“Türkiyənin Avropa ümidləri puç oldu” – Zərdüşt Əlizadə

“Türkiyənin Avropa ümidləri puç oldu” –  Zərdüşt Əlizadə
23:47 15 Noyabr 2016
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə ilə Avropa Birliyi arasında yeni gərginlik yaşanır. Avropa Parlamentinin sədri Martin Şults "ökədə müxalif siyasətçilərin və jurnalistlərin həbsi ilə əlaqədar" Türkiyəni iqtisadi sanksiyalarla hədələyib. O, Türkiyədə ölüm hökmünün bərpası ehtimalına da münasibət bildirib: "Əgər Türkiyə ölüm hökmünü bərpa etsə, Avropa Birliyinə daxil olmaqla bağlı danışıqlar dayandırılacaq".
 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu buna cavab olaraq bildirib ki, Avropa Parlamentinin Türkiyəyə qarşı təhdidləri nəticəsiz olacaq: "Yaxşı olardı ki,  Avropa Parlamentində  PKK-nın fəaliyyəti pislənilsin, terrorçulara qarşı çağırışlar edilsin. Biz Martn Şults və digərlərində ikiüzlülük müşahidə edirik".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Avropa Birliyi məsələsi ilə bağlı ilin sonuna qədər gözləməyi planlaşdırdıqlarını açıqlayıb. O, ilin sonuna qədər səbr edəcəklərini, ondan sonra xalqın fikrini soruşacaqlarını vurğulayıb: "İngiltərə də belə etdi. Siz verdiyiniz heç bir sözü tutmadınız. Biz sizinlə hara gedəcəyik?!"

Yaranmış vəziyyəti şərh edən politoloq Zərdüşt Əlizadə bildirib ki, Türkiyə rəsmiləri ilə Avropa Parlamentinin sədri arasında yaranmış gərginlik tarixən, 100 illərdir davam edən rəqabətin növbəti mərhələsidir. Onun sözlərinə görə, bu rəqəbətdə yaxınlaşma, ilıqlaşma, sərtləşmə olub: "Görünür, indi sərtləşmə mərhələsidir. Avropa ümumiyyətlə, Türkiyəni qəbul etmir. Osmanlı imperiyasını, sonra isə müasir Türkiyə Respublikasını yaxın buraxmır. Onu özünün geosiyasi, iqtisadi maraqlarına rəqib sayır. Ona görə də istənilən imkandan istifadə edir ki, Türkiyəyə təzyiq göstərsin".

Z.Əlizadə qeyd edib ki, Türkiyə iqtidarı da indi çevriliş bəhanəsi ilə ifadə azadlığını məhdudlaşdırır, jurnalistləri, deputatları həbs edir: "Avropa bundan istifadə edib Türkiyəyə təzyiq göstərir, onu tənqid edir, hədələyir. Avropanın Türkiyəyə təzyiq imkanları sıfıra bərabərdir. Çünki onsuz da Ankarada çox gözəl anlayırlar ki, Türkiyəni Avropa Birliyinə heç vaxt qəbul etməyəcəklər. Heç vaxt da Türkiyəni özlərinə tay, bərabər saymayacaqlar. Ona görə Türkiyə də öz oyununu oynayır. Sözdə deyir ki, mən Avropaya inteqrasiya etmək istəyirəm, amma çox gözəl bilir ki, inteqrasiya etməyəcək. Sözdə deyir ki, mən də demokratiya yolu ilə gedirəm, amma çox gözəl bilir ki, Türkiyə cəmiyyəti üçün demokratiyanın müəyyən həddi var. Bütün bunları bilə-bilə o da öz oyununu aparır. Hər iki tərəf müəyyən bir diplomatik oyun aparır və burada təhlükəli, yaxud qorxulu heç nə yoxdur".

Ərdoğanın Avropa Birliyinə üzv olub-olmamaq məsələsinə dair ilin sonunadək plebisit keçirməyi planlaşdırdıqlarına dair açıqlamasını şərh edən Z.Əlizadə çox böyük ehtimalla treksit(ifadə Z.Əlizadəyə məxsusdur-red.) keçirilə biləcəyini vurğulayıb: "Breksit Britaniyanın etdiyi idi. Treksit də Türkiyənin Avropa Birliyinə əlvida deməsidir. Bu istisna edilmir. Bu da siyasi oyunda müəyyən bir addımdı".

Avropa Birliyi-Türkiyə qarşıdurmasında kimin haqlı, kimin haqsız olmasına dair sualımızı cavablandıran Z.Əlizadə hər kəsin öz haqqının olduuğunu söyləyib: "Hərənin öz haqqı, öz baxışı var. Avropa Türkiyəyə həmişə yad baxıb. Türkiyəni özünün tərkib hissəsi kimi görməyib, qəbul etmir. Aparıcı Avropa dövlətləri Türkiyəyə hər zaman rəqib kimi baxıblar. Böyük dövlətdir, böyük potensialı var. Nəyini lazımdır? Həm də müsəlman dövlətidir. Məsələn, müsəlman Kosovanı qəbul edə bilərlər. Çünki Kosova mağmın, asılı, oyuncaq bir dövlətdir. Onu qəbul etmək də olar. Amma Türkiyə özünün iddiaları olan böyük dövlətdir. Onu qəbul etmirlər. Buna da onların haqqı var. Çünki türklər avropalılardan fərqlənir. Düzdür, Avropa daxilində də bir-birindən xeyli fərqlənən xalqlar var. Amma o xalqlar imperiya xalqları deyil, böyük iddiaları yoxdur. Onların gələcək potensialı da cüzidir. Amma Türkiyə böyük potensialı olan dövlətdir. Onunla bir az məsafə saxlayırlar".

Z.Əlizadə, həmçinin qeyd edib ki, Avropa Birliyinə daxil olan hər bir dövlətinin özünün arzu və istəkləri olur: "Avropa bunu qəbul edəcəkmi? Hətta, Dünya Ticarət Təşkilatına daxil olanda da hər bir dövlətin özünün müəyyən əmtəə qruplarına, rüsumlara görə şərtləri olur. Türkiyə də uzun müddətdir Avropa Birliyi ilə danışıqlar aparır. Avropa hər dəfə yeni şərtlər irəli sürür. Bu şərtləri yerinə yetirir, təzə şərtlər uydururlar. İstisna deyil ki, bütün digər şərtləri yerinə yetirdikdən sonra qondarma erməni soyqırımını tanımaqla, erməni dələduzlarını belinə əyləşdirib ömür boyu gəzdirməklə bağlı şərt qoyacaqlar. Təbii ki, Türkiyə də bütün bunları gözəl anlayır. Bu şərti hərdən səsləndirirlər. Düzdür, rəsmi şərt kimi irəli sürməyiblər, amma gözləyirlər ki, Türkiyə o biri şərtləri yerinə yetirdikdən sonra bu şərti də irəli sürsünlər. Türkiyə də bunu qəbul etməyəcək. Türkiyə cəmiyyətinin liberal, romantik hissəsinin "nə vaxtsa biz Avropanın bir parçası olacağı" fikri puç çıxdı. Çox gözəl olardı ki, eyni şeyi digər dövlətlər də anlasınlar. Avropa özü dərin böhran içindədir. Yeni üzvləri qəbul etməyə taqəti yoxdur. Avropa köhnə problemləri ilə məşğuldur, hər bir yeni dövlət də yeni problem deməkdir. Yeni problemləri də istəmirlər. O cümlədən nə Azərbaycanı, nə Ermənistanı, nə Gürcüstanı, nə Ukraynanı, nə Moldovanı, nə də Belarusu heç kim qəbul etmək istəmir. Hətta, ola bilsin çox sevinirlər ki, Britaniya birlikdən çıxdı. Ola bilsin, yenə bir neçə dövlət çıxsın. Bu, Avropa Birliyinin sonu demək deyil. Xalq Cəbhəsindən adamlar gedirdi, Elçibəy deyirdi ki, biz saflaşırıq. Ola bilsin ki, Avropa Birliyi də bu yolla saflaşdı. Saflaşıb-saflaşıb ola bilsin indiki Xalq Cəbhəsinin vəziyyətinə düşdü. Yəni, bu da istisna deyil. Amma bilinmir, bəlkə doğrudan da gücləndi, bəlkə bəzi yabançı dövlətlərdən xilas olandan sonra homogen, oxşar, eyni düşüncə tərzinə sadiq olan dövlətlərin, xalqların birliyi daha səmərəli oldu. Ola bilsin. Çünki onlar çox tələsmişdilər. Şərqi Avropa ölkələrini siyasi məqsədlər üçün qəbul elədilər ki, onları Rusiyadan qoparsınlar. Onlar da Avropa Birliyinin digər üzvləri üçün başağrısı yaradırlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/489766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR