Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Milli Qəhrəmanlarımızın unudulmaması üçün təqdirəlayiq addım - FOTO

Milli Qəhrəmanlarımızın unudulmaması üçün təqdirəlayiq addım - FOTO

Date: 15 November 2016 12:37

Bakının 100 məktəbində "Milli Qəhrəmanlar" guşəsi yaradılacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Milli  Qəhrəmanları Tanıtma İctimai Birliyi və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən layihəyə Bakının 100 nömrəli tam orta məktəbindən start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Milli.Az-a verilən məlumata görə, məktəblilərdə hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi, gənclərin çağırışaqədərki hazırlığının yüksəldilməsi məqsədilə təşkil edilmiş "Milli Qəhrəmanlar" guşəsinin açılış mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Binəqədi Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Binəqədi  Rayon İdarəsi,  Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi,  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Binəqədi rayonu şəhid ailələri və Qarabağ əlilləri təşkilatının nümayəndələri, habelə Binəqədi rayonunda yerləşən məktəblərin şagird və pedaqoji kollektivləri iştirak ediblər.

Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Azərbaycanın Milli Qəhrəmanları Bəxtiyar Allahverdiyev, İntiqam Atakişiyev, Zabit Quliyev, Qarabağ  müharibəsi veteranı Mürsəl Qurbanov çıxış edərək Milli Qəhrəmanlarımızın döyüş yollarından bəhs edib, gənclərə  tövsiyələrini veriblər.

Tədbirdə şagirdlər vətənpərvərliyə həsr olunmuş şeirlər səsləndirib və maraqlı rəqs kompozisiyaları nümayiş etdiriblər.

Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı  tərəfindən məktəbin pedaqoji kollektivi və şagirdləri fəxri fərmanlar, Qarabağ  müharibəsi veteranı Mürsəl Qurbanov isə "General Əliağa Şıxlınski" yubiley medalı ilə təltif edilib.

Qeyd edək ki, məktəblilərdə milli qəhrəmanlıq zirvəsinə yüksəlmiş Vətən övladları haqqında daha geniş təəssürat yaratmaq məqsədilə Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin təşəbbüsü ilə 100 məktəbdə "Milli Qəhrəmanlar" guşəsinin yaradılması nəzərdə tutulub.    

Zərif Nisə
Milli.Az





Tags:  Milli Qəhrəmanlarımızın unudulmaması təqdirəlayiq addım FOTO

RƏYLƏR


Top news