"Əvvəl sənətdən, sonra ölkədən gedəcəm"

"Əvvəl sənətdən, sonra ölkədən gedəcəm"
17:52 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyeva qəzəblənib. Səhnəni birdəfəlik tərk edəcəyini bəyan edən aktrisa dəhşətli faktlar açıqladı.

Milli.Az bildirir ki, publika.az-a müsahibə verən əməkdar artist göz yaşlarına hakim ola bilmədi...

- Naibə xanım, nolub, niyə qəzəblisiniz?

- Bir ildir ki, susuram, səsimi çıxarmıram, amma daha dözmürəm. Stress keçirirəm, bu da mənim səhhətimə ciddi zərbə vurub. Ayaqlarım tutulur, yeriyə bilmirəm, beyin damarlarıma qan getmir. Əvvəl sənətimi, sonra da ölkəmi tərk edəcəm.

- Niyə, axı səbəb nədir?

- Bir ildir ki, efirlərə çıxmıram, aktrisa kimi fəaliyyətim yox səviyyəsindədir. Niyə, yəni mən pis aktrisayam? Bu gün ölkədə üç potensiallı aktrisa varsa, onlardan biri mənəm. Amma mən öz yerimdə deyiləm, sənətimlə məşğul olmuram.

- Teatrda rollarınız yoxdur?

- Var e, elə-belə. İnsanlar arasına çıxıram, hamı qucaqlayıb öpür, soruşur ki, Naibə xanım niyə sizi görə bilmirik. Gəlirəm evə, stressdən dayana bilmirəm. Başa sala bilmirəm ki, məni efirə qoyan yoxdur.

- Bütün telekanallardan söhbət gedir?

- Yox, hələ ki, bir telekanal mənə qadağa qoyub. Amma hələ adını çəkməyəcəm.

- Səbəb nədir?

- Özləri üzümə demir. Bir dəfə həmin telekanaldan bir nəfər mənə dedi ki, siz qara siyahıdasınız. Niyə axı, kimə neyləmişəm?

- Bəs səbəbi soruşmadınız?

- Soruşdum, konkret bir söz demədilər.

- Sizcə, niyə belə edirlər?

- Ola bilər ağzımdan nəsə söz qaçırmışam, kiminsə haqqında nəsə xoş olmayan söz demişəm, bilmirəm. Onlar da məndən qisas almaq üçün qara piara əl atıblar. Bəlkə də elə öz sənət dostlarımdan kimsə məni qaralayıb, ya kimsə başqa insanlardır, bilmirəm. Amma belə davam edə bilməz. Əsəblərim buna tab gətirmir. Səhnəni tərk edəcəm. Açıq şəkildə də bunu bəyan edirəm. Sonra da ölkədən çıxıb gedəcəm. Amma gözümün qabağında yeganə övladım dayanıb. Xarici Dillər Universitetinin tələbəsidir, onu zülmlə oxuduram. Təhsilini yarımçıq qoya bilmərəm. Təhsilini bitirsin, hər şeyi atıb gedəcəm. Mən heç vaxt qapı döyməmişəm. Varlı-hallı sevgilim, sponsorum olmayıb. Dişimlə-dırnağımla, əziyyət çəkərək qəpik-qəpik yığıb özümə ev almışam. Başqaları kimi, çıxıb efirdə ağlamamışam, özümə ev, maşın, villa istəməmişəm. Özünə hörmət edən qadın olmuşam.

- Amma həmkarlarınız arasında lüks həyat yaşayanlar da az deyil?

- Mən heç vaxt həmkarlarım haqqında pis söz demək istəməmişəm. Kim necə qazanır, özü bilər. Ağıllı insanlardır. Mən öz yolumla getmişəm və axırda da bir aktrisa kimi qalmışam qıraqda. Atam Cahid Hilal da mənim taleyimi yaşayıb. Azərbaycan bayrağını göylərə qaldırdığı üçün sovet dönəmində on il sürgünə göndərilib. O da sənət adamı idi, haqsızlıqla çox qarşılaşdı.

- Niyə birdən-birə belə qərar verirsiniz, bəlkə gözləyəsiniz?

- Nə qədər gözləmək olar? Onu gözləyim ki, başıma bir iş gəlsin, stressdən həyatımı itirim? Başıma bir iş gəlsə, balama kim baxacaq? Elə bunun üçün də elə bu səhnədən və bu ölkədən çıxıb gedəcəm. Məni buna məcbur edirlər. Siz elə bilirsiniz bu müsahibəni verəndən sonra məni çağırıb, efirə çıxaracaqlar? Yox, əksinə məni belə danışdığıma görə qınayacaqlar. Mən bu səhnəyə həyatımı sərf etmişəm. Amma çox incidilmişəm. Nə qədər oturub gözləmək olar ki, səni də çağırıb bir rol versinlər. Mən aktrisayam e, səhnəyə çıxmalıyam, verilişlərdə qonaq olmalıyam, filmlərə çəkilməliyəm. Ömrü boyu stresslə yaşaya bilmərəm axı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/490078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR