Bakının kanalizasiya sisteminin yenilənməsi uzun zaman aparacaq

Bakının kanalizasiya sisteminin yenilənməsi uzun zaman aparacaq
23:27 15 Noyabr 2016
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu böyük bir proses olduğu üçün işlər də mərhələli şəkildə icra olunacaq

Məlum olduğu kimi, Prezident İlham Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzalayıb. İşçi qrupunun rəhbəri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təyin edilib.

İşçi qrupuna Bakı şəhərinin yağış kanalizasiya xətlərinin vəziyyətini təhlil etmək və sosial-iqtisadi inkişaf perspektivlərini, əhalinin artım tempini nəzərə almaqla kanalizasiya sisteminin idarə olunmasına, etibarlılığının artırılmasına, ardıcıl və mərhələli rekonstruksiyasına, habelə bu sahədə ekoloji və sanitar təhlükələri və problemləri istisna edən digər zəruri tədbirlərin həyata keçirilməsinə dair təkliflərini hazırlayıb üç ay müddətində prezidentə təqdim etmək, habelə Bakı şəhərində yağış, ərimiş qar sularının yığılması təhlükəsi olan şəhər avtomobil yollarını müəyyənləşdirməklə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsinə dair təkliflərini hazırlayıb iki ay müddətində prezidentə təqdim etmək tapşırılıb.

Eyni zamanda işçi qrupu Bakı şəhər və Bakı şəhəri rayonlarının icra hakimiyyətləri tərəfindən şəhər ərazisində baş verə biləcək subasma və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasında çevik idarəetmənin həyata keçirilməsinə, bu sahədə təsərrüfat xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsinə, habelə təxirəsalınmaz tədbirlərin görülməsi üçün müvafiq maddi-texniki bazanın yaradılmasına dair təkliflərini hazırlayıb iki ay müddətində prezidentə təqdim etməlidir.

Millət vəkili Vahid Əhmədov mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, bu, bir ilə həllini tapacaq iş deyil, Bakının kanalizasiya sisteminin yenilənməsi üçün illərlə vaxt lazımdır: "Bu çox ciddi problem idi. Ölkə başçısı məsələnin ciddiliyini nəzərə alaraq sərəncam imzaladı. Komissiyanın sədri isə Ramiz Mehdiyev oldu. Ramiz Mehdiyev bu işlərə biganə qalan adam deyil. Bakı kimi böyük şəhərin kanalizasiya sistemini qurmaq, yenidən təşkil etmək elə də asan məsələ deyil. Ramiz Mehdiyev bunun öhdəsindən gələcək. Komissiyanın tərkibində isə bütün əlaqəli qurumlar təmsil olunur. İşlər kompleks şəkildə aparılmalıdır və elə də olacaq".

V.Əhmədov qeyd etdi ki, bu işi ölkəmizdə görəcək mütəxəssislər çoxdur: "Ola bilsin ki, hanısa beynəlxalq qurumdan vəsait götürülsün, yaxud lazım olan vəsait dövlət büdcəsindən ayrıla bilər. Amma vəziyyət təhlil edildindən sonra nə qədər vəsait tələb olunacağı məlum olacaq. Bu işi görəcək ölkəmizdə mütəxəssislər var. Vəsait problemi yəqin ki, həll olunub deyə, belə bir işə başlanılır".

Mütəxəssis Cahangir Qocayev deyir ki, Bakı böyük şəhər olduğu üçün onun kanalizasiya sisteminin yenilənməsi də böyük bir prosesdir: "Əvvəlcə mövcud vəziyyəti təhlil edib, qiymətləndirmək lazımdır. Sonra iş prinsipi haqqında qərar qəbul etmək olar. Bizdə kifayət qədər bu işləri görəcək mütəxəssislər var. Amma onları tapıb bir yerə yığıb, işin təşkilini aparmaq lazımdır. O vaxt Bakının böyük kanalizasiya sistemi qurulanda, əsas səhv bütün sistemin bir təmizləyici qurğuya yönləndirilməsi oldu. Amma ondan sonra Bakıya bir çox yerlərdən yeni su xəttləri çəkilib. Əslində yeni su xəttlərindən də vacib məsələ kanalizasiya xəttinin çəkilməsidir. Kanalizasiya şəhərsalmanı qabaqlamalıdır. Kanalizasiyaların təmizləmə qurğusu bir dənədir. O da cənub-şərqdə - Hövsanda yerləşir. Amma həmin təmizləmə qurğusundan birinin də cənub-qərb hissədə yaradılmasına ehtiyac var".

C.Qocayev deyir ki, bu çox uzunmüddətli bir prosesdir, görülən işin həcmindən asılı olaraq da zaman aparacaq: "Daxil olan suların miqdarı öyrənilməli, yağıntının ən maksimum səviyyəsi götürülməlidir. Kanalizasiya sistemi qurularkən ən yüksək yağıntı norması nəzərə alınmalıdır. Yollarda yağış barmaqlıqları qoyulmalı, kanalizasiyanın yeni sistemi yaradılmalıdır. Bəzən yolu çəkirlər, amma yağış barmaqlıqları qoymurlar. Mən Biləcəridə oluram. Yəhya Hüseynov küçəsində yol çəkirdilər. Soruşdum ki, barmaqlıqlar niyə qoyulmur? Bildirdilər ki, bu barədə onlara tapşırıq verilməyib. İcra hakimiyyəti nə bilsin ki, həmin ərazidə yağış barmaqlığı yoxdur. İki yerə mən öz təşəbbüsümlə qoydurdum. Amma bununla iş olmaz. Gərək şəhərdə hər yerdə bunlar müəyyən məsafədən bir olsun. Yağış barmaqlıqları şəhərin çox yerində demək olar ki, yoxdur. Olanlara isə bəzən xidmət də göstərilmir. Tullantılar yığışıb üzərini örtür.

Əhali çox artıb. İstə-istəməz bu sistemə yenidən baxılmalıdır. Yeni sistem qurularkən əhalinin bundan sonrakı artım tempi də nəzərə alınmalıdır. Kanalizasiya sistemi 1-5 il yox, 30-50 il bundan sonra üçün planlaşdırılmalıdır. "Uzaq sahillərdə" filmində kanalizasiya xətti ilə insanlar ayaq üstə gedirlər. Adam boyundan da hündür olur. Bizdə də bu kimi şeylər nəzərə alınmalıdır. Əsas qərar təhlil aparılıb, vəziyyət qiymətləndiriləndən sonra veriləcək. Amma bu, xırda bir iş deyil. Mərhələli şəkildə işlər görüləcək".

C.Qocayev bildirdi ki, ilk olaraq Bakının qərb hissəsində işlərə başlanılmalıdır: "Binəqədi, Xırdalan kimi yerlərdən başlanılmasını daha məqsədəuyğun hesab edirəm. Yeni təmizləyici qurğu hazırlanmalıdır. Şəhərin mərkəzi yerlərindən çox, həmin ərazilərdə iş aparılmalıdır. Ələt qəsəbəsi də ora daxil olmalıdır. Çünki Ələt də yaxın gələcəkdə ayrıca şəhər olacaq, Amma Bakıdan ayrılmayacaq. Kanalizasiya sistemi eyni olacaq".

"Kaspi"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/489637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR