SOCAR-ın Beninin Kotonu limanında terminal inşası müzakirə olunub

SOCAR-ın Beninin Kotonu limanında terminal inşası müzakirə olunub
11:42 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı.15 noyabr. REPORT.AZ/ Azərbaycan energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Burkina Faso və Benin hökumətlərinin dəvəti ilə bu ölkələrdə rəsmi səfərdədir.
“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycanla adı çəkilən Qərbi Afrika ölkələrinin yanacaq-enerji kompleksləri arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı iqtisadi əməkdaşlığın təmin edilməsi məsələləri müzakirə olunur.
SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri Muxtar Babayev, “SOCAR Trading” şirkətinin baş icraçı direktoru Arzu Əzimovun daxil olduğu nümayəndə heyəti noyabrın 13-də Burkina Fasonun Prezidenti Roç Mark Kristian Kabore tərəfindən qəbul edilib. Xarici işlər və energetika nazirlərinin də iştirak etdiyi görüşdə ikitərəfli münasibətlərin inkişafı diqqət mərkəzində olub və səfərin bu sahədə mühüm rol oynadığı vurğulanıb. Noyabrın 14-də baş nazir Paul Kaba Tieba ilə keçirilən görüşdə SOCAR və Burkina Fasonun "SONABHY" dövlət neft şirkəti arasında əməkdaşlığa dair konkret layihələr, bu ölkəyə neft məhsullarının tədarükü, qonşu Beninin Kotonu limanında SOCAR tərəfindən terminalın inşası və bir sıra infrastruktur layihələri müzakirə olunub. Müzakirələrdə “SOCAR Trading” şirkətinin rəhbər şəxslərindən Jan-François Piacentini və Aleksandr Asso da iştirak ediblər. 
Bu gün nümayəndə heyətinin Kotonu şəhərində energetika, su ehtiyatları və mədən sənayesi naziri, maliyyə naziri, xarici işlər naziri və Beninin "SONACOP" dövlət neft şirkətinin rəhbər şəxsləri ilə işgüzar görüşləri planlaşdırılır. 
Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə Qərbi Afrika bazarlarına neft və neft məhsulları təchizatının artırılması və digər enerji layihələrinin həyata keçirilməsi, bu regionda Azərbaycanın siyasi nüfuzunun və SOCAR-ın kommersiya fəallığının artırılması üçün geniş perspektivlərin olması yekdil şəkildə vurğulanır.




Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-in-beninin-kotonu-limaninda-terminal-insasi-muzakire-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR