Səməd Qurbanov: “Bizimkilər Şimali İrlandiya ilə oyunda tez “sındılar”, oyunçularda qələbə ruhu yox idi”

Səməd Qurbanov: “Bizimkilər Şimali İrlandiya ilə oyunda tez “sındılar”, oyunçularda qələbə ruhu yox idi”
18:29 14 Noyabr 2016
103 Digər
Ölkə mətbuatı
A- A+

“Şimali İrlandiya ilə matçda uşaqlarda qələbə ruhunu görmədim. Komandadan ən azı heç-heçə gözləyirdim, toparlanıb oynamaq lazım idi. Hörmətli prezidentimiz İlham Əliyevin çıxışından, “Mən millimizə güvənirəm” sözündən sonra onlar ikiqat hazırlaşmalıydılar, dəridən-qabıqdan çıxıb yaxşı oynamalıydılar. Ancaq onlarda o hissiyyatı, canfəşanlığı görmədim”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, tanınmış futbol veteranı, “Neftçi”nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov deyib.

 

Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. İlk 3 matçda 7 xal toplamaqla, azarkeşləri ümidləndirən yığmamız Robert Prosineçkinin millimizdəki fəaliyyəti dövründə ən ağır məğlubiyyətini alıb. Komandamızın Şimali İrlandiyaya 0:4 hesablı məğlubiyyətini şərh edən sabiq yarımmüdafiəçi bildirib ki, darmadağını gözləmirmiş: “Hiss olunurdu ki, rəqib meydana qələbə üçün çıxıb. Bizimkilər nə isə “sındılar”, ev sahiblərinin hazırlığına “dözmədilər”. Rəqib də hiss elədi ki, komandamız üzərində qələbə qazana bilər və bunu rahat bacardı”.

 

S. Qurbanovun sözlərinə görə, məğlubiyyətdə baş məşqçi Robert Prosineçkinin qalib heyəti dəyişməsi öz sözünü deyib: “Heyət xoşuma gəlmədi. Tək mən deyil, bəlkə futbolu başa düşən insanlar da bu haqda düşünürlər. Komandada da lazım olan hissi görmədim”.

 

Klubunda oynamayan Emin Mahmudov, “Qarabağ”da o qədər də çox şans qazanmayan Əfran İsmayılovla, Arif Daşdəmirov start heyətində meydana çıxsa da, Dmitri Nazarov ilk dəqiqələrdən meydanda olmadı. Veteran futbolçu bildirib ki, milliləşdirilmiş qazaxıstanlı yarımmüdafiəçi ilk “11-lik”də oynamalı idi: “Nazarov meydana sonradan çıxdı. Hiss olunurdu ki, bu, komandada nə isə edə bilər. Onu əvvəldən meydana buraxmaq lazım idi. Pis oynayardısa, sonradan əvəz edərdi. Yəqin ki, Robert Prosineçki bunun səbəbini özü bilir. Ona irad tuta bilmərəm”.

 

S. Qurbanov Ukrayna çempionatından milliyə çağırılan Pavel Paşayevin komandada “axsayan” müdafiənin sol cinahında istifadə edilməməsinə də münasibət bildirib. O, həmçinin Rəşad Sadıqovun yoxluğunda onun mövqeyində çıxış edən Maksim Medvedevin başından xəsarət alıb, qarşılaşmanı belə davam etdirməsindən və kapitanın görüşü kənardan izləməsindən də danışıb: “Rəqibin heyətində də başısarıqlı oynayan vardı. Ancaq o qol vurdu, bizimki qol buraxdı. Maksim nə isə hiss etsəydi, əvəzlənmək istəyərdi. Amma belə oynamağın, ağrı ilə mübarizə aparmağın özü də qəhrəmanlıqdır. Sonadək oynadı. Rəşadın yoxluğuna gəlincə, bu böyük hesablı məğlubiyyətdə rol oynamış ola bilər.. Onun meydanda olmağı komandanın biləyi kimidir. O, oynasaydı, Bədavi Hüseynovla bir-birini yaxşı başa düşərdilər. Sadıqov meydanı yaxşı görür, uşaqları sakitləşdirə, onlarla dil tapa bilir. Onun yoxluğunda Şimali İrlandiya ilə matçda lider yox idi. Rəşad yox idi, elə bil komanda başsız qalmışdı”.

 

Təcrübəli mütəxəssis qapımıza 4 qolun vurulmasında kimdən narazı qaldığını da açıqlayıb. O bildirib ki, hesabın belə alınmasında yağışın da az rolu olmayıb: “Rəqibin bütün ötürmələri təhlükəli idi. Başla yaxşı oynayırdı. Komandamızın matçın gedişində tempə dözməyəcəkləri, qol buraxacaqları hiss edilirdi. Bu da oldu. Bizim komanda da qol şansı yaratdı. 2-3 epizoddan birini qola çevirsəydilər,  başqa hesab qeydə alına bilərdi”.

 

S. Qurbanov Belfastda millimizdə debüt edən Dəniz Yılmazın oyunundan da razı qalmayıb. O bildirib ki, “Bursaspor”un şərəfini qoruyan hücumçu meydanda çox yersiz hərəkətlər edirdi: “Oyunçularla, hakimlərlə çox mübahisə edirdi. Amma sən birinci dəfədir ki, yığmada oyuna çıxırsan. Burada özünü göstər, komandada öz yerini möhkəmlət, sonra “hərəkətləri”ni et. Hər dəqiqə, hər saniyə danışırdı”.

 

Robert Prosineçki matçdan öncə keçirilən mətbuat konfransında futbolçuların boylarının qısalığından şikayətlənib. Zarafatyana onların boyunu uzada bilmədiyini də qeyd edib. Veteran futbolçu isə bu məsələni zarafata salmaqdansa, başqa bir yol tapmağın zəruriliyindən söz açıb: “Bu fikirləri eşidəndə biz oynayan dövrdə baş vermiş bir hadisə yadıma düşdü. Ulu öndərimiz Heydər Əliyev bir dəfə biz oynayan vaxt komandanı kabinetinə çağırmışdı. Orada bizə bir balaca irad tutdu ki, yaxşı oynamaq lazımdır, camaatın gözü sizdədir. Əhməd Ələsgərov da həmin vaxt ayağa qalxdı ki, Rusiya, Ukrayna futbolçularının hamısı hündürboydur, Azərbaycan milləti bir az balacaboydır. Rəqiblər də bu səbəbdən “ikinci mərtəbə”də yaxşı oynayırlar. Bu zaman ulu öndər ayağa durdu və dedi ki, millət deyirsən, yaxşı bax, məgər mən balacayam? Rəhmətlik Sergey Kramarenkonu qaldırdı və soruşdu ki, bunun boyu balacadır? Dedi ki, futbol oynamaq lazımdır, iş boyda deyil. İndi “Barselona”nı götürək. Orada futbolçuların çoxunun boyu 165-168 santimetrdir. Mənə elə gəlir ki, boy məsələsini önə çıxarmaq düzgün yanaşma deyil”.

 

Tarixboyu futbolçularımız uca boyları ilə seçilməyib. “Sizin futbolçu kimi çıxış etdiyiniz vaxtlarda boyda uduzduğunuz rəqiblərlə necə mübarizə aparırdız” sualını cavablandıran “Neftçi” rəsmisi bildirib ki, həmişə ucaboylu futbolçular qısaboylulardan qorxublar: “Çünki balacaboylularda texnika həmişə üstün olub. Məsələn, onlar bir addım atanda, biz üç addım atırdıq. Əgər “göy”də oynaya bilmirsənsə, yerdə oyna. Bu məsələdə Prosineçki ilə razılaşmıram”.

 

Şimali İrlandiya ilə görüş yığmamızın 2016-cı ildə son matçı olub. DÇ-2018-in ilk 4 turunu dəyərləndirən S. Qurbanov komandamızın 7 xal qazanmasını müsbət qiymətləndirib və növbəti matçlarda qələbələrə inam ifadə edib. O, həmçinin Almaniyanın vahid lider olacağı qrupumuzda ikinci yerə Azərbaycanı şanslı sayır.

 

Uzun illərdir yığmanın əsas baza klubu sayılan “Neftçi” yenə millinin oyununda təmsil olunmadı. Düşərgəyə çağırılan Araz Abdullayev və Rəhman Hacıyev Belfastda şans qazanmadı. “Neftçi” kimi bir klubun yığmadakı durumunu necə qəbul etdiyi barədə danışan qonaq bildirib ki, oyuna buraxmayacağı oyunçuların komandaya cəlb olunmasının səbəbini bilmir: “Onların ikisi də hazır futbolçudur. Onları yarımmüdafiədə oynada bilər. Belə vəziyyət mənə pis təsir edir”.

 

Ümumiyyətlə ölkənin ən titullu klubu olan “Neftçi”nin bugünkü vəziyyətini qənaətbəxş saymayan mütəxəssisin sözlərinə görə, tezliklə hər şey öz yoluna düşəcək: “Hamı bilir ki, 6 legionerimiz əvəzedici heyətə göndərildi, onlardan biri (Dario Melnyakı nəzərdə tutur - red) burada dözməyib getdi. Mən öncədən də bu legionerlərin bizə lazım olmadığını demişdim. Öz uşaqlarımıza imkan yaratmaq lazımdır. Yerli uşaqlar da “İnter”lə matçda sübut etdilər ki, hər bir komandanı udmaq olar”.

 

Daim çempionluq uğrunda oynayan komanda hazırda sonuncu olmamaq üçün çabalayır. Vəziyyətdən çıxış yollarından danışan S. Qurbanov bildirib ki, bir qədər öncə klubun “sükanı arxasına” gətirilən E. Abdullayev “Neftçi”ni çətin vəziyyətdən çıxaracaq: “Yaxşı oynadıqda futbolçuları tərifləyirlər, pis çıxış etdikdə isə rəhbərliyi pisləyirlər. Tarixi komandanın turnir cədvəlinin sonunda getməsini kim istəyər? 1-2 aya görəcəksiz ki, “Neftçi” keçmiş günlərinə qayıdır. Qış fasiləsində 4-5 yaxşı futbolçu tapıb, transfer edəcəyimizə güvənirik. Komandamızda hazırda lider, aparıcı qüvvə yoxdur. Bunu istəyirik. Biz də öz dövrümüzdə liderə baxıb, oynayırdıq. Sonra biz gəldik, bizə də kimsələrsə baxdı. Bu olmadıqda, komanda meydanda başlı-başına qalır”.

 

S. Qurbanov Elxan Abdullayevin həm yığmada, həm də “Neftçi”də işləməsinə münasibət bildirib. Onun sözlərinə görə, mütəxəssis maya qədər yaxşı komanda formalaşdırsa, işini “ağ-qaralar”da davam etdirəcək.

 

Əvəzedici heyətə göndərilən legionerlərin taleyinə də aydınlıq gətirən mütəxəssis bildirib ki, onların yerinə olsaydı, ərizəsini yazıb gedərdi: “Makedoniya millisinin kapitanı Vançe Şikov, səni əvəzedici heyətə göndərirlərsə, çıx get ki, mən bu komandaya layiq deyiləm. Gedib əvəzedicilərdə uşaqlarla oynamaqdansa, imtina et, çıx get. Belə olan halda hamı səni alqışlayar”.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259457

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR