiya İttifaqının da tövsiyəsi belə idi ki, 2015-ci ilin iyun ayında artıq bütün ölkələr analoq yayımı dayandırmalı idi. Amma yenə də əhalinin müəyyən hissəsinin vəziyyətini nəzərə alaraq, bunu daha gec etməyə qərar verdik və nəhayət ki, bu il qərar verdik. Həm də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"na əsasən, analoq yayım bu ilin sonuna kimi dayandırılmalı idi. Biz də həmin proqramın icrasını həyata keçirmək üçün belə bir qərar verdik. Artıq Bakı və Abşeron yarımadasında analoq yayımı dayandırılıb. Bizi qınayanlar deyirlər ki, biz əvvəlcədən hazır olmadıq. Artıq 3 ilə yaxındır ki, bu proses gedir. Ölkədə çoxlu sayda vətəndaş kabel şəbəkəsinə, peyk antenalarına qoşulub. Əhalinin böyük bir hissəsi bu prosesə hazırdır", - deyə MTRŞ sədri qeyd edib.
 
Qeyd edək ki, noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb. Bakı şəhəri və Abşeron yarımadasında yalnız rəqəmli TV yayımı həyata keçirilir. Növbəti mərhələdə respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə MTRŞ-da qərar qəbul edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/489349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR