Bakıda V Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək

Bakıda V Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək
18:57 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında sərəncam imzalayıb. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir: 

"Böyük tarixi keçmişə malik Azərbaycanın misilsiz mədəni sərvətləri sırasında xalçaçılıq özünəməxsus yer tutur. Milli həyat tərzimizin mühüm amili olan və çoxəsrlik inkişafı boyunca yüksək bədii-estetik keyfiyyətləri ilə seçilən bu dəyərli sənət xalqımızın zəngin dünyagörüşünün, təfəkkürünün və mənəvi varlığının aydın ifadəçisinə çevrilmişdir. 

Dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş ənənəvi Azərbaycan xalça sənətinin beynəlxalq aləmdə təbliği istiqamətində müvafiq işlər uğurla aparılmaqdadır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycanın qədim xalçaçılıq sənəti ənənələrinin qorunub yaşadılmasında, gələcək nəsillərə çatdırılmasında, eləcə də geniş miqyasda tanıdılmasında əhəmiyyətini nəzərə alaraq V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində yüksək səviyyədə təşkilinin təmin olunması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə 2017-ci ilin oktyabr ayında Bakı şəhərində V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun təşkilinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin".

Milli.Az

İlham Əliyev


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/489377.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR