"Rusiya NATO sərhədlərində güclənməsi üçün başqa qərarlar da verəcək"

"Rusiya NATO sərhədlərində güclənməsi üçün başqa qərarlar da verəcək"
17:22 15 Noyabr 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Ermənistanla birgə qoşun qruplaşmaları yaratması düşünmürəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan üçün hansısa təhdid və təzyiqlər predmeti olsun.

Milli.Az bildirir ki, bu sözləri "525"ə açıqlamasında "Düşüncə" İctimai Birliyinin sədri, "Dailykarabakh" saytının baş direktoru Emil Hüseynli deyib.
 
O bildirib ki, Rusiyanın üzərinə Minsk Qrupunun həmsədr ölkəsi, eyni zamanda bölgədə nüfuzlu dövlət kimi Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında həlli məsuliyyəti düşür: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində onsuz da Rusiya ilə Ermənistan arasında hərbi əməkdaşlığa dair qərarlar var. Rəsmi Moskva dəfələrlə bəyanat da verib ki, bu əməkdaşlıq Azərbaycana qarşı deyil. Düşünmürəm ki, Rusiya regionda yeni bir münaqişə ocağının yaranmasında maraqlı olsun. Sözsüz ki, Azərbaycanın Rusiyadan gözləntisi odur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırsın və bu istiqamətdə beynəlxalq hüququn təməl prinsiplərini qorusun. Ermənistanın qeyri-konstruktiv mövqeyinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiya ilə Azərbaycan arasında intensiv müzakirələr aparılır. Rusiya Azərbaycanın dövlət sərhədlərinin BMT-nin elan etdiyi ərazilər çərçivəsində tanıyır".

QHT sədrinin sözlərinə görə, Rusiya birgə qoşun qruplaşmalarını Ermənistanın ərazisində yaradır: "Dağlıq Qarabağ və ona bitişik 7 rayon Azərbaycanın ərazisidir və orada hər hansı xarici ölkənin ordusunun yerləşdirilməsi Azərbaycanın icazəsi olmadan mümkün deyil. Azərbaycan Silahlı Qüvvələrinin imkanı çatır ki, özü işğalçıları öz torpaqlarından təmizləyə bilsin. Bildiyiniz kimi noyabrın 12-də Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən döyüşdə fərqlənmiş hərbi qulluqçularla görüşündə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çox sərt mesajlar verdi. "Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq" deyən dövlət başçısının bu mesajı Sarkisyan hakimiyyəti üçün ciddi siqnaldır". 

E.Hüseynli bildirib ki, Azərbaycanla Ermənistan arasında müharibənin olacağı təqdirdə Rusiyanın yaratdığı birgə qoşun qruplaşmalarının məsələyə müdaxilə ediləcəyi real görünmür: "Xatırlayırsınızsa, aprel hadisələri zamanı Rusiya diplomatları, hətta Azərbaycanın ziyanına və ya Ermənistanı müdafiə edəcək açıqlamalar vermədi. KTMT-yə üzv olan Qazaxıstan və Belarus Azərbaycanı müdafiə edən mövqe nümayiş etdirdi". 

Ekspert hesab edir ki, Türkiyə NATO ölkəsi olduğu üçün Rusiyanın Ermənistan sərhədlərində öz ordusunu gücləndirməsi də təbii qarşılanmalıdır: "Son dövrlər Rusiya ilə NATO arasında münasibətlər heç də ürəkaçan deyil. Yəni, Rusiya ilə NATO arasındakı münasibətlər daha kəskin fazaya qədəm qoyub. Hətta NATO rəsmiləri on minlərlə hərbçilərini döyüş vəziyyətinə gətirib. Görünür, Rusiya NATO sərhədlərinda güclənməsi üçün başqa qərarlar da verəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/489681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR