Düşmən nəticə çıxarmazsa...

Düşmən nəticə çıxarmazsa...
21:37 15 Noyabr 2016
188 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 12-də Füzuli rayonuna səfəri çərçivəsində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsinə də baş çəkib, burada əməliyyat şəraiti ilə tanış olub. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun raportunu qəbul edən Ali Baş Komandana cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib. Komanda idarəetmə məntəqəsindən düşmənin mövqelərini izləyən dövlət başçısı daha sonra döyüş tapşırığını yerinə yetirərkən xüsusi fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib. Ardınca hərbi qulluqçular qarşısında çıxış edən Ali Baş Komandan bu ilin aprel ayında Ermənistanın dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribat törətməsinə diqqət çəkib. Bildirib ki, qəhrəman Azərbaycan Ordusu - xalqımızın əsgər və zabitləri bu təxribata layiqli cavab veriblər, uğurlu əks-hücum əməliyyatı keçirərək, düşmənə sarsıdıcı zərbələr vurublar və nəticədə Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi azad edilib. Prezident İlham Əliyev hazırda dayanıb çıxış etdiyi Lələtəpə ərazisinin bir neçə ay bundan əvvəl işğal altında olduğunu, ordumuzun bu işğala son qoyduğunu, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpağın uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edildiyini vurğulayıb. Bildirib ki, minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir.

Aprel döyüşlərinin hərbi dərsliklərə salınmasının zəruriliyini qeyd edən Azərbaycan prezidenti İlham Əliyev deyib ki, ordumuz bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərib. O, Azərbaycan xalqı böyük xalq, Azərbaycan vətəndaşlarının vətənpərvər vətəndaşlar olduğunu söyləyib. Dövlət başçısı bildirib ki, Azərbaycan əsgərləri, zabitləri Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırdırlar. Azərbaycan Silahlı Qüvvələrinin istənilən vəzifəni icra etməyə qadir olduğunu xatırladan prezident İlham Əliyev ordumuzun işğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda istənilən hərbi hədəfi məhv etmək gücündə olduğunu bir daha bəyan edib. Lələtəpənin, Şuşanın və Xankəndinin Azərbaycana aid olduğunu vurğulayan dövlət başçısı bildirib ki, Azərbaycan öz torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcək. Ali baş komandan onu da əlavə edib ki, əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır.

Azərbaycan prezidentinin bu bəyanatı ilə bağlı fikirlərini "Kaspi"yə bölüşən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib ki, Ali Baş Komandanın cəbhə xəttinə səfəri, oradakı ümumi vəziyyətlə yaxından tanış olması, hərbçilər qarşısında çıxış etməsi həm daxili auditoriya, həm də Ermənistan hakimiyyəti və həmsədr dövlətlər üçün mesajdır. Deputatın fikrincə, prezident İlham Əliyev orada səsləndirdiyi fikirlərlə ölkə əhalisini bir daha əmin edir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyətdə saxlanmasında maraqlı olmayacaq, heç bir halda status-kvonun dəyişilməzliyi ilə barışmayacaq, həmçinin ərazimizdə ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. F.Quliyev deyib ki, digər iki əsas mesaj birbaşa Ermənistan hakimiyyətinə, erməni cəmiyyətinə və Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan həmsədr dövlətlərə yönəlib: "Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə mesaj göndərdi ki, Azərbaycan ərazisində ikinci erməni dövləti qurmaq barədə xəyallara dalmayın. Bu günə qədər də ölkə başçısı dəfələrlə vurğulayıb ki, Azərbaycan belə bir addıma heç zaman yol verməyəcək. Tarixə fikir versək, indiyə qədər Azərbaycan ərazilərində Ermənistan adlı bir dövlət qurulub. İkinci belə hadisə heç zaman olmayacaq. Bununla yanaşı, prezident İlham Əliyev böyük dövlətlərə, beynəlxalq təşkilatlara mesaj göndərdi ki, Azərbaycan aprel döyüşlərində Konstitusiyaya, beynəlxalq konvensiyalara uyğun olaraq, işğal altında saxlanılan ərazilərini öz gücünə - hərb yolu ilə işğaldan azad edirdi. Həmsədr dövlətlərin, beynəlxalq təşkilatların savaşı saxlamaq barədə xahişini nəzərə alan Azərbaycan yenidən səbir və təmkin nümayiş etdirdi, qələbənin bir addımlığında əks-hücumu dayandırdı. Həmin beynəlxalq təşkilat və dövlətlər söz vermişdilər ki, münaqişə dinc yolla, səmərə verən danışıqlarla həllini tapacaq. Lakin əfsuslar olsun ki, münaqişə indiyə qədər həllini tapmadı. Ənənəvi qaydada Ermənistan danışıqlar prosesində qeyri-konstruktivlik nümayiş etdirir, üzərinə götürdüyü öhdəlikləri, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməkdən boyun qaçırır, status-kvonu dəyişməz olaraq saxlamaq istəyir. Üstəlik, Ermənistana yeni silahlar verilir, işğalçının başı tumarlanır. Bu baxımdan, Azərbaycan prezidentinin Lələtəpədə əsgərlər qarşısında çıxış edərkən verdiyi mesajlar olduqca ciddi əhəmiyyət daşıyır. O, ölkə rəhbəri, Ali Baş Komandan kimi xalqın iradəsini doğru şəkildə ifadə edib. Dövlət başçısının fikirlərinə dəstək olaraq qeyd etmək istərdim ki, Azərbaycan heç zaman problemin indiki vəziyyətlə barışmayacaq. Əgər ermənilər reallıqları dərk etməsələr, Ermənistan siyasi hakimiyyəti işğalçılıq siyasətindən əl çəkməsə, aprel döyüşləri yenidən təkrarlanacaq. Amma bu dəfəki həmləmiz sonuncu və daha güclü olmaqla, ərazilərimizin tamamən işğalçılardan təmizlənməsi ilə yekunlaşacaqdır".

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmlidə hesab edir ki, Azərbaycan prezidentinin Lələtəpədə hərbçilər qarşısında çıxışı, səsləndirdiyi fikirlər düşmən ölkəyə, həmçinin onun havadarlarına tam zamanında və yerində verilən mesajdır. Onun sözlərinə görə, ərazisi işğal olunan, haqqı tapdanan, təcavüzə məruz qalan, əhalisinin 1 milyona yaxını qaçqın və məcburi köçkün şəraitində yaşayan Azərbaycan üçün status-kvonun dəyişməzliyi, problemin həllinin uzanması olduqca çətindir. Hərbi ekspert bildirib ki, bütün çətinliklərə rəğmən, ölkəmiz, xalqımız səbir nümayiş etdirib, indiyə qədər aparılan sülh danışıqlarına ümidlə baxır. Lakin bu danışıqlar heç bir nəticə verməyəcəyi halda Azərbaycan hərb yolu ilə öz ərazi bütövlüyünü, suverenliyini təmin etmək məcburiyyətində qalacaq. İ.Rüstəmli bildirib ki, aprel döyüşləri Azərbaycan ordusunun buna qadir olduğunu bir daha sübut edib: "Prezident İlham Əliyev cəbhə xəttində hərbçilərlə görüşündə də vurğuladı ki, Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq, öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və sülh danışıqları nəticə vermədikdə, hərb yolu ilə torpaqlarımız işğalçılardan təmizlənəcək. Buna bizim haqqımız çatdır. İndiyə qədər münaqişənin sülh yolu ilə həllinə çalışdıq, bu məqsədlə aparılan danışıqlarda aktiv iştirak etdik, amma Ermənistan qeyri-konstruktivlik nümayiş etdirməklə işğalçılıq siyasətindən əl çəkmədiyini göstərdi. Əgər bu, belə davam edəcəksə, müharibə, hərbi əməliyyatlar qaçılmaz olacaq. Bu gün Azərbaycan ordusundakı yüksək mənəvi-psixoloji durum, hərbi-vətənpərvərlik ruhu, peşəkarlıq səviyyəsi, maddi-texniki təchizat bizə imkan verir ki, torpaqlarımızı işğaldan hərbi yolla təmizləyə bilək. Bunu Lələtəpə uğrunda gedən döyüşlər də təsdiq etdi. Bu ərazilərin işğaldan azad edilməsi, aparılan hərbi əməliyyatlar Azərbaycan xalqının tarixində böyük bir hadisədir. Bir neçə il bundan öncəyə qədər Milli Qəhrəman Mübariz İbrahimovun timsalında Azərbaycan əsgərinin qəhrəmanlığına fərdi yönümdə şahidlik edirdiksə, aprel döyüşlərində Azərbaycan ordusunun vahid komandanlıq halında uğurlu əməliyyatının, qəhrəmanlığının, peşəkarlığının şahidinə çevrildik. Bu hadisə qəhrəmanlıq səhifəsi olmaqla bərabər, Azərbaycan ordusunun real gücünü, nəyə qadir olduğunu bir daha ortaya qoydu. Düşünürəm ki, ölkə başçısının da qeyd etdiyi kimi, düşmən bundan düzgün nəticə çıxarmalı, işğalçılıq siyasətindən əl çəkməli, torpaqlarımızı dinc yolla azad etməlidir. Prezidentin verdiyi bu bəyanatın arxasında konkret məqsəd dayanır. Eyni zamanda, Ali Baş Komandanın səsləndirdiyi fikirlər Azərbaycan xalqının iradəsini nümayiş etdirir".

"Kaspi"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/489638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR