230 nömrəli məktəbin direktor müavini də işdən azad edildi

230 nömrəli məktəbin direktor müavini də işdən azad edildi
18:24 16 Noyabr 2016
195 Digər
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri 230 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ləman Babayevanın Təhsil Nazirliyinin Qəbul Portalına daxil olmuş, həmçinin məktəb direktoru E.Qafarovun L.Babayevanın üzürsüz səbəbdən işə gəlməməsi və əmək funksiyalarını yerinə yetirməməsi barədə müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq  bildirilib ki, araşdırmanın nəticəsi olaraq, hər iki şəxsin Bakı şəhəri 230 nömrəli tam orta məktəbdəki fəaliyyətinə xitam verilməsi məqsədəuyğun hesab edilib. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 230 nömrəli tam orta məktəbin direktoru Qafarov Elşən Yəhya oğlu ilə bağlanmış əmək müqaviləsi 10.11.2016-cı il tarixdən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Babayeva Ləman Eldəniz qızı ilə bağlanmış əmək müqaviləsi 15.11.2016-cı il tarixdən ləğv edilib.

Məktəbdə direktor vəzifəsinin müvəqqəti icrası BŞTİ-nin əməkdaşına həvalə edilib. Hazırda məktəbdə təlim-tərbiyə prosesi normal şəkildə davam etdirilir. Məktəbə yeni direktorun təyinatı mövcud qaydalar və müvafiq prosedura uyğun şəkildə həyata keçiriləcək.

Qeyd edilib ki, Ləman Babayevanın müvafiq ərizəsi nəzərə alınaraq, onun pedaqoji fəaliyyətini digər məktəblərdən birində davam etdirməsi məsələsi isə müzakirə mərhələsindədir.

Xatırladaq ki, L.Babayeva E.Qafarovun onu zorladığını iddia edib, lakin bu fakt Xəzər rayon Prokurorluğu tərəfindən təsdiqlənməyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259672

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR