Aydın Əliyev İranın Azərbaycandakı səfirini qəbul edib

Aydın Əliyev İranın Azərbaycandakı səfirini qəbul edib
18:19 16 Noyabr 2016
53 Digər
Ölkə mətbuatı
A- A+

 

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb.

Lent.az-ın Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, Aydın Əliyev ilk olaraq diplomatı yeni təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

DGK sədri Aydın Əliyev iki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən məmnunluqla söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.

 

 Ölkələr arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini söyləyən DGK sədri Aydın Əliyev bildirib ki, bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. Bir müddət bundan öncə İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərləri Şurasının iclasında iştirak etmək üçün Tehran şəhərinə səfərini,  İran İslam Respublikası Gömrük İdarəsinin prezidenti Masoud Karbasian  ilə keçirdiyi görüşü məmnunluqla xatırlayan Komitə sədri bu kimi səfərlərin qarşılıqlı əlaqələrin daha da möhkəmlən­diril­məsi və davamlı inkişafına töhfə verdiyini bildirib. İstər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərfli görüşlərin ölkələrimizin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına müsbət təsirindən danışan DGK sədri A. Əliyev qarşılıqlı birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.

 

Ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha da səmərəli və şəffaf şəkildə qurulması  istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Komitə sədri bu islahatların iş adamlarının  çevik, səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb və bildirib ki, Azərbaycanda yaradılan münbit investisiya mühiti ilə əlaqədar iranlı iş adamları ölkəmizə investisiya yatıracaq, konkret olaraq istehsal sahələrinin yaradılmasına öz töhfələrini verəcəklər. Artıq bu istiqamətdə müəyyən addımların atıldığını sevindirici hal kimi dəyərləndirən DGK sədri Aydın Əliyev iranlı iş adamlarının bu fəaliyyətinin davamlı olacağına ümidvar olduğunu bildirib.

 

 Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ölkəmizdə səfir kimi fəaliyyət göstərməsindən şərəf duyduğunu bildirib. İran hökumətinin Azərbaycanla münasibətləri genişləndirməkdə maraqlı olduğunu bildirən səfir Cavad Cahangirzadə bütün sahələrdə, o cümlədən, gömrük xidməti sahəsində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib, diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə və dərinləşməsinə çalışacağını  söyləyib.

 

Görüşdə həmçinin Azərbaycan-İran əlaqələrinin hazırki durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259670

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR