Gözdən əlillər üçün musiqi məktəbi - REPORTAJ

Gözdən əlillər üçün musiqi məktəbi - REPORTAJ
12:14 15 Noyabr 2016
98 Digər
Ölkə mətbuatı
A- A+

Deyirlər, əlillər daha həssas, həm də daha istedadlı olurlar. Onların musiqi duyumu da fərqlidir. Hisslərini musiqi aləti vasitəsilə ifadə etmək onlar üçün daha asandır...
 
Doğru imiş. Biz də bunun şahidi olduq. 38 saylı gözdən əlil uşaqlar üçün 11 illik musiqi məktəbini 1980-ci ildə Azərbaycan Korlar Cəmiyyətinin sabiq sədri Arif Zeynalov açmışdı. 1993-cü ildən məktəb Mədəniyyət və Turizm Nazirliyinin balansındadır. Hazırda məktəbdə 38 şagird təhsil alır. Nağara, kamança, tar, fortepiano və s. musiqi alətləri tədris olunur.
 
Məktəb elə də böyük deyil, otaqlar kiçikdir. Lakin musiqi ilə məşğul olmaq həvəsi bu narahatlığı qismən unutdurur. Məktəbdə nağara alətini tədris edən Müşfiq Əmirov şagirdlərindən razıdır. Özü də bu məktəbi bitirib. Ali təhsilini başa vurandan sonra könüllü olaraq ansambl tərkibində döyüş bölgələrində çıxış edib. 21 ildir 38 saylı gözdən əlil uşaqlar üçün 11 illik musiqi məktəbində dərs deyir. Yetirmələri müsabiqələrdə, ölkə xaricində keçirilən tədbirlərdə çıxış edirlər: “Mənim dörd şagirdim Türkiyədə çıxış edib. Texnikum, institut bitirəni də var, nağara müəllimi kimi fəaliyyət göstərəni də. Hazırda mənim şagirdlərimdən Tural, Kamal Gözəlov, Zəki, Nicat, “Natiq” ritm qrupunda iştirak edirlər. Onun yanında şagird olan da var. Eləsi də var ki, artıq “bişib”, Natiq müəllim onları tədbirlərə də aparır”.
 
Bundan əlavə, noyabrın 1-də əlillər arasında müsabiqə keçirilib. Müşfiq müəllimin şagirdləri ilk turu uğurla keçiblər. Hazırda 2-ci tura hazırlıq gedir.
 
Bəs şagirdlər nəzəriyyəni necə öyrənirlər? Notları hansı yolla mənimsəyirlər? Təbii ki, Brayl əlifbası vasitəsilə.
 
Şagirdlərdən biri də Nihaddır. 13 yaşı var, musiqi məktəbinin fortepiano şöbəsinin 5-ci sinif şagirdidir. Müsabiqəyə hazırlaşır. Nihad yarışmada iki əsər ifa edəcək. Hansı əsərlərlə çıxış edəcəyini öz dilindən eşidək.  
 
- Fikrət Əmirovun “Vals”ı və Volfhanq Amadey Motsartın “Türk marşı”nı.
- Dərs prosesində ən çox xoşuna gələn nədir?
- Düzünü desəm, hər şey.
- Gələcəkdə də musiqi ilə məşğul olmaq istəyərsən?
- Bəli.
- Müəllim kimi, yoxsa ifaçı kimi?
- İfaçı kimi.
- Yerli bəstəkarların əsərlərini daha çox sevirsən yoxsa xarici?
- Hamısını. Ən sevdiyim əsər Tofiq Quliyevin “Vals”ı, bir də “Qaytağı”dır”.
 
Nihadın müəllimi Ülkər xanım isə 10 ildir bu məktəbdə dərs deyir. Onun sözlərinə görə, şagirdlərin Brayl əlifbası ilə çalışması zaman baxımından nisbətən çətinlik yaratsa da, şagirdlərin dərslərə həvəslə hazırlaşması verilən tapşırıqları rahat mənimsəmələrinə yardımçı olur: “Artıq 10 ildir burada işləyirəm. Gözdən əlil uşaqlar daha istedadlı olurlar. Onların musiqi duyumu daha yüksək olur. Biz Braylla keçirik onlara. Bir az çətinlik bu baxımdan olur. Əsərləri onların bildiyi üsulla yazırıq, sonra öyrənirik. Bu, zaman alır, uşaqlar yorulur. Nihad balamızı bu il hazırlaşdırırıq. Bu il artıq 5-ci sinifdir. May-aprel aylarında hansı müsabiqə uyğun olsa, oraya göndərəcəyik”.
 
38 saylı gözdən əlil uşaqlar üçün 11 illik musiqi məktəbinin direktoru Əsab Əliyev 2008-ci ildən bu vəzifədədir. O qeyd edib ki, məktəbin uğurları az deyil. Şagirdlər istər yerli, istərsə də əcnəbi ölkələrdə keçirilən tədbirlərdə uğurla çıxış edirlər: “İstər Mədəniyyət və Turizm, istər Əmək və Əhalinin Sosial Müdafiəsi, istərsə də Gənclər və İdman nazirliklərinin keçirdiyi festivallarda bizim uşaqlar uğurla çıxış ediblər, laureat, diplomant olublar. Bundan əlavə, hər il Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bizim şagirdlərimiz 23 aprel Uşaq Bayramında çıxış edirlər”.
 
Şagirdlər Moskvada “Belaya trost” müsabiqəsində də iştirak edir və uğur əldə edirlər. Direktor qeyd edib ki, şagirdlər əsasən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbindən qəbul olunur. Bu məktəbin digərlərindən əsas fərqi budur. Əsab müəllim gələcəkdə məktəbdə nəfəsli və simli alətlərin tədris olunmasını arzulayır. Bunun üçün isə məktəbin bir qədər böyük olmasına ehtiyac var.
 
Biz də öz növbəmizdə 38 saylı gözdən əlil uşaqlar üçün 11 illik musiqi məktəbinin şagirdlərinə uğurlar arzu edirik. İnşallah, səsləri böyük səhnələrdən gəlsin!

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259518

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR