Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

12 İL...

12 İL...

Date: 16 November 2016 09:59

 

Bu 12 ildə çox şey dəyişib. Dünyada da, Azərbaycanda da, mətbuatda da, APA-da da... Dəyişənləri sadalamaq mümkün deyil, inkanı yox. Dəyişməyənləri sadalamaq da onun kimi. Amma APA-da dəyişməyən iki şey var.

 

Bunlardan biri nizam-intizamdı. Bu gün APA-da hamı (səhər tədbirləri ilə əlaqədar bəzi istisnalarla) müəyyən edilmiş saatda işdə olmalı, səhər iclasında iştirak etməlidir - eynilə 12 il əvvəl 16 noyabrda olduğu kimi...

 

Dəyişməyən ikinci qayda odur ki, hamı operativlik və dəqiqlik prinsiplərini əsas götürməklə işini görməlidir - eynilə 12 il əvvəl 16 noyabrda deyildiyi və başlanıldığı kimi...

 

Bu 12 ildə baş verənlər haqqında, APA haqqında çox danışmaq, çox yazmaq olar. Danışılır, yazılır da. Yaxşısına yazan da var, pisinə də. Məsələ bu deyil. Məsələ odur ki, 12 il əvvəl ilk xəbərini yayan APA arxasında iz cıza-cıza, yol çəkə-çəkə gəlir. Bu izdə, bu yolda nə qədər insan yürüdü, nə qədər insan APA qatarına minib düşdü?

 

Bu gün elələri var ki, APA-da çalışdığını deyəndə nə mən, nə də Vüsalə xatırlaya bilirik. Bu qədər çox olublar yəni. Sevindiricidir. Ən əsası odur ki, onlar da, biz də APA-da çalışmadan utanmamışıq, əksinə qürurlanmışıq. APA bəzi dostlarımız üçün daha yüksək vəzifələrə, hansısa məqsədə çatmaq üçün vasitə də olub. Buna da sevinirik.

 

Bilirsiniz bir də nə sevindirir? APA-dan ayrılaraq özü yeni xəbər agentliyi yaradanlar, başqa agentlikdə çalışanlar rəqib olaraq məhz APA-nı seçirlər, rəqabətin ilk ünvanı kimi APA-nı görürlər, APA-ya oxşamaq istəyirlər. Deməli, APA xəbərin, xəbərçiliyin başındadır. Birincilik hamının arzusudur. APA isə təkcə birinci olmayıb, həm də uzun illərdir, bu birinciliyi qoruyub-saxlamaq kimi çətin işin öhdəsindən gəlir.

 

Bir işə başlayanda bir yol cızarsan, o yolla yürüyərsən, büdrəyərsən, yıxılarsan, amma doğru bildiyin o yoldan dönməzsən, qalxarsan, yenə yürüyərsən. Biz bir yola çıxdıq 12 il əvvəl - XƏBƏR YOLUna. Bu yolda bir prinsipimiz var - operativlik və dəqiqlik bir arada. İşini bu prinsip əsasında görən "xəbərçilər" gözümün işığıdır.

 

Bir həqiqət də var - APA Azərbaycan mətbuatında yeni nəfəs, mətbuat tariximizdə hadisə, məktəb, dərslik oldu. Az işdi?

 

Sabah biz olmayacağıq, əsas odur ki, APA olsun, APA qalsın - tarixdə və mətbuatda...

 


Tags:  İL


RƏYLƏR


Top news