Prezident İlham Əliyev: "Azərbaycanın başlatdığı enerji layihələri artıq regionumuza böyük tərəqqi gətirib"

Prezident İlham Əliyev: "Azərbaycanın başlatdığı enerji layihələri artıq regionumuza böyük tərəqqi gətirib"
17:37 16 Noyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan daha çox iqtisadi inkişafa yönəlib və bu sahədə əldə olunan nailiyyətlər çox təsirlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxışında deyib.

Prezident İlham Əliyevin sözlərinə görə, bu gün Azərbaycan güclü şaxələndirilmiş iqtisadiyyatı və çox yüksək səviyyəli sosial müdafiəsi ilə müasir, inkişaf edən, özünü təmin edən bir ölkədir: "Bizim bütün iqtisadi proqramlarımız icra olunub, bəziləri isə hətta vaxtından əvvəl həyata keçib. Azərbaycan iqtisadiyyatı son 13 il ərzində 3 dəfədən çox artıb. Biz yoxsulluğun öhdəsindən gələ bilmişik. İndi yoxsulluq 5 faiz səviyyəsindədir. İşsizlik də, demək olar, bu səviyyədədir".

Dövlət başçısı qeyd edib ki, etibarlı beynəlxalq təşkilatlar Azərbaycana yüksək reytinqlər təqdim edir: "Məsələn, Dünya İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə 37-ci yerdə qərarlaşıb. Bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətlidir, şaxələndirilib, yalnız energetika sektoruna əsaslanmır. Beləliklə, gələcəkdə iqtisadiyyatın şaxələndirilməsi, aparılacaq iqtisadi islahatlar ölkəmizin dayanıqlı inkişafı üçün daha böyük imkanlar yaradacaq. Və mən əminəm ki, Azərbaycan yaxın illərdə daha da güclənəcək".

Prezident bildirib ki, Azərbaycan ümumi qarşılıqlı maraqlara əsaslanan geniş regional əməkdaşlığın yaranması üçün səylər göstərir: "Xüsusilə energetika və nəqliyyat sahələrində artıq öz nəticələrini vermiş təşəbbüslərimizi göstərmək olar. Azərbaycan tərəfindən 1990-cı illərin ortalarında başladılan enerji layihələri artıq regionumuza böyük tərəqqi, firavan həyat gətirib".

İlham Əliyevin sözlərinə görə, Azərbaycan Xəzər, Qara və Aralıq dənizləri arasında şaxələndirilmiş boru kəməri sistemi vasitəsilə Xəzər dənizinin nəhəng enerji resurslarını beynəlxalq bazarlarla birləşdirən ilk ölkə olub: "Bu, Azərbaycanın əsas nailiyyətlərindən biridir".

Dövlət başçısı əlavə edib ki, bu gün "Cənub Qaz Dəhlizi" adlı qlobal enerji layihəsi üzərində iş gedir: "Bu bizi bir çox ölkələr üçün etibarlı təbii qaz ixracatçısına çevirəcək. Bu layihənin dəyəri 45 milyard dollara yaxındır və Azərbaycan bu layihənin həyata keçirilməsində aparıcı rol oynayır. Bu gün Azərbaycan layihənin 7 üzv ölkəsi ilə sıx əməkdaşlıq qurub və yaxın illərdə bu layihəyə daha çox ölkənin qoşulacağı gözlənilir. Bu bizə iri qaz ixracatçısı olmaq niyyətimizi reallaşdırmağa imkan verəcək. Bu, tranzit ölkələrə və alıcılara bütün ölkələrin öz iqtisadiyyatını və sənayəsini inkişaf etdirmək üçün ehtiyac duyduğu əlavə enerji mənbələrinə sahib olmaq imkanı verəcək".

Prezident qeyd edib ki, Azərbaycanın enerji siyasəti ölkənin milli maraqlarına və əməkdaşlığa əsaslanıb: "Bu sahədə Azərbaycan, əvvəl qeyd etdiyim kimi, milli maraqlara əsaslanan məsuliyyətli yanaşma nümayiş etdirir. Layihənin bütün iştirakçıları öz mənfəət payına malik olmalıdır. Biz enerji sahəsindəki əməkdaşlığa ölkələri bir-birindən ayırmayan, əksinə, birləşdirən bir sahə kimi baxırıq".

İlham Əliyev deyib ki, Azərbaycanın bu sahədəki nailiyyətlərini, eləcə də etibarlı nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı təşəbbüslərini artıq öyrənməyə dəyər.

Dövlət başçısı bildirib ki, Azərbaycan əlverişli coğrafi mövqeyə malikdir, lakin infrastruktur olmadan bu mövqenin əhəmiyyəti böyük olmazdı: "Beləliklə, bizim səylərimiz nəqliyyat sahəsində regional əməkdaşlığın qurulmasına yönəlib, xüsusilə "Şərq-Qərb" dəhlizi praktiki olaraq yekunlaşıb. Artıq bu istiqamətdə müəyyən sınaq işləri də aparılıb, o cümlədən Azərbaycan ərazisi vasitəsilə Asiyadan Avropaya yük qatarları gedib".

İlham Əliyev deyib ki, hazırda "Şimal-Cənub"dəhlizi layihəsi həyata keçirilir və Azərbaycan bu dəhlizin reallaşdırılması üzrə çox mühüm tədbirlər görüb: "Xəritəyə baxsaq, bu iki layihənin böyük əlavə fəaliyyəti generasiya etdiyini görmək olar. Bu, artımı, sənayenin inkişafını stimullaşdıracaq, şirkətlərə və ölkələrə öz məhsullarını ixrac etmək və vaxta qənaət etmək imkanı verəcək".

Azərbaycan Prezidenti qeyd edib ki, "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizləri yüklərini göndərən şirkətlərə vaxta ən azı iki həftə qənaət etməyə imkan verəcək.

İlham Əliyev vurğulayıb ki, belə layihələrin investisiyalara ehtiyacı var: "Və biz investisiyalar yatırırıq, həmçinin bu layihənin reallaşdırılması məqsədilə digər tərəfdaşlara maliyyə yardımı göstəririk. Bu, regional əməkdaşlığa, eləcə də iqtisadi səmərə və təhlükəsizliyə istiqamətlənib. Çünki regionda təhlükəsizlik olmadan bu layihələrin heç biri həyata keçirilə bilməz".

Dövlətimizin başçısı bildirib ki, təhlükəsizliklə bağlı problemlər artır: "Belə ki, ətrafımızda baş verən hadisələr daha da gərgin vəziyyət yaradır. Yeni təhdidlər, qırğınlar, qarşıdurmalar, müharibələr yaranır və bu, böyük narahatlıq doğurur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/490088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR