Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Reytinq üçün porno film çəkək?" - FOTO

"Reytinq üçün porno film çəkək?" - FOTO

Date: 16 November 2016 15:47

Aktyor və teleaparıcı Azər Axşam ölkə.az-a müsahibə verib.

Milli.Az müsahibəni təqdim edir:

- Azər Axşam adını bir çox insan ilk dəfə "Teletaym"dan eşitdi. Bir az o vaxtlardan danışaq. 

- "Teletaym"dan öncə ABA kanalında "Him-cim" verilişini aparırdım. Amma "Lider TV"-yə keçdikdən sonra hər gün efirdə olmağa başladım və tamaşaçı ilə sıx ünsiyyətdə oldum. O vaxt "Teletaym" tipli intellektual verilişlər yox idi və  ilk intellektual və interaktiv verilişin aparıcısı oldum. Düzdür ondan öncə də verilişlər olub, amma fərqli tərzdə ilk veriliş "Teletaym" idi. Onu da deyim ki, tamaşaçıların o səpkidə baxacağı başqa veriliş yox idi. Verilişimin uğurlu olma səbəblərindən biri də bu oldu. Eyni zamanda, aparıcılıq etdiyim zaman yumordan istifadə etməyim və bəzi nüanslar verilişin və şəxsimin sevilməsinə gətirib çıxardı.

- Daha sonra dünyada ən adlı-sanlı hesab edilən formatlardan biri "Milyonçu"nu aparmağa başladınız...

- O verilişi məndən öncə İlhamiyyə aparırdı. Sonra o televiziyanı tərk elədi. İlhamiyyədən əvvəl mənə o verilişi aparmaq təklif olunmuşdu. Sadəcə mən özümü hazır görməmişdim deyə qəbul etmədim və telekanal bundan sonar İlhamiyyə ilə anlaşdı. O getdikdən sonra yenidən seçim aparıldı, heç kimdə alınmadığını görən telekanal rəhbərliyi "Milyonçu" şousunu aparmağı yenidən mənə təklif etdi. Mən də bu dəfə qəbul etdim. Özüm də hiss edirdim ki, hazıram. Çünki bu müddət ərzində şounu izləyirdim, tam hakim olmuşdum. Şounun rejissoru olan Şəriflə bu barədə müzakirələrimiz də olurdu. Sonda gəlib Şərifə dedim ki, bu verilişin rejissoru sənsən, aktyoru da mən. Gəl, bu verilişin Azərbaycan versiyasını hazırlayaq. Çünki mən nə ingilis, nə ispan, nə də italyanam. Öz versiyamızı hazırladıq və uğurlu alındı.

- Sizcə, İlhamiyyə xanımda niyə uğursuz alındığı halda, sizdə uğurlu alındı?

- İlhamiyyəni səhv yönəltmişdilər. Onda daha çox "Zəif bənd" aparıcısı tipi yaratdılar. Bu da "Milyonçu" üçün uyğun gəlmirdi. İlhamiyyənin intellektual gücü qarşısındakı oyunçuya təsir edirdi və o qorxurdu. İştirakçıda böyük həyəcan əmələ gəlirdi. Biz isə "Milyonçu"nun əyləncə üzərində qurulduğunu, yəni, həm əyləncənin olduğu, həm də pul qazanıldığı bir şou olduğunu tamaşaçıya hiss etdirdik. Verilişə bəzən çox savadlı insanlar gəlirdi, ancaq biz onları efirə çıxartmırdıq. Çünki biz o insandan istədiyimiz şounu ala bilmirdik. Çox quru oynayırdılar, sanki imtahanda oturub suala cavab verirdilər. Bunu da seçim turunda görür və elə adamlar seçirdik ki, həm qalib gəlsin, həm də tamaşaçılarımızı darıxdırmasın.

- Vurğuladınız ki, seçim turunda ciddi görünüşlü, sizin dediyiniz kimi "imtahan"a gələn insanları yox, tamaşaçıların darıxmaması üçün məhz maraqlı insanları seçirdiniz. Səhv etmirəmsə yarışmadakı maksimum məbləği qazanan olmayıb. Bəlkə sırf suallara yönəlmiş intellectual və ciddi birini seçsəydiniz o pulu qazanardı?

- 14 suala doğru cavab verib oyunu tərk edənlərimiz olmuşdu. Ancaq bütün suallara, yəni 15 sualın hamısına heç kim düzgün cavab verə bilməmişdi.  Hər şeyi bilib-bilməmək vacib deyil, gərək insanın naxışı da ola. Yarışma zamanı qarşına bildiyin suallar da çıxa bilər, bilmədiyin suallar da... Dediyim kimi, gərək insanın bəxti ola. Bəzən bir sahələri yaxşı bilib, digərinə önəm vermirsən, amma sual elə önəm vermədiyin sahədən qarşına çıxır və beləcə məğlub olursan. Bizim veriliş də şou və əyləncə üzərində qurulmuşdu. Oyunçu sualı bilməsəydi belə onu pərt etmək olmazdı. Bir insan sadə sualda səhv edəndə mən onu pərt edib üzünə vursaydım, inanın o verilişə nı gələn olardı, nə də baxan. Maksimum çalışırdım ki, elə bir hal olanda da şən abu-hava yaradım.

- Hazırda gənc aktyor və aktrisalar az deyil. Sizin gəncliyinizlə indiki gənc aktyorları müqayisə edəndə hansı fərqləri görürsüz?

- Biz gəncliyimizdə daha işguzar idik. Biz tanınmaq deyil, peşəkar olmağa çalışırdıq. İndikilər peşəkarlaşmaqdan daha çox, tanınmağa can atırlar. Bəzi seriallarda, verilişlərdə həvəskar aparıcı və aktyorların olması bu sənəti asanlaşdırdılar. Çünki hər hansı bir şəxs televiziyaya baxıb görür ki, efirə çıxıb veriliş aparmaq, serial və filmlərdə aktyorluq etmək üçün heç də təhsil almaq, maariflənmək, məktəb keçmək lazım deyilmiş. Sadəcə sponsor tapıb və "qabağa getmək" mümkündür. Bu da öz növbəsində televiziyanı məhv edir. Televiziyada aparıcı olan insan savadlı auditoriyanın qəbul edəcəyi şəxs olmalıdır. Peşəkar olmaq o da deyil ki, İncəsənət Universitetindən məzun olasan. Bu universiteti bitirib peşəkar olmayan insanlar da az deyil. Düzdür, onların içərisində bəxti gətirməyənlər olub. Əsas demək istədiyim budur ki, hər şey sadəcə diplom almaqla ölçülməməlidir. Məsələn, mənim içimdə rəssamlıq hissi var. Mən rəsmlər çəkirəm, pis də bacarmıram. Amma peşəkar yox, həvəskaram. Əgər mən peşəkarlaşmaq istəyirəmsə, gedib bir rəssamdan dərslər almalıyam. Bunun vacibliyini anlamaq lazımdır. Mən bunu deyəndə bir çoxu səhv anlayır, diplom məsələsini qabardırlar. Hər oxuyan Molla Pənah olmur. Peşəkarlıq  sadəcə maliyyə demək deyil, həm də peşəkar düşünməkdir. İncəsənət adamları sponsurlarını özlərinin səviyyəsini qaldırmalıdır ki, pulu səviyyəli işə qoysun. Şouya pul buraxmaq olar, amma səviyyəli şouya. İnanın ki, bir çox sponsor buraxın şouya pul buraxmağı, "mırta" pul yatırırlar. "Filan aktyor mırtdır e"  deyib pul verirlər. "Mırt" aktyor olmur, ola da bilməz. Efirlərdən "mırtxananı", "mırtizmi" yığışdırmaq lazımdır. Gəlin özümüzü aldatmayaq, bu sənət deyil. General olmaq istəməyən əsgər yaxşı əsgər deyil. Bu gün əksəriyyət incəsənətin generalı olmaq istəmir. Çünki düşünürlər ki, "serjant" kimi də .

- "Qız atası" serialında rolunuz çoxları tərəfindən sevildi. Bəs, realda Azərlə Çingiz rolunun yaxından-uzaqdan bir oxşarlığı varmı?

- Hər bir insanın içinə Allah bütün tip insanların toxumunu səpib. İnsanın borcu düzgün toxumu cücərtməkdir. Allah təkəbbürlülüyü sevmir, ona sığınmağımızı istəyir. Ona görə də heç vaxt Çingiz kimi olmayacağımı demirəm. Sadəcə Allah qorusun deyirəm. Çünki pul elə bir gücdür ki, o insanı istədiyi istiqamətə yönəldə bilər. Həmişə fikrləşirəm ki, pulu çox olub yaxşı olan insanlar varsa, demək ki, bu mümkündür. İnsana pul təsir edir, amma kamil və ağıllı insanı pul azdırmır. Daha sonra başa düşdüm ki, insanı halal qazancla olan pul azdırmır. Rahat gələn pul isə insanı çaşdırır. Çingiz indi varlanıb, şirkət müdiridir. Azər kimi varlanıb şirkət sahibi olsam, necə olaram, bax bunu bilmirəm. Amma mən böyük bir şirkətin müdiri olsam, ətrafımda əsl dostları, səhvimi üzümə deyən şəxsləri saxlayardım.

- "Aramızda qalsın" serialından sonra aktyor kimi efirlərdə görünmədiniz. Bu nə ilə əlaqədar idi?

- İlk olaraq deyim ki, pul söhbəti deyildi. Aktyor yetişdikcə rejissor ondan iki addım öndə yetişməlidir. Rejissor aktyoru inandırmasa, birgə işləmək mümkün deyil. Bəxtiyar müəllim həmişə bizə deyirdi ki, aktyor qadındır, rejissor kişi. Əgər o qadın kişisini sevmirsə, ona ram olmayacaq. Aktyor rejissorunu sevməlidir. Onun gücünü, bacarığını, düşüncəsini sevməlidir. Bu gün elə rejissorlar yoxdur. Mən istədiyim rejissorlar mənimlə işləmir. Ramiz müəllim, Oktay müəllim, Vaqif bəy və s. kimi rejissorlardan təklif gözləyirəm, amma hələ ki, mənimlə işləmirlər. Onların mənimlə niyə işləmək istəməmələrinin səbəblərini bilmirəm. Bəlkə, onların istədiyi tipdə deyiləm. Komediya janrını bir kənara qoysaq, dramda mənə ən yaxını Rövşən İsaqdır. Sonra Vüqar Vəliyev var. Bir televiziya tamaşası eləmək istəsə, böyük məmnuniyyətlə onunla işləmək istəyərəm.

-  Siz dram teatrı və kino aktyorluğu üzrə təhsil almısınız. Amma sizi nə üçünsə hər kəs yumor aktyoru kimi tanıyır və komediya janrlı rollar təklif olunur. Bunun səbəbi nədir?

- Ona görə ki, mən şoumenəm. Rejissor məni komediya tərəfindən görür. Məni dram tərəfdən görmürsə, deməli rejissor deyil. Əsl rejissor aktyorun görünən tərəfini deyil, onun görünməyən tərəfini kəşf edib göstərəndir. Tamaşaçı zatən mənim yumor tərəfimi bilir. Sən isə mənim dram tərəfimi, tragediya tərəfimi göstər. O zaman sənə "bərəkallah" desinlər. Hansısa dramatik düşüncəyə sahib bir rejissor mənimlə dram janrında film çəksə, doxsan faiz əminəm ki, onun üzünü yerə vurmaram. Teatrda Hamlet rolunu oynamışam. Mənə gündəlik efir verildi, davam edə bilmədim. Hamleti oynayanda tamaşa bitimində əməkdar artistimiz Mehriban Zəki mənə yaxınlaşıb "alçaq" dedi. Bu sözü təhqir mənasında yox, çox bəyəndiyi üçün tərif kimi bildirmişdi. Məni o şəkildə tərif elədi. Bəlkə də, xalq artisti, ya da əməkdar artist deyiləm deyə, rejissorlar da məni önəmsəmir.

- Artıq Azərbaycanda kommersiya filmlərinin inkişafda olduğu dövrdür. Sizi bu filmlərdə hələlik görmürük. Öz filminizi ərsəyə gətirmək kimi fikriniz varmı?

- Problem zövqdədir. O filmləri çəkən rejissorların zövqü ora dəvət etdikləri aktyorların səviyyəsindədir. Ona görə də məni dəvət edə bilməzlər. Ola bilər həmin aktyorlar məndən güclü, yaxud da zəif olsunlar. İndiki rejissorlar rahat yola əl atırlar. Yəni daha çox kim populyardırsa, onu çəkirlər. Düz, yaxud da səhv oynaması önəmli deyil. Əsas odur ki, tamaşaçı tərəfindən bəyənilir. Mən kütləyə oynayan adam deyiləm, 5 adam baxsın "sağlam" adam baxsın. Heç vaxt kütləyə oynamayacam. Çünki mənim oynadığımı kütlə anlaya bilməz. Əsas auditoriya söhbətidir. Sponsur da peşəkarlığa yox, həmin filmdəki aktyorun auditoriyasına fikr verir. Həm də onun "mırtlığına". Onu da qınamaq olmaz. Çünki belə görür və pul ayırır ki, onun kütləsi var, verdiyi pulu çıxarda bilsin. Reytinq xətrinə özümüzü ucuzlaşdırmamalıyıq. Ona qalsa dünyada ən reytinqli filmlər porno filmlərdir. Reytinq üçün porno film çəkək?! Şükürlər olsun ki, bizdə qadağandır. Mən belə düşünürəm ki, mədəniyyət səviyyəsində bir təftiş qrupu olmalıdır. Yumruğu vursun, embarqo qoysun ki, olmaz! Desin ki, bu adamı efirə olmaz, bu adamı filmə çəkmək olmaz, bu adam incəsənəti səhv tərəfə aparır. Bax, belə bir yumruq lazımdır.

- Bu yumruğu kim vurub "veto" qoymalıdır?

- Mədəniyyət və Turizm Nazirliyi bunu etməlidir. Necə ki, MTRŞ bunu edir. Onlar verilişləri izləyir, analiz edir, bağlayır, töhmət verir, belə bir şey də incəsənət sahəsində də lazımdır. Məncə, müğənniləri seriala çəkməyi yığışdırmaq lazımdır. Müğənniləri, aşıqları və bunlar kimi digər sənət sahiblərini seriallardan yığışdırmaq lazımdır.

- Aktyorlar əsasən, maddi durumdan şikayətlənir, teleaparıcılar da həmçinin. Bəs siz necə?

- Pul heç vaxt bəs etdiyi qədər olmur. Aktyora 10 min manat da versən, deyəcək ki, 15 min versən daha yaxşı olardı. Amma bəlli bir orta rəqəm var ki, o olmalıdır. Aktyorların maaşı çox aşağıdır. Çünki 200 manat maaşla aktyordan rollar yaratmaq tələb oluna bilməz. Aldığı maaş onun kommunal xərcləridir. Hər aktyor seriala çəkilmir, toya getmir. Bir şey də var ki, yaxşı aktyor işsiz qalmır. Bu gün teatrlar da şərait yaradır ki bir neçə yerdə eyni zamanda çalışmaq mümkün olsun. Amma istərdim ki, teatrlarda elə zaman gəlsin ki, 700-800 manatlıq maaşlar olsun və ancaq bir işdə işləmək üçün bu vəd olunsun.

- Şou tipli verilişləri bildiyiniz kimi MRTŞ xüsusi nəzarətdə saxlayır və iradlar tutulur, hətta bağlanır. Şou verilişlər apararkən bu situasiya sizi qorxutmurdu?

- Təbii ki, MTRŞ düz edir, nəzarət lazımdır. Bayaq dediyim kimi sözügedən yumruq vurulmalıdır. O olmasa, kim nə istəsə edər. Mən hər şeyi düz edirəmsə, niyə mənim veriliş bağlansın, irad bildirilsin?!

Milli.Az





Tags:  Reytinq porno film çəkək FOTO


RƏYLƏR


Top news