Azərbaycan daha bir neçə ölkə ilə ikiqat vergitutmanı aradan qaldıracaq

Azərbaycan daha bir neçə ölkə ilə ikiqat vergitutmanı aradan qaldıracaq
12:42 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ İndiyə qədər Azərbaycan ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı 51 ölkə ilə saziş imzalayıb və bunlardan 47-si artıq qüvvəyə minib. "Report" xəbər verir ki, bu barədə vergilər nazirinin müşaviri Riyad Hüseynov məlumat verib.
Onun sözlərinə görə, müqavilələrdən 23-ü Avropa İttifaqına üzv ölkələrlə bağlanıb, digər müqavilələr isə Azərbaycanın əsas xarici ticarət tərəfdaşları, iqtisadi əlaqələrin mövcud olduğu və ya iqtisadi maraq doğuran dövlətləri əhatə edir.
"Hazırda İspaniya, Malta, İsveç və İordaniya ilə imzalanmış analoji sənədlər Azərbaycan tərəfindən təsdiq edilib və qarşı tərəflərdən də dövlətdaxili prosedurlar bitdikdən sonra qüvvəyə minəcək. Bundan əlavə, müqavilələrin layihələri üzrə Mərakeş, İrlandiya, İsrail, Danimarka, Sinqapur və Slovakiya ilə razılıq əldə edilib və gələcəkdə həyata keçiriləcək. Rəsmi səfərlər və ya görüşlər zamanı bu sənədlərin də imzalanması nəzərə tutulur. Türkmənistan, Portuqaliya, Oman, Albaniya, Qırğızıstan, Hindistan, Suriya, Banqladeş və Malayziya ilə də ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin razılaşdırılması üzrə işlər aparılmaqdadır", - deyə R.Hüseynov qeyd edib.
Bundan başqa, Vergilər Nazirliyinin rəsmisi deyib ki, son dövrlər vergi məsələlərində şəffaflıq, məlumat mübadiləsi və beynəlxalq əməkdaşlıq sahəsində səmərəliliyin artırılması istiqamətində gedən qlobal proses və tendensiyalar nəzərə alınmaqla, avtomatik məlumat mübadiləsi və vergilərin yığılmasında yardım haqqında Anlaşma Memorandumunun model layihəsi hazırlanıb və 40-a yaxın ölkə ilə bu cür memorandumun bağlanması məsələsi müzakirə edilir.
"Bununla yanaşı, vergitutma məqsədləri üçün müxtəlif dövlətlər tərəfindən xarici şəxslərin oradakı hesabları haqqında məlumatların toplanmasını, həmin şəxslərin rezidenti olduqları dövlətlərlə avtomatik mübadilənin vahid prinsiplərini tənzimləyən Ümumi Hesabatlılıq Standartına (Common Reporting Standard - CRS) əsasən, Azərbaycan Respublikasının "Səlahiyyətli orqanlar arasında maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsinə dair Razılaşma"ya qoşulması istiqamətində işlər görülür", - deyə o, bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-daha-bir-nece-olke-ile-ikiqat-vergitutmani-aradan-qaldiracaq-111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR