Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Əli və Nino" filmi Nyu-York izləyicilərini heyran etdi - FOTO

"Əli və Nino" filmi Nyu-York izləyicilərini heyran etdi - FOTO

Date: 16 November 2016 15:05

Noyabrın 15-də Nyu-York şəhərində Qurban Səidin müəllifi olduğu və dünya ədəbiyyatının nadir əsərlərindən biri hesab edilən "Əli və Nino" romanı əsasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycanda çəkilmiş "Əli və Nino" filminin premyerası baş tutub. Premyera Nyu-Yorkun məşhur kinoteatrlarından biri olan "Sunshine" kinoteatrında keçirilib.

Milli.Az xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirin açılışında çıxış edən filmin prodüseri Kris Tikyer dözümlülük və multikulturalizmin dövrümüzün və günümüzün ən aktual məsələlərindən biri olduğunu vurğulayıb və "Əli və Nino" filminin bu mövzuda əhəmiyyətli mesaj göndərdiyini bildirib. K.Tikyer filmin ərsəyə gəlməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xüsusi rolunu qeyd edib. K.Tikyer qeyd edib ki, Leyla Əliyevanın güclü Azərbaycan kimliyi və Vətən sevgisi bu filmin reallığa çevrilməsində və uğurlu alınmasında mühüm töhfə vermiş faktorlardan biri olub.

Tədbirə kino industriyasının dünyaca məşhur adlarından olan K.Tikyerdən başqa, filmdə Əli rolunu canlandıran Adam Bakri və Mendi Petinkin də xüsusi qonaq qismində qatılıblar. A.Bakri nümayişdən öncə çıxış edərək "Əli və Nino" filminin müxtəlif yerlərdən olan fərqli insanları bir araya gətirən güclü sevgi hekayəsi olduğunu bildirib.

Premyerada Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək Qurban Səidin müəllifi olduğu bu ədəbiyyat əsərinin həm ölkəmizin, həm də bölgəmizin tarixinin və mədəniyyətinin olduqca vacib hissəsini əks etdirdiyini vurğulayıb. O qeyd edib ki, mədəni irsimizin mühüm parçalarından biri olan "Əli və Nino" əsəri əsasında çəkilmiş bu film bölgədəki milli kimliklərin və onlar arasında qarşılıqlı münasibətlərin başa düşülməsi üçün maraqlı təqdimat rolunu oynaya bilər. Məhz buna görə, E.Süleymanov belə müstəsna əsər əsasında filmin işıq üzü görməsində xüsusi əməyi və töhfəsi olan Leyla Əliyevaya dərin minnətdarlıq ifadə edib.

"Əli və Nino" filmi premyerada Nyu-York izləyiciləri tərəfindən maraq və alqışlarla qarşılanıb. Nümayişin sonunda çoxsaylı izləyicilər filmin onlarda dərin emosional iz buraxdığını qeyd ediblər.

"Əli və Nino" filmi Nyu-Yorkda kinoteatrlarda nümayiş etdiriləcək.

Milli.Az














Tags:  Əli Nino filmi Nyu-York izləyicilərini heyran etdi FOTO


RƏYLƏR


Top news