21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 2017-ci ildəki qitə çempionatına son iki vəsiqə pley-offda sahibini tapıb.
Norveç yığması Serbiyaya 1:0 hesabı ilə qalib gəlsə də, 4 gün öncə evdə 2 cavabsız qol vuran balkanlılar final mərhələsinə yüksəliblər. Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparan və 7:0 hesablı qələbə ilə yığmamıza tsiklin antirekordunu yaşadan Avstriya isə həlledici raunda vəsiqə əldə edə bilməyib. İspaniya ilə səfər oyununda qolsuz bərabərə qalan keçmiş rəqibimiz evdə buraxdığı qola (1:1) görə pley-offda dayanıb.
Qeyd edək ki, Polşada keçiriləcək final mərhələsində 12 komanda mübarizə aparacaq. Meydan sahibləri ilə yanaşı, qrup qalibləri Portuqaliya, Danimarka, İngiltərə, Slovakiya, Almaniya, Çexiya, İsveç, İtaliya, Makedoniya, həmçinin pley-offda sevinən İspaniya ilə Serbiya mübarizə aparacaq. 2017-ci il iyunun 16-30-da keçiriləcək final mərhələsinin püşkü dekabrın 1-də atılacaq.
Milli.Az