Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar" mövzusunda konfrans keçirilib

"Regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar" mövzusunda konfrans keçirilib

Date: 15 November 2016 20:22

Bakı. 15 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bu gün Yevlax şəhərində Nazirliyin Aran Regional İnkişaf Mərkəzində yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin və sahibkarların iştirakı ilə “Regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar” mövzusunda konfrans keçirilib.
Nazirlikdən "Report"a verilən məlumata görə, tədbir çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Pilot Regional İnkişaf Proqramının (PRİP) təqdimatı keçirilib, regionlarda istehsal olunan ixrac yönümlü məhsulların sərgisi təşkil edilib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkə başçısının rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı və genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində islahatların həyata keçirildiyini vurğulayıb. Nazir müavini qeyd edib ki, ixracın genişləndirilməsi həyata keçirilən iqtisadi siyasətin priotitetlərindəndir: "Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı qəbul edilən qərarlar qeyri-neft sektoruna dəstək olmaqla, ixracın stimullaşdırılmasına əhəmiyyətli təkan verəcək. Sahibkarlıq sahəsində aparılan yoxlamaların iki il müddətinə dayandırılması, lisenziya tələb edən fəaliyyət növlərinin, yerli istehsalın dəstəklənməsi və ixracın təşviqi tədbirlərinin həyata keçirilməsi, sahibkarların hüquqlarının qorunması ilə bağlı Apelyasiya Şuralarının, regionlarda ailə təsərrüfatlarına dəstək məqsədi ilə “ABAD” mərkəzlərinin yaradılması həyata keçirilən məqsədyönlü islahatların tərkib hissəsidir. Bundan başqa, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi altında təşviqi istiqamətində İqtisadiyyat Nazirliyi və "Azpromo" tərəfindən kompleks tədbirlər görülür".
Yevlax şəhəri İcra Hakimiyyətinin başçısı Qoca Səmədov son dövrlərdə sahibkarlığın inkişafı ilə bağlı Yevlaxda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib.
Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Malena Mard Avropa İttifaqı tərəfindən maliyyələşdirilən PRİP layihəsinin məqsədi və layihə çərçivəsində icra olunacaq tədbirlər barədə məlumat verib: "PRİP layihəsi çərçivəsində Azərbaycanda regionların inkişafına dəstək verilməsi nəzərdə tutulur və bu məqsədlə Aran iqtisadi rayonu pilot region olaraq seçilib".
Bundan başqa, konfransda Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, "ASAN Xidmət", “Ərzaq məhsullarının tədarükü və təchizati” ASC, biznes assosiasiyaları, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələri və PRİP ekspertlərinin təqdimatları dinlənilib.
Sahibkarlarla kənd təsərrüfatı məhsullarının istehsalı və emalının genişləndirilməsi, keyfiyyətin yüksəldilməsi, ixracın genişləndirilməsi barədə müzakirələr aparılıb.
Konfrans iştirakçıları regionlarda fəaliyyət göstərən və ixracyönümlü məhsul istehsal edən 50-dən çox şirkətin məhsulları ilə təmsil olunduğu sərgi ilə tanış olublar.


Tags:  Regionların inkişafı ixrac sahəsində yaranmış yeni imkanlar mövzusunda konfrans keçirilib

RƏYLƏR


Top news