Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qan xərçəngi hansı əlamətlərlə başlayır? - DİQQƏT!

Qan xərçəngi hansı əlamətlərlə başlayır? - DİQQƏT!

Date: 15 November 2016 20:39

“Uşaqlar arasında bədxassəli xəstəliklərin təxminən 50 faizə qədərini leykemiyalar təşkil edir”

 

Azərbaycanda bədxassəli qan problemlərinin yayılması ilə bağlı rəqəmlər ümumi dünya  göstəricilərindən fərqli deyil. Dünyada qan xəstəliklərindən əziyyət çəkənlərin sayı getdikcə artır. Bu, həm müasir diaqnostika imkanlarının genişlənməsi, eyni zamanda ekoloji faktorlar və qidalanma ilə bağlıdır”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında hematoloq, Milli Onkologiya Mərkəzinin Onkohematologiya şöbəsinin müdiri Valeh Hüseynov deyib.

 

Mütəxəssis bildirib ki, bədxassəli qan xəstəlikləri içərisində xalq arasında ”ağ qanlılıq” problemi kimi tanınan kəskin və xroniki leykemiyalar üstünlük təşkil edir. Bununla yanaşı limfatik sistem, bütövlükdə qan sisteminə aid olan limfoma xəstəliklərinə da geniş rast gəlinir. Daha sonra əsasən sümük, böyrək sistemini və orqanizmin digər sistemlərini zədələyən mielom xəstəliyi daha çox yayılıb.

 

Həkim bildirib ki, uşaqlar arasında bədxassəli xəstəliklərin təxminən 50 faizə qədərini leykemiyalar təşkil edir. Onun sözlərinə görə, kəskin limfoblast leykemiyalar daha çox 10-15 yaşlarda ümumi bədxassəli xəstəliklərin təxminən yarısını təşkil edir: “Sümük iliyi uşaq yaşlarında bir neçə dəfə dəyişikliyə məruz qalır. Ona görə də uşaqların immun sistemində hər hansı dəyişiklik baş verdikdə istənilən xarici faktor, radiasyon fon və ya digər amillər sümük iliyində daha tez dəyişiklik yarada bilir”.

 

Hematoloq qan azlıqları və qanın laxtalanma sisteminin pozğunluqlarının yaranmasında orqanizmdə olan yanaşı xəstəliklərin çox böyük rolunun olduğunu açıqlayıb.  

 

Ən geniş yayılan problemlərdən birinin anemiyalar olduğunu deyən mütəxəssis bildirib ki, anemiya xəstəlik deyil, sindromdur. Bir xəstənin anemiyası varsa, yanaşı bir xəstəliyinin olub-olmaması araşdırılmalıdır.

 

Həkim qeyd edib ki, qanın bədxassəli problemlərinin irsi olub-olmaması barədə son illərdə çox böyük elmi araşdırmalar aparılır: “Demək olar ki, bütün qan xəstəliklərinin yaranmasında genetik faktorun rolu böyükdür. Genetik mutasiyası, genetik meylliyi olan insanlarda immun sistemini sarsıdan dəyişikliklər, keçirilən hər hansı virus infeksiyası, kimyəvi maddələrin təsiri, eləcə də radiasyon fon qan xəstəliyinin yaranması ehtimalını artırır”.

       

V. Hüseynov onu da deyib ki, müraciət edən xəstələrin, xüsusilə də qadınların böyük əksəriyyətində anemiya aşkarlanır: “Anemiyaların səbəbləri müxtəlifdir. Ən çox qida qəbulu, mədə-bağırsaq sistemində qanın yaranması üçün vacib olan dəmir və digər vitaminlərin sorulması prosesinin çətin olması ilə əlaqədar olan, dəmir defisitli və ya vitamin defisitli (B12, Foll turşusu) anemiyalara rast gəlinir. Dəmir defistli anemiyalar daha geniş yayılıb”.

 

Mütəxəssis bildirib ki, dəmir defisitli anemiyaların geniş yayılmasında son zamanlar dəb halını alan dieta proqramlarının da rolu var: “Ət məhsulları, dəmirlə zəngin olan qidaların, meyvə-tərəvəzlərin qəbulunu azaltdıqda bu, müəyyən zamandan sonra dəmir azlığına səbəb olur. Bütün bunlar sonradan ciddi qan azlıqları yarada bilər. Yanaşı olaraq xəstələrdə bir çox hallarda saçın tökülməsi, dırnaqların qırılması, yaddaş zəifləməsi, təngnəfəslik, tez yorulmalar, yuxululuq kimi əlamətlər görülür. Çox zaman bunu başqa problemlər əlaqələndirirlər. Amma müayinələr zamanı xəstədə ciddi bir problem olmadığı üzə çıxır və bütün bunların dəmir defistli anemiyaya bağlı olduğunu görürük. Korreksiya olunandan sonra 1-2 ay ərzində şikayətlər geriləməyə başlayır”.

 

Onun sözlərinə görə, bəzən xəstələri ciddi şəkildə narahat etməyən mədə-bağırsaq sistemi xəstəlikləri, babasil kimi qan azlığı yaradan problemlər sonradan ciddi qan azlıqlarına gətirib çıxara bilər.

 

Həkim vurğulayıb ki, qan azlıqları ilə bağlı müayinələr aparılarkən mütləq həmin şəxsdə yanaşı bir problemin olub-olmadığını araşdırmaq lazımdır: “Bəzən qaraciyər problemləri, ginekoloji, revmatik xəstəliklər xroniki anemiya yaradır.

 

Xüsusən şəkər xəstələri arasında böyrək zədələnmələri yarananda sümük iliyində qanın yaranma prosesi zəifləyir və anemiya yaranır. Ona görə də qan azlığı olan şəxslərə sadə yanaşmaq olmaz. Bu xəstəliyin mütləq dərin müayinəsi lazımdır. Anemiyanın müalicəsi ilə yanaşı həmin problemlərin də yanaşı müalicəsi əsas şərtlərdən biridir”.

 

V. Hüseynov bildirib ki, profilaktika məqsədilə hər kəsin qan müayinələrindən keçməsi zəruridir: “Ümumiyyətlə, “Chek-up” müayinələrinin aparılmasının böyük faydası var. İstənilən bir şəxs qanın ümumi analizi ediləndə qan azlığı görürsə, bununla yanaşı qanda eritrositlərin çökmə miqdarı yüksəkdirsə bunun səbəbinin, gizli olan bir xəstəliyin araşdırılması vacibdir.

 

Bəzən qan azlığı olan şəxsdə boyunda, qoltuq altında şişkinlik müşahidə oluna bilər. Bu, limfa düyünləri ilə bağlı haldır. Yaxud təsadüfü müayinə zamanı dalağın böyüməsi müşahidə edilir. Bütün bunlar ciddi bir siqnal sayılır. Ona görə də əgər belə hallar varsa, mütləq ixtisas həkimlərinə müraciət etmək lazımdır.

 

Limfa düyünlərinin, dalağın böyüməsi, qan azlığı varsa, səbəbsiz yerə hərarət yaranırsa, mütləq xəstə qanın bədxassəli xəstəlikləri yönündən araşdırılmalıdır. Bəzən belə əlamətlər olanda həkimlər antibiotik, simptomatik müalicə təyin edirlər. Bu, düzgün deyil”.    

 

Hematoloq deyib ki, qanın bədxassəli xəstəliklərinin başlanğıcı bəzən bir neçə ay çəkə bilir. Bəzi qan xəstəliklərinin ilkin əlamətləri illərlə davam edir. Ən təhlükəli qan problemi sayılan kəskin leykemiyaların gizli dövründə xəstələrin tez-tez xəstələnmə şikayətləri olur. Xəstələr daha çox sağalmayan anginalar, hərarətlə bağlı həkimə müraciət edirlər. Müxtəlif antibiotik, simptomatik müalicələr heç bir fayda vermir. Xəstə sağalır, bir həftə sonra bu problemlər yenidən baş qaldırır.

 

Bəzən isə xəstələr sümük, bel, boyun ağrılarından şikayətlənirlər. Onlar fəqərələr arası yırtıq, protruziya kimi diaqnozlarla müayinələrdən keçmədən müalicə olunurlar. Bir çoxlarına revmatik xəstəliklər diaqnozu qoyulur. Amma bəzən müayinə olunanda mielom kimi qan xəstəliyinin olduğu üzə çıxır.

 

Qanın bədxassəli problemlərindən biri olan xroniki leykemiyalar illərlə gizli keçə bilir. Təsadüfi müayinə zamanı leykosit sayında artım görünür və müayinə əsasında xəstədə ciddi problem olduğu müəyyən edilir. Xəstələr əlamətə görə müalicə olunmamalıdır, əlamətlər olanda laborator, instrumental müayinələrə cəlb edilməlidirlər. Ciddi xəstəliklər inkar olunduğu təqdirdə xəstəyə ağrıkəsici müalicə tövsiyə etmək olar”.

 

Onun sözlərinə görə, bu gün qan xəstəliklərinin müalicəsi 10-15 il əvvəlki müalicələrdən köklü surətdə fərqlənir: “Əvvəllər bu müalicələrlə xəstənin ömrünü bir neçə il uzatmaqdan söhbət gedirdi. Amma müasir tibdə ilkin mərhələdə bir çox qan xəstəliklərinin tamamilə müalicəsi mümkün olur”.

 

Həkim qeyd edib ki, bədxassəli qan xəstəliyinin birinci mərhələsində olan xəstəylə dördüncü mərhələdə olan xəstə arasında böyük bir fərq var: “İlkin mərhələdə problem aşkarlandıqda xəstələr qısa müddətli müalicə olunurlar, həm də müalicədən sonra tam sağalma ehtimalı çox yüksək olur. İrəli mərhələdə isə problemin sümük iliyinə, qaraciyərə yayılması baş verir. Bu zaman müalicənin nəticəsini əldə etmək xeyli çətinləşir və daha bahalı prosedurlar, daha müasir müalicə üsulları tələb olunur. Bəzən isə yalnız sümük iliyinin transplantasiyasına əlac qalır. Vaxtında qoyulan dəqiq diaqnoz, vaxtında aparılan müalicələr şəfanın yarısı deməkdir. Ona görə hər kəs diqqətli olmalıdır”.


Tags:  Qan xərçəngi hansı əlamətlərlə başlayır DİQQƏT


RƏYLƏR


Top news