Prezident İlham Əliyev: “Bir qarış torpaq da boş qalmamalıdır”

Prezident İlham Əliyev: “Bir qarış torpaq da boş qalmamalıdır”
17:34 15 Noyabr 2016
68 Digər
Ölkə mətbuatı
A- A+

“Bu gün artıq Azərbaycanda 30-dan çox iri fermer təsərrüfatı var və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində bu təsərrüfatlar çox böyük rol oynayır”.

 

Lent.az-ın president.az-a istinadən məlumatına görə, bunu prezident İlham Əliyev “Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) özəl pilot taxılçılıq təsərrüfatının fəaliyyəti ilə tanışlıq zamanı çıxışında deyib.

 

Dövlət başçısı bildirib ki, “Qarabağ Taxıl” təsərrüfatı Azərbaycanda ilk pilot layihədir. Bir neçə il bundan əvvəl təsərrüfat yaradılıb və onun yaxşı göstəriciləri var: “ Mən bu gün vəziyyətlə tanış olarkən gördüm ki, bütün işlər yaxşı səviyyədə qurulub, böyük əkin sahələri artıq istifadədədir. Əvvəllər bu torpaqlardan demək olar ki, istifadə olunmurdu. Bax, o stendlərdəki fotoşəkillər bunu göstərir. Mənə verilən məlumata görə, indi burada ərzaq buğdası üzrə məhsuldarlıq hektardan 57 sentnerdir. Hesab edirəm ki, bu, rekord göstəricidir. Çünki ölkə üzrə orta məhsuldarlıq 30 sentnerdir. Biz bunu da yaxşı nəticə kimi qəbul edirik. Çünki əvvəlki illərdə 20-22 sentner idi. Sizdə isə 57 sentnerdir. Bu, onu göstərir ki, əgər düzgün yanaşma olarsa, bütün məsələləri ən yüksək səviyyədə həll etmək olar. Buradakı məhsuldarlıq demək olar ki, inkişaf etmiş ölkələrin səviyyəsinə yaxınlaşır”.

 

 

 

“Qarabağ Taxıl”nın böyük təsərrüfat olduğunu deyən prezident İlham Əliyev qeyd edib ki, bura böyük investisiyalar qoyulub, o cümlədən dövlət tərəfindən maddi dəstək göstərilib, güzəştli şərtlərlə kredit ayrılıb və bu, dövlət-özəl sektorun birgə fəaliyyətinin nəticəsidir: “Bu gün bu təsərrüfatın fəaliyyəti ərzaq təhlükəsizliyinin təmin olunmasında öz rolunu oynayır. Azərbaycanda ilk dəfə olaraq məhz sizin təsərrüfatınızda soya əkilibdir. Bu da çox müsbət haldır. Əfsuslar olsun ki, əvvəlki illərdə bizdə soya əkilmirdi. Baxmayaraq ki, bu, çox səmərəli sahədir və il ərzində soya idxalı üçün Azərbaycandan xaricə 50 milyon dollardan çox pul gedir. İndi əgər biz özümüzü soya ilə təmin etsək, - qarşıya belə vəzifə qoyulub, - bu pul ölkəmizdə qalacaq. İkincisi isə, biz gələcəkdə soyanı ixrac da etməliyik. Bunun üçün imkanlar var. Siz - kənd təsərrüfatı ilə məşğul olan insanlar bunu yaxşı bilirsiniz.

Beləliklə, biz ərzaq təhlükəsizliyimizi təmin edəcəyik. Bu gün hələ ki, biz buğda ilə özümüzü tam təmin edə bilmirik. Bunun obyektiv səbəbləri var. Ancaq bu hədəfə yaxınlaşırıq. Bununla bərabər, bizim taxılçılıqda böyük ixrac potensialımız yaranmalıdır. Necə ki, biz meyvə-tərəvəz məhsullarını, digər məhsulları ixrac edirik, gələcəkdə taxılçılıq məhsullarını da ixrac etməliyik. Ancaq, əlbəttə, ilk növbədə daxili tələbatımızı ödəməliyik”.

 

 

 

Dövlət başçısının sözlərinə görə, bütün ölkələr ərzaq təhlükəsizliyi ilə bağlı müəyyən narahatlıqlar yaşayırlar. Çünki dünyada əhali artdıqca tələbat da artır, torpaq sahəsi isə artmır: “ Əlbəttə ki, bu artan tələbatı ödəmək üçün çox ciddi addımlar atılmalıdır. Bizim o qədər də böyük torpaq sahəmiz yoxdur. Ona görə biz hər qarış torpaqdan səmərəli istifadə etməliyik. Bir qarış torpaq da boş qalmamalıdır. Digər tərəfdən, biz məhsuldarlığı artırmalıyıq. Qeyd etdiyim kimi, taxılçılıqda ərzaq buğdası hektardan 57 sentnerdir. Əgər ölkə üzrə məhsuldarlıq 40-45 sentnerə qalxsa, biz mövcud olan əkin sahələri ilə öz tələbatımızı ödəyəcəyik. Bəs məhsuldarlıq nədən asılıdır? Düzgün aqrotexniki tədbirlər görülməlidir. Texnika, - sizdə ən müasir, qabaqcıl firmaların texnikası vardır, - gübrələr verilir və iş düzgün təşkil edilməlidir. Dövlət öz tərəfindən nə lazımdırsa onu edir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Dövlət tərəfindən fermerlərə subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər ayrılır, infrastruktur yaradılır. Bax, bu yol dövlət tərəfindən tikilibdir. Digər infrastruktur layihələri, elektrik enerjisi ilə bağlı layihələr də icra olunur ki, emal müəssisələri inkişaf etsin. Dövlət öz dəstəyini göstərir. Belə olan halda işlər daha sürətlə gedəcək”.

 

 

Prezident İlham Əliyev nitqində vurğulayıb ki, bu gün kənd təsərrüfatının inkişafı Azərbaycan üçün prioritet sahədir: “ Biz mövcud torpaq fondundan səmərəli şəkildə istifadə etməliyik. Biz yeni əkin sahələrini dövriyyəyə cəlb edirik və bu istiqamətdə işlər sürətlə gedir. Həm öz tələbatımızı ödəyəcəyik, həm də böyük ixrac potensialımız yaranacaq.

Beyləqan rayonunda kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar, böyük torpaq sahələri var. İndi Beyləqanda pambıqçılığın inkişafı sürətlə gedir. Bu il və xüsusilə gələn il minlərlə hektarda pambıq əkiləcəkdir. Bu da fermerlərə pul gətirir.

Digər vacib sahələr də diqqət mərkəzindədir. İndi fermerləri və kənd camaatını çox maraqlandıran sahə baramaçılıqdır. Bu istiqamətdə də çox ciddi addımlar atılır. Bu da insanların həyat səviyyəsini yaxşılaşdırır. Biz özümüzü şəkər çuğunduru ilə tam təmin etməliyik ki, şəkər emalı zavodumuz yerli məhsul əsasında işləsin. Bu istiqamətdə işlər aparılır və aparılmalıdır”.

 

 

Dövlət başçısı əlavə edib ki, hər bir dövlət, o cümlədən Azərbaycan öz ərzaq təhlükəsizliyini təmin etməlidir və Azərbaycan artıq bu məqsədə çox yaxınlaşıb: “ Hələ ki, süd məhsulları ilə özümüzü təqribən 80 faiz təmin edirik. Buğda ilə özümüzü hələ ki, tam təmin edə bilmirik. Digər əsas ərzaq məhsulları da Azərbaycanda istehsal olunur.

Mən sizi görülən işlər münasibətilə təbrik edirəm. Arzu edirəm ki, “Qarabağ Taxıl” öz fəaliyyətini genişləndirsin, həm bu ərazidə, eyni zamanda, digər sahələrdə. Sizdə işlər yaxşı alınır, yaxşı nəticələr var. Mən gəlmişəm ki, bu nəticələri öz gözümlə görüm və sizi əldə edilmiş nəticələrlə, nailiyyətlərlə təbrik edim”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259561

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR