"Qəbələ" qışda güclənəcək

"Qəbələ" qışda güclənəcək
15:08 16 Noyabr 2016
88 İdman
Ölkə mətbuatı
A- A+

"Avroliqada ardıcıl ikinci mövsüm iştirakımız bizim üçün böyük təcrübə oldu. İldən-ilə komandamızın daha yaxşı çıxış etməsini, öz oyun üslubunu yaxşılaşdırmasını müşahidə edirik. Bu il daha xoşagələn oyun sərgiləyirik".

Publika.az xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov Klublar Komitəsinin bu gün keçirilmiş iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Komandanın Avroliqadakı çıxışını dəyərləndirən F.Nəcəfov ötən ildən fərqli çıxış etdiklərini bildirib: "Nəticəmizin belə alınacağını gözləmirdik. Amma uduzduğumuz oyunların hamısını yüksək səviyyədə keçirmişik. Bəzi oyunlarımızı futbolçularımızın fərdi səhvləri üzündən uduzmuşuq. Amma komanda kimi uğurla çıxış edirik. Burada da zədəlilərimiz oyunumuza təsirsiz ötüşmədi. Bəzi mövqelərdə futbolçuların çatışmaması özünü göstərdi və nəticəmiz belə uğursuz alındı. Düzdür, qrupdan çıxma şanslarımız tam tükənib. Amma qarşıdakı 2 oyuna komandamız tam gücüylə çıxacaq. Çünki burada həm reytinq məsələsi var, həm də klub olaraq, ölkəmizi layiqincə təmsil etmək istəyirik".

Klub rəsmisi qış fasiləsində heyətə yeni futbolçuların cəlb olunacağını söyləyib: "Bəzi mövqeləri gücləndirmək istəyirik. Avroliqadan əldə etdiyimiz gəlirin bir hissəsini futbolçu transferlərinə xərcləmək niyyətindəyik. Buna görə də axtarışlarımız davam edir. Baş məşqçimiz Roman Qriqorçuk bir neçə mövqedə oynaya bilən futbolçulara üstünlük verir. Məsələn, bura hücumda, yarımmüdafiənin sağ və solunda oynaya bilənlər aiddir. Axtarışlarımız o istiqamətdə gedir".

Qeyd edək ki, Avropa Liqasında C qrupunda yer alan "Qəbələ" ilk 4 tur qarşılaşmalarının hamısından məğlub ayrılıb. Noyabrın 24-də Belçika "Anderlext"ini qəbul edəcək "Qırmızı-qaralar" dekabrın 8-də Almaniyada "Maynts"ın qonağı olacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/176154.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR