Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tramp dediklərini edən prezident ola biləcəkmi?

Tramp dediklərini edən prezident ola biləcəkmi?

Date: 15 November 2016 22:12

Donald Tramp - növbəti dörd ildə dünyanın fövqəldövlətinə rəhbərlik edəcək şəxs. Bəlkə də bu fikri bir müddət əvvəl kimsə səsləndirsəydi, həmin şəxsi dərhal proseslərdən baş çıxarmamaqda, hətta siyasi savadsızlıqda günahlandırardılar. Reallıq isə budur ki, bu şəxs növbəti müddətə ölkəyə rəhbərlik edəcək.

"Hər dörd amerikalıdan biri ən əmək qabiliyyətli yaşında işsizdir, hər beş ev təsərrüfatından birində heç kim işləmir. 45 milyon amerikalı ərzaq talonu alır, 47 milyon isə yoxsulluq içində yaşayır. Miqrantlara yer verilməməlidir, kasıb şəhərlilər əziyyət çəkir, afro-Amerika və Latın Amerikası icmaları əzab çəkir. Xaricdə hərbi avantüralara qarışırıq. Hökumət həmin müharibələri uda bilmir. Dəyişikliklər xarab sistemin içindən qaynaqlana bilməz - bizim sistem xarab olub". Məhz bu şüarlarla seçkilərə gedən Trampı az qala hər gün gülüş obyektinə çevirmişdilər. Nəticədə isə elə bu şüarlar onu prezident elədi. Maraqlıdır ki, bütün televiziya şirkətləri, ən öndə gedən qəzetlər seçki kampaniyası başlayandan bəri ona qarşı kampaniya apardılar. Seçkilər zamanı partiyadaşları, önəmli şəxslər ondan dəstəyini geri çəkdi. Hətta onun seçki kampaniyasına yığılan pullar Klintonun kampaniyasına yığılan puldan iki dəfə az olsa da, barəsində irqçi, faşist imici yaradılsa da, nəticədə prosesdən qalib çıxdı.

Beləliklə, Trampın 45-ci ABŞ prezidenti seçilməsi qlobal miqyasda son illərin ən böyük sürprizi oldu. Olan olub və indi hamı "Tramp necə seçildi?", "45-ci ABŞ prezidenti nələr edəcək, nələri dəyişəcək?" suallarına cavab axtarır.
 
Donald Tramp kimdir?
 
Heç kimə sirr deyil ki, Tramp həm ABŞ, həm də dünya üçün fərqli bir profilə malikdir. Onu fərqli edən sistemin içərisindən gəlməməsi və mübahisəli bir xarakterə sahib olmasıdır. Donald Tramp 1946-cı ilin 14 iyun tarixində ABŞ-ın Nyu-York ştatının Kunise şəhərində doğulub. Atası Fred Krist Tramp, anası Meri Enn Maklauddur. Ata tərəfdən alman əsilli olan Trampın anası isə şotland ailənin qızıdır. Trampın iki bacısı, iki qardaşı var. Orta məktəbi doğma şəhərində oxuyan Trampı daha sonra özəl hərbi internat məktəbinə göndəriblər. 70 illik həyatı boyu müxtəlif layihələrə imza atıb. İnzibatçı, əmlakçı... daha sonra inşaat sahəsinə daxil olub. Demək olar ki, dünyanın hər yerində məşhur "Tramp towers" binalarını inşa etdirib. Tramp televiziya proqramı hazırlayıb, kitab yazıb. Öz biznes karyerasını atasının şirkətində başlayan Donald daşınmaz əmlak sahəsində fəaliyyət göstərib. Sinsinatti və Ohayoda çoxlu sayda daşınmaz əmlak əldə edən Tramp daha sonra bu əmlakı satışa çıxarır və 12 milyon dollar qazanır. Bunun 6 milyon dollarını atasının şirkətinə xalis gəlir kimi verən yeni biznesmen əldə etdiyi kapitalı götürərək Nyu-Yorka gəlir və məşhur Manhettendə yerləşir. Nyu-Yorkda dövr edən böyük kapitalı görən Tramp bu şəhərə yerləşmək qərarına gəlir. İnşaat şirkəti quran Donald qısa müddət ərzində Nyu-Yorkun və Pensilvaniyanın iri inşaat layihələrini əldə edərək kapitalını artırır.

Onun şirkəti qısa müddət ərzində Nyu-Yorkun iri stansiyalarının, yollarının, körpülərinin tikintisini və yenidən qurulmasını həyata keçirir. Məşhur avtomobil, geyim, saat markaları kimi, "Tramp" sözü də daşınmaz əmlak bazarında əsl brend sayılır. İndi dünyada ona məxsus olan daşınmaz əmlakın və şirkətlərin sayı-hesabı yoxdur.
 
İslahatçı, demokrat və iki dəfə respublikaçı
 
Maraqlısı odur ki, Donald dörd dəfə partiyasını dəyişib - Əvvəlcə İslahatlar Partiyasının, sonra demokrat, iki dəfə də respublikaçıların üzvü olub. Trampı məşhurlaşdıran təkcə onun biznesi yox, ekstravaqant həyat tərzi və açıq ünsiyyət qurmaq bacarığıdır. Dünyanın "əmlak kralı" sayılan Donald Tramp təkcə inşaat sektorunda uğur qazanmayıb. Amerikalı biznesmen həm də televiziya və radioda məşhur sima və yazıçıdır. Tramp "Namizəd" realiti-şousunun icraçı prodüseri və aparıcısı olub. "Miss Kainat", "Miss ABŞ" və "Miss Teen USA" gözəllik müsabiqələrini keçirən "Miss Universe Organization" şirkətinin bir hissəsi Trampa aiddir. Onu da qeyd edək ki, müsəlmanları təhqir etməklə və başqa səs-küy salmış danışıqları ilə özünə "qalmaqallı siyasətçi" imicini qazandıran amerikalı milyarder 3 dəfə evli olub, 5 uşağı var.
 
Birinci ledi
 
Dünyanın ən qüdrətli dövlətinin yeni birinci xanımı Melaniya Tramp sloveniyalıdır və fotomodel olub. Sloveniya gözəli daim həyat yoldaşını dəstəkləməsi və ona inanmasını ilə tanınıb. "Mən Trampa inanırdım. Mehribanlıq həmişə hər şey deyil. Mənim onu sevməyimə də səbəb budur", - deyə o, qeyd edib. 1970-ci ildə Sloveniyada anadan olan Melaniya karyerasına 16 yaşında MilanParisdə keçirilən gözəllik yarışmalarına qatılmaqla başlayıb və tez bir zamanda uğur qazanıb. 1999-cu ildə "Allure" jurnalında işə başlayarkən Trampla tanış olub. Nyu-Yorkda model kimi fəaliyyətini davam etdirərkən isə onların münasibəti daha da yaxınlaşıb. 2005-ci ildə Melaniya Trampa ərə gedib. Onların möhtəşəm toyuna bir milyon dollar xərclənib. Maraqlıdır ki, Donald Tramp ölkəsinin yeritdiyi qaçqın siyasətinə qarşı çıxmasına baxmayaraq, öz həyat yoldaşı da qaçqındır. Melaniyanın toyda geyindiyi 300 min dollar dəyərindəki "Christian Dior" markasına aid, bütün zamanların ən ikonik gəlinliklərindən biri uzun müzakirələrə səbəb olub. Model eyni gəlinliklə "Vogue" jurnalının da qabığını bəzəyib.
 
Trampdan gözləntilər
 
İndi hamını belə bir sual düşündürür - seçkidən əvvəl Rusiya ilə barışmaq, Meksika ilə Amerika arasına divar çəkmək (və pulu da Meksika hökumətinin ödəməsini tələb edir), müsəlmanları ölkəyə buraxmamaq istəyən, qadınlar haqda nalayiq danışan Tramp görəsən indi özünü necə aparacaq? "Onun ətrafında məsləhətçiləri var, Konqres var, məhkəmə var. Yəqin nəyisə ona başa salacaqlar. Amma o da mümkündür ki, Tramp çox çılğın bir prezident olsun və onu cilovlaya bilməsinlər. Hələlik heç nə bəlli deyil. Danışmağına danışırdı, amma başqa cür siyasət aparacaq? Bəri başdan nəsə demək olmur", - deyə ekspertlərdən biri bildirib.

Ekspertlər qeyd edir ki, Trampın prezident seçilməsi ABŞ-ın xarici siyasətində əhəmiyyətli dəyişikliklərə səbəb olacaq. Ən diqqət çəkən məsələlərdən biri Tramp prezident seçildikdən sonra ABŞ-Rusiya münasibətlərinin hansı forma və məzmunda olacağıdır. Ehtimal etmək olar ki, Moskva özü ABŞ-la yaxınlaşmağa maraq göstərəcək. Trampın isə qarşılıqlı güzəştlərsiz Rusiyaya əl uzadacağı inandırıcı deyil. ABŞ-ın Yaxın Şərq siyasətində də tezliklə əhəmiyyətli dəyişiklik gözləmək sadəlövhlük olardı. Bununla belə, burada da ciddi korrektələr gözləmək olar. İŞİD və terrorçulara qarşı daha sərt addımların şahidi ola bilərik.
 
"66 milyon dollarlıq büdcə ilə seçkiləri "udmaq" möcüzədir"
 
Dünya mediası ABŞ-da prezident seçkilərinin gözlənilməz nəticəsindən, respublikaçıların namizədinin qələbəsindən yazır. Məsələn, "Nyu York Tayms" qəzeti Trampın qələbəsinin səbəblərini araşdırıb. Məqalədə cəmi 66 milyon dollar büdcə ilə seçkiləri qalib başa vurmaq möcüzə adlandırılıb: "Donald Trampı seçməklə ABŞ xalqı cilovu öz kampaniyasını dövlətə etimadsızlıq əsasında quran, bütün siyasətçiləri işdən qovacağını deyən adama verdi. Xalqın arzuları kimi qəzəbini də yönləndirəcəyinə söz verən, dəyişiklik deyil, vurub-yıxmağı vəd edən şəxsi prezident seçdi. Trampın prezidentliyinin sonuclarını ehtimal etmək çətindir. Çünki Klintona qarşı kampaniyası dövründə bu adamın siyasətindən çox şəxsiyyəti diqqət çəkirdi. Dedikləri isə minlərlə adamın küçələrə, etiraz aksiyalarına çıxmasına səbəb olurdu. Amma Tramp ABŞ-ın "Böyük tənəzzül"dən əziyyət çəkmiş kənd icmaları və ağdərili işçi qüvvəsinin rəğbətini qazana bilib. Həqiqəti söyləməyə, qaydaları yenidən yazmağa və yoluna çıxanları hətta təhqir etməyə hazır görünən maqnatın seçilməsi özünü hər şeydən kənarda hiss edən kütlənin üsyanı oldu. Trampın qələbəsi sarsıtdı, çaşdırdı, eyni zamanda sanki Obama siyasətinə ittiham hökmü oxudu".

Məqalədə o da qeyd edilir ki, siyasətçilər, iqtisadçılar, hərbçi və diplomatların əksəriyyəti Trampın verdiyi vədlərin yerinə yetirilməsini mümkünsüz sayır: "Məsələn, onun müsəlmanların ABŞ-a buraxılmamasıyla bağlı təklifi Vaşinqtondakı demokratları da, respublikaçıları da yerindən oynadıb. Onun Meksika hökumətini sərhəddə divar çəkməyə məcbur edə biləcəyinə çox az adam inanır. İraq və Suriyada İŞİD-i bombalamağın da qəzəbli nitqdən artıq bir şey olub-olmamağını isə bircə Tramp bilir. Xalqın Trampın planlarına xeyir-dua verib-vermədiyini göstərən faktlar da qarışıqdır. Bir tərəfdən, seçicilər Respublikaçıların çoxunun Senatda qalmasına razılıq veriblər. Digər tərəfdən, sorğular miqrant məsələsinin seçicilərdən ötrü bir o qədər əhəmiyyətli olmadığını göstərib. Sorğularda iştirak edənlərin yarısı Trampın Meksika ilə sərhədə divar çəkdirməyinin əleyhinə olduğunu söyləyib".
 
ABŞ-ı etirazlar bürüdü
 
Son məlumatlara görə, ABŞ-ın bir neçə şəhərində Donald Trampın seçkilərdə qalib gəlməsinə etiraz aksiyaları başlayıb. Ağ Evin qarşısında yüzlərlə insan gecə şam yandıraraq etiraz edib. Minlərlə etirazçı "Sən mənim prezidentim deyilsən" qışqırıb və iş adamının narıncı kuklası yandırılıb. Onun rəqibi Hillari Klinton etirazlara son qoyulmasına çağırsa da, aksiyalar dayanmayıb. Nyu Yorkda minlərlə insan "Tramp Tower" qarşısında nümayiş keçirib, onun miqrasiya, LGBT haqları və reproduktiv haqlar barədə siyasətinə etiraz edib. 15 nəfər həbs olunub. Kaliforniyada bəzi etirazçılar dükanların pəncərələrini sındırıb və polis onlara gözyaşardıcı qazla cavab verib. Los Ancelesdə Trampa qarşı kütləvi nümayişə görə əsas yol bağlanıb. Çikaqoda kütlə "Tramp Tower"in girişini tutaraq "Trampa yox, faşist ABŞ-a yox" şüarları səsləndiriblər. Bundan başqa, Filadelfiya, Boston, Seatl və San Fransiskoda da nümayişlər keçirilib.

"Kaspi"


Tags:  Tramp dediklərini edən prezident ola biləcəkmi

RƏYLƏR


Top news