2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda

2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda
15:47 15 Noyabr 2016
62 İdman
Ölkə mətbuatı
A- A+

2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən satışda olacaq. Satışa çıxarıldıqdan sonra ilk 2 ay müddətində bilet alan Formula 1 azarkeşləri üçün qiymətlərdə 30 %-dək endirimlər ediləcək.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən www.bakucitycircuit.com saytında onlayn qaydada satışda olacaq. Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq sayca 2-ci Formula 1 yarışının 16-18 iyun 2017-ci il tarixlərində keçirilməsi nəzərdə tutulub.

Bundan başqa, əməliyyat şirkəti biletləri erkən alanlar üçün məhdud sayıda 30 %-dək endirimli 4 günlük biletlər təklif edir. Bu kampaniya 31 yanvar 2017-ci il tarixinədək davam edəcək. Kampaniya bitdikdən sonra biletlər yenidən tam qiymətlərlə satılacaq. Buna görə də, əməliyyat şirkəti azarkeşləri kampaniya qurtarmadan əvvəl 2017 Formula 1 Avropa Qran Prisi üçün bilet almağa çağırır.

Dörd günlük biletlər azarkeşlərə trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 15 iyun tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. Azarkeşlər Pit Yolu yürüşü zamanı komandaların bokslarında mühəndis və digər texniki işçilərin bolidi yarışa necə hazırladıqlarını yaxından görmək fürsətinə sahib olacaqlar.

Bu il Bakıda ilk dəfə keçirilmiş Formula 1 yarışı böyük uğurla baş tutdu. Bu yarış sadəcə dünyada Formula 1-in milyonlarla azarkeşinə Bakının möhtəşəm görünüşünü təqdim etmədi, eyni zamanda, Formula 1-in ən yeni və gərgin mübarizəyə səhnə olan trekini bütün dünya ictimaiyyətinə nümayiş etdirdi. Trekin 7-11-ci döngələrində - İçəri Şəhərin möhtəşəm qala divarları boyunca uzanan Bakının dar küçələrində bolidlərin yüksək sürətlə hərəkəti Formula 1-in bu ilki çempionatının ən yaddaqalan məqamlarından biri oldu. Bununla yanaşı, 2016 Formula 1 Avropa Qran Prisi ən yüksək sürətin qeydə alındığı şəhər treki ünvanına sahib oldu. Belə ki, Williams Martini Racing komandasının pilotu Valteri Bottas Bakıda baş tutan Formula 1 yarış həftəsonu zamanı trekin dənizkənarı boyunca uzanan sürətlənmə hissəsində rəsmi göstərici ilə 366 km/saat sürətlə hərəkət etdi. Rəsmi olmayan rəqəmlərə görə, onun öz bolidini 378 km/saat sürətlə sürdüyü qeydə alınmışdı. Bundan əlavə, yenə Williams Martini Racing komandası Bakıda başqa bir rekorda imza atdı. Komanda Felipe Massanın bolidinə tətbiq etdiyi pit-stop əməliyyatını sadəcə 1,92 saniyədə reallaşdırdı. Bu göstərici 2013-cü ildə ABŞ Qran Prisi zamanı Formula 1 tarixində qeydə alınmış rekord göstərici ilə bərabər oldu.

BŞH-nın icraçı direktoru Arif Rəhimov Formula 1 azarkeşlərini kampaniya çərçivəsində təqdim olunan böyük endirim fürsətindən yararlanmağa çağırır:

"Biz gələn yay Bakıda keçiriləcək 2-ci Formula 1 yarışı üçün biletlərin satışa çıxarılmasını elan etməkdən böyük xoşbəxtlik duyuruq. Formula 1-in Azərbaycana yenidən gəlişindən əvvəl azarkeşlərə biletlərin qiymətində xüsusi endirimlərin təklif olunması bizim üçün olduqca əhəmiyyətlidir. Biz inanırıq ki, bu endirimlər həm yerli, həm də beynəlxalq Formula 1 azarkeşlərinə Bakı yarışına biletləri indidən almaq üçün böyük stimul olacaq. Biz gözəl şəhərimizi və möhtəşəm trekimizi bütün dünyaya nümayiş etdirməyə davam edəcəyimizə görə olduqca çox həyəcanlıyıq və böyük əzmlə çalışırıq ki, bu, Formula 1 mövsümündə qaçırılmayacaq bir yarış həftəsonuna çevrilsin. Ötən yay keçirilmiş yarış sübut etdi ki, Formula 1 və Bakı bir-birinə çox gözəl yaraşır və mən şəxsən bütün azarkeşləri gələn yay 2017 Formula 1 Avropa Qran Prisi üçün Bakıya gələrək möhtəşəm yarış həftəsonunu yaşamağa dəvət edirəm. Gəlin iyun ayında bizimlə birgə yarış həyəcanını keçirmək istəyən azarkeşlərə bir daha səslənirəm ki, bu böyük endirim fürsətini əldən verməsinlər."

2017 Formula 1 Avropa Qran Prisinə müxtəlif qiymətlərdə biletlər təqdim olunur. Bu biletlərə start və finişi yaxından izləmək imkanı verən Abşeron tribunası ilə yanaşı trek boyunca yerləşən, döngələrdə və sürətlənmə hissələrində yarışa tamaşa etmək imkanı verən müxtəlif tribunalar daxildir. Dörd günlük biletlərə əlavə olaraq, 2-15 yaş arasında olanlar üçün Xəzər və Bulvar tribunalarına xüsusi endirimli "gənc" biletləri təklif olunur ki, bu da yarışı ailəvi şəkildə izləmək istəyənlər üçün kampaniya çərçivəsində təklif olunan böyük fürsətlərdən biridir. Bununla yanaşı, yarışı trekin müxtəlif yerlərində yerləşən ayaqüstü zona və platformalardan izləmək istəyənlər üçün bir günlük Ayaqüstü Biletlər təklif olunur. Dörd günlük endirimli biletlərin qiyməti 150 - 550 AZN, bir günlük Ayaqüstü Biletlərin qiyməti isə 60 - 150 AZN arasında dəyişir. Xarici valyuta ilə bilet alanlar üçün biletlərin qiyməti həmin günün məzənnəsinə görə hesablanacaq.

Dünyanın ən böyük avtomobil yarışı zamanı bolidlərin paytaxt Bakının gözoxşayan mərkəzi küçələrində yüksək sürətlə hərəkətini yerində müşahidə etmək istəyənlər üçün 2 ay müddətində böyük endirim fürsətləri təklif edən kampaniya ilə bağlı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bütün Formula 1 azarkeşlərinə müraciəti çox sadədir: Endirim fürsətini qaçırmayın və 2017-ci ildə Bakıda bizimlə birlikdə olun!

2017 Formula 1 Avropa Qran Prisi üçün bilet almaq və Bakıya səfərinizi indidən planlaşdırmaq barədə ətraflı məlumatı rəsmi internet səhifəmizdən əldə edə bilərsiniz: www.bakucitycircuit.com. Daha ətraflı məlumat almaq istəyən media nümayəndələri press@synergy.az elektron ünvanına yazaraq müraciət edə bilərlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR