Ermənistanla bağlı bədbin proqnoz

Ermənistanla bağlı bədbin proqnoz
22:27 15 Noyabr 2016
206 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənilərin əsasən ianə, yəni xaricdən gələn vəsaitlər hesabına dolanmaları bəllidir. Bunu elə onların özləri də açıq etiraf edirlər. Uzun illər Rusiya və xarici ölkələrə işləmək adı  ilə yollanan insanlar evlərinə göndərdikləri vəsaitlər ailələrini dolandırıblar. Lakin artıq elə vəziyyət yaranıb ki, bu, transferlərin də həcmi kəskin şəkildə azalıb. Rusiyanın özündə vəziyyət ağırlaşdığından, erməni miqrantlar əvvəlki tək ailələrinə pul göndərə bilmirlər. "Xaricdə, əsasən də Rusiyada işləyən ermənilərdən ölkəyə gələn çoxmilyonluq pul göndərişlərinin həcmi bu il də ciddi şəkildə azalmaqdadır. Bu da Ermənistanın iqtisadi artımını geriyə çəkir". Ermənistan Mərkəzi Bankının yaydığı məlumata görə, bu ilin yanvar-sentyabr ayı ərzində transfertlərin həcmi 1,1 milyard dollar təşkil edib. Bu da keçən ilin uyğun dövrü ilə müqayisədə təxminən 11 faiz azdır. Bu cür aşağı göstərici hətta 2009-cu il böhranında belə qeydə alınmamışdı. Azalma tempi keçən il daha kəskin idi. Daxil olan pulların həcmi 2,12 milyarddan 1.63 milyarda düşmüşdü. Həmin proses Rusiyadakı iqtisadi tənəzzülün fonunda baş vermişdi. Rusiya Ermənistandan ötrü maliyyə qaynağı baxımından həyat əhəmiyyətli ölkədir. Bu ilin ilk 9 ayı ərzində yenə pul göndərişlərinin 60 faizi Rusiyanın payına düşür. Rəsmi statistikaya görə, elə həmin dövrdə ölkədə pərakəndə satışın 3,4 faiz azalması da bu amillə izah olunmalıdır.

Bununla yanaşı, Milli Statistika Xidməti Ermənistanda ixracın ümumi həcminin 2016-cı ilin yanvar-sentyabrında 20 faiz artaraq 1,3 mlrd. dollar olduğunu iddia edib. Rusiyaya ixracın isə 55 faiz artaraq 260 milyon dollara çatdığı bildirilib. Bu il Ermənistan iqtisadiyyatında 2-3 faiz arasında artım planlaşdırılsa da, əksəriyyət bunu mümkünsüz sayır. Belə ki, maliyyə naziri Vartan Aramyan keçən ay etiraf edib ki, Ermənistan kimi ölkədə insanların həyat səviyyəsinə təsir göstərmək üçün bu, proqnozlaşdırılan artım çox cüzidir.

Baş nazir Karen Karapetyan əlverişsiz xarici iqtisadi mühitin və gələn il keçiriləcək parlament seçkilərinin "iqtisadi passivliyi" təhlükə altına saldığını deyir. "Biz bu hədəfin təminat altına alınmasından ötrü hər şeyi edirik", - deyə o, parlamentdəki çıxışında deyib.

Müxalifətin proqnozu isə daha bədbindir. İqtisadçı, müxalifyönlü Ermənistan Milli Konqresinin rəhbərlərindən Vaqan Xaçatryan pul göndərişlərinin azalmasını əsas gətirərək, hökumətin qarşıya qoyduğu artım planını şübhə altına alır. Onun sözlərinə görə, transfertlər Ermənistan üçün bir nömrəli xarici valyuta mənbəyidir. Bu cür azalma ölkənin iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir edəcək: "Ötən illərdə iqtisadi inkişafın bütün məntiqi transfertlərə əsaslanmışdı. Yəni iqtisadi siyasətin mənası bunlar idi: bizim transfertlər var, onlar əsasən Rusiyadan gəlir və transfertlər əsasında da burada insanlar onlara lazım olan həyati əhəmiyyətli mal alır və xidmətlərdən yararlanırlar". V.Xaçatryan həm də Rusiyadakı iqtisadi vəziyyət, Ermənistanın əsas ixracı olan əlvan metalların dünya qiymətləri barədə bədbin proqnozlar verib: "Məsələ bununla bitmir. Mərkəzi Bankın məlumatlarına görə, transfertlərin azalmasıyla yanaşı, pulun ölkədən çıxarılması da artıb. 2016-cı ilin 9 ayında fiziki şəxslər ölkədən 565 milyon dollar çıxarıb". V.Xacatryan əmindir ki, vətəndaşlar hökumətin növbəti vədlərinə inanmır və planlarını Ermənistan iqtisadiyyatına bağlamırlar: "Perspektiv görmürlər. Onlarda olan əmanətlər bank sisteminə getmir, yatırım olmur və iqtisadiyyatda aktiv kapital rolunda çıxış etmir".

Öz növbəsində Beynəlxalq Valyuta Fondunun da Ermənistanla bağlı proqnozları bədbindir. Bu proqnozlara əsasən, gələn il ölkədə iş yerlərinin sürətlə azalması, iqtisadi asılılıq, ən əsası, əhalinin sürətlə ölkəni tərk etməsi davam edəcək. Xaricdən gələn transferlər də azalacaq. Bütün bunlar isə onsuz da ağır vəziyyətdə olan ölkə iqtisadiyyatını daha da pis duruma salacaq.

"Kaspi"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR