Məşhur şairin xanımı butik açdı: “Başımı itirmişdim, o isə...” - FOTOLAR

Məşhur şairin xanımı butik açdı: “Başımı itirmişdim, o isə...” - FOTOLAR
01:23 16 Noyabr 2016
236 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur şair Rüstəm Behrudinin həyat yoldaşı Dünya xanım yeni açdığı geyim butikinin açılışını etdi. Biz də həm cütlüyü yeni işləri münasibəti ilə təbrik etmək, həm də söhbətləşmək üçün oraya yollandıq. Mağazaya çatanda artıq açılış üçün bütün hazırlıqlar tamamlanmışdı.

Qırmızı lent kəsilib, qonaqlara mağaza təqdim ediləndən sonra Dünya xanımla bir kənara çəkilib, söhbətə başladıq:

- Yeni biznesə başladınız. Qadın geyim mağazası açmaq ideyası necə yarandı?

- Biznes bir az ağır kəlmədir. Doğrusu, bu söz məni qorxutdu. Ağlım kəsəndən biznes, biznesmen sözlərini heç sevməmişəm. Heç bilmirəm, niyə bu ifadə mənim üçün soyuq, sərt gerçəklik, gözünün yaşına baxmamaq, acımasızlıq kimi bir şeylər ifadə edir? Bütün bunların isə mənim ruhuma, xarakterimə heç bir dəxili yoxdur. Mənim dünyam, duyğularım insanlara qarşı olan sevgidən, qayğıdan, yoğrulub.

Mağaza açmaq ideyası xanımların geyim sevgisindən yarandı. Mən xanımlar tanıyıram ki, ən az 2-3 gündən bir mütləq geyim, ayaqqabı, çanta alır, amma çoxunu geyinmir. Sonra da o geyimlərin tez dəbdən düşməsindən, keyfiyyətsizliyindən və ya ürəklərincə olmamasından gileylənir. Nəticədə xeyli pul havayı xərclənir və alınan geyim istifadəsiz qarderobda qalır. Bəlkə də insanlar məni qınayacaq ki, insanlar çörək, dolanışıq dərdindədir, bu nələrdən danışır. Onların fikirləri ilə razılaşmaya bilmərəm. Çünki mən də geyimlə, dəblə bağlı yazılar oxuyarkən belə düşünmüşəm. O qədər adam var ki, kirayədə yaşayır, o qədər vacib ehtiyacları var, amma lazım oldu-olmadı geyim, çanta, ayaqqabı alır. Yəqin bu, xəstəlikdir. Mən isə bir fəsildə 1-2 ayaqqabı, çanta, geyim alıram. Bəzən isə 1 il geyim ala bilmirəm. Bəzən isə 10 il əvvəl aldığım geyimi geyinirəm, hamı bəyənir, haradan aldığımı soruşur. Mən dəbli geyimləri sevirəm. Ona görə də butik açmaq qərarına gəldim. Əminəm ki, mağazadakı geyimlər, aksessuarlar alıcıların ürəyincə olacaq.

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, hər zaman fərqli düşüncəli xanım olmusunuz. Bu fərqlilik mağazanızda da özünü hiss etdirəcəkmi?

- Düzdür, hər zaman düşüncələrim fərqli olub. Bu da butikimdə özünü büruzə verir. Hər zamanla ayaqlaşan, gözəl, fərqli, keyfiyyətli və eleqant geyimlər, ayaqqabılar və aksessuarların olması bizim butiki digərlərindən fərqləndirir. Mağazadakı geyimləri xarici ölkələrdən onlayn sifariş edirəm. O saytların əksəriyyəti Azərbaycana mal göndərmir. Alıcı da başqa transfer saytlara müraciət edir, bu da artiq xərc deməkdir. Əsas problem isə geyimlərin ölçü problemidir. Mən də alıcıların işini asanlaşdırmaq istədim. Beləliklə, “Look @ me” butiki yarandı.

- Şəkillərinizə baxanda evinizdəki göy rəngli güllər diqqətimi çəkmişdi. Hazırda mağazanızı da həmin rəngdə güllər bəzəyir. Hətta, qonaqlar onları təbii hesab edib, qoxulayır. Göy qızılgülü sevməyinizə səbəb nədir?

- İndi burada gördüyünüz bu gözəl, canlı olmasa da, canlı kimi görünən çiçəkləri ilk dəfə mən də onlar kimi aldanıb qoxulamışdım. Mən bu çiçəkləri illər əvvəl bir xarici ölkədə görmüşdüm və çox təəccüb etmişdim. Bakıya gələndən sonra mən bu çiçəkləri çox axtardım, amma tapa bilmədim. İndi gördüyünüz elə həmin o çiçəklərdəndir ki, biz onu yerindən alıb gətirmişik. Məncə, gülləri sevməyən çox az qadın tapılar. Daha doğrusu, tapılar? Həm gözəl, həm canlı effektli çiçəkləri kim bəyənməz ki..? Bir ətək pul verib aldığımız gülləri bir evdə nə qədər saxlaya bilərik? Maraqlı məqam, bu çiçəklərin adlarının dilimizə tərcüməsidir, “Solmayan, süni, canlı çiçəklər” anlamını verir. Məncə, bu çiçəklərlə həm də tez-tez solmuş çiçəklərini dəyişmək məcburiyyətində qalan otellərin, şadlıq saraylarının foyelərini də gözəlcə bəzəmək olar. Adətən gözümüz ağ və qırmızı qızılgüllərə alışıb. Burada da göy və sarı qızılgüllər çoxluq təşkil edir. Bəlkə də, bu bayaq dediyiniz o fərqlilikdən qaynaqlanır.

- Çoxları sizin şair Rüstəm Behrudinin xanımı olduğunuzu bilir. Hazırlıqlarda yoldaşınız sizə yardımcı oldu?

- Sizə bir şey deyim, mağazanın açılışına bir neçə gün qalıb, işlərin çoxluğundan başımı itirmişəm, zamanın yetməyəcəyi qorxusundan ağlamaq istəyirəm. Bu vaxt Rüstəmə zəng vurdum ki, neyləyirsən? Çox rahatcasına, “tilov düzəldirəm, balığa gedəcəyəm” dedi. Bu cavabın qarşısında bilmədim gülüm, yoxsa ağlayım… Bilirsiniz, Rüstəm heç vaxt bu işlərin adamı olmayıb. Bu günə qədər Rüstəmin bura ilk gəlişidir. Yəni, sizin kimi o da açılışa gəlib. Mən nəinki Rüstəmi bu cür işlərdən uzaq tuturam, daim başına pərvanə oluram ki, heç bir dəyişiklik hiss etməsin, gördüyü qayğı, diqqət digər günlərdəkindən fərqlənməsin.

- Belə başa düşdüm ki, Rüstəm Behrudinin xanımı olmaq asan deyil...

- Düzünü deyim ki, mağaza filan onu uyğun deyil. O, evə gələndə də bir qüsur tapmamalıdır, hər şey yerli-yerində, tər-təmiz olmalıdır. Yemək bir dəqiqə gecikə bilməz. Mağazanın açılışından bircə gün qabaq Rüstəm yorğun gəlib, qonaq otağında ayaqlarını yuyuram, gülə-gülə Yağmura səsləndi: “Telefonu gətir, mağaza müdirinin şəkilini çəkək”. Onun bu sözünə çox güldük.

- Bildiyimə görə, ixtisasca jurnalistsiniz, dövlət televiziyasında çalışmısınız. Daha sonra həyatınızı ailənizə həsr etmisiniz, evdar xanım olmusunuz. Bu addımı atmağa heç peşman oldunuzmu?

- Mənim ən böyük, ən müqəddəs işim elə Rüstəmdir. Rüstəm çox nadir hallarda nəyə isə sevinib, xoşbəxt ola bilər. Hərdən mənə elə gəlir ki, o, sevinməkdən, huzurlu olmaqdan utanır. Kim necə qəbul edəcək, özü bilər. Pafoslu danışmaq xətrinə demirəm. Rüstəm bütün varlığı ilə vətəninə, xalqına bağlı adamdır, çox narahatdır, gərgindir, huzursuzdur. Görünür, böyük adamların ağrıları da böyük olur. Yaranan səmimiyyətdən istifadə edib, sizə bir sirr açım. Bir tanış ailə var, bölgələrin birində yaşayır, başsız, kişisiz qalmış 5 qadından ibarətdir. Heç yerdən gəliri olmayan, illərdir ki, uyğun bir iş tapa bilməyən bir ailədir. Hər il Rüstəmlə o ailənin qonağı oluruq. Hər dəfə onlardan ayrılanda evin ağbirçəyi Saimət xalanın bizdən ümid diləyən gözlərindən yayındırırıq, öz nəmli gözlərimizi, bu dəfə də bir uyğun iş tapa bilmədik deyə... Bəlkə də, bu mağazanın bu tezliklə açılışı olmayacaqdı. Əgər illərdir, Rüstəmi və məni sarsıdan o gözlər, Saimət xalanın sual dolu gözləri olmasaydı. Bu mağaza da Saimət xala və qızları üçün bir ümid qapısı oldu. Onun qızları burada bizimlə çalışacaq. Bu butik bizim, ən başlıcası isə Rüstəmin illərdir ki, daşıdığı nigaranlıqdan, fikirdən qurtulmasına səbəb oldu. Açılış zamanı Rüstəmin qucaqlayıb, kövrəldiyi qadın elə Saimət xala idi. O an Rüstəmin gözlərinin içi gülürdü. Mənə dedi ki, Dünya, bu gün sənin ən böyük qazancın, mükafatın Saimət xalanın və qızlarının gözlərindəki o işıq, o ümid dolu baxışlardır.










Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/176076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR