Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Bundan sonra belə hal baş verməyəcək"

"Bundan sonra belə hal baş verməyəcək"

Date: 16 November 2016 18:37

AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov bu gün keçirilən iclasdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, müsahibədə AZAL klubunun vitse-prezidenti müzakirə olunan məsələlərdən danışıb.

- Klublar Komitəsinin gündəliyində duran məsələlər bəlli idi. Bugünkü iclasda aparılan müzakirələr barədə ətraflı məlumat verərdiniz...

- Çox səmərəli yığıncaq oldu. Gündəlikdə 3-4 məsələ var idi. AFFA-nın Texniki Departamentinin əməkdaşı ilə görüşdük. Bu görüş məşqçi kursları ilə bağlı idi. İstəyirik ki, hər klubdan 2-3 nümayəndə A, B, C kurslarında iştirak etsin. İkinci məsələ uşaq liqalarında komandaların nümayəndələri, məşqçiləri tərəfindən hakimlərə qarşı zorakılıq halları idi. Xüsusən də, U-16, U-17 liqalarında oyunun gedişində, ondan sonra hakimlərə qarşı sərt mövqe tutulur. Biz də klub rəsmiləri olaraq, bunu müzakirə etdik. Yəqin ki, bundan sonra belə hal baş verməyəcək. Əsas məsələlərdən biri də meydançaların durumudu. Xüsusən də, "Qarabağ" və "Qəbələ" klubları bununla bağlı narazılıqlarını dilə gətirdilər. Onlar qeyd elədilər ki, süni örtüklü meydançalarda, Gəncədəki stadionda oynamaq qeyri-mümkündü. Elə vəziyyət yaranıb ki, klublar gələn mövsüm bu arenalarda oynamaq istəmirlər. Bununla bağlı yazılı şəkildə AFFA İcraiyyə Komitəsinə rəsmi müraciət etdik. Təklifimiz ondan ibarətdi ki, bu meydançalar tez bir zamanda dəyişdirilsin. Bu gün futbolda əsas meydançanın durumudu. Normal meydança olmasa, futbol oynamaq da mümkün olmaz. 2-3 klubun meydançaları mütləq dəyişdirilməlidi. Bu gün Premyer Liqanın 4-5 klubunun stadionu belə vəziyyətdədisə, gör, sabah I diviziondan gələn komandaların meydançaları nə durumda olacaq? Dekabr ayında AFFA İcraiyyə Komitəsinin iclası olacaq. Yəqin ki, həmin iclasda bu məsələyə baxılacaq.
 
- Azərbaycan çempionatında komandaların sayının müəyyənləşdirilməsi ilə bağlı AZAL klubunun təklifi nə oldu?

- Bildiyiniz kimi, Əsasnaməyə görə, elitanı 1 klub tərk edəcək, əvəzində I diviziondan 3 komanda Premyer Liqaya gələcək. İclasımızda bu məsələ ilə bağlı səsvermə apardıq. Qərara gəldik ki, AFFA İcraiyyə Komitəsindən bunun dəyişdirilməsini istəyək. İstəyimiz odu ki, I divizionda ilk iki yeri tutanlar birbaşa gəlsinlər, 3-cü yerin sahibi isə Premyer Liqanın sonuncusu ilə iki oyundan ibarət pley-off matçları keçirsin.
 
- Bu, AZAL-ın sonuncu yerlə barışması deməkdi?

- Xeyr. Bizdən yuxarıda gedən komandalarla aramızda elə böyük fərq yoxdu. AZAL pis futbol da oynamır. Fakt odu ki, hazırda sonuncu pillədəyik. Amma mövsümün gedişində başqa komanda bu halla üzləşə bilər. Bəlkə qışda heyətimizi gücləndirdik və sonuncu yerdən qurtulduq. Hər klub lisenziyalaşdırmanın tələblərinə cavab verə bilmir. Hər komandanın uşaq futbolu, maliyyəsi, bir sözlə, infrastrukturu arzulanan səviyyədə deyil. "Sumqayıt"ın da, "Zirə"nin də, bizim də bazamız, normal infrastrukturumuz var. I diviziondan gələn komandanın bu şəraitinin olacağı nə dərəcədə inandırıcıdı?
 
- Bu, I divizionda 3-cü yeri tutan komandaya haqsızlıq olmaz?

- Haqsızlıq olmaz. 1-ci və ya 2-ci yerlə pley-off oyunu keçirsək haqsızlıq olar. İlk iki yeri tutan komanda birbaşa vəsiqə qazanmağa layiqdi. 8 komandalı çempionatda bunu həyata keçirmək normaldı. 10-12 komanda olsaydı, sonuncu yeri tutan I diviziona düşməli idi. Mən bunu Azərbaycan futbolu naminə deyirəm. Həqiqətdən qaça bilmərik.
 
- Meydançaların durumundan danışdınız. Amma AZAL-ın meydançası da süni örtüklüdü və bununla bağlı kifayət qədər şikayət olub. Hər hansı bir dəyişiklik planlaşdırırsınızmı?

- Dəyişiklik olmalıdı. Gəncədəki stadionla yanaşı, "Sumqayıt"ın, "Zirə"nin, "İnter"in meydançası da müzakirə olundu. "Qəbələ"nin 2 futbolçusu elə "İnter"lə qarşılaşmada zədələndi. Təbii ki, AZAL-ın meydançası da bunlar arasındadı. Gələn ilin mayında İslam Həmrəylik Oyunlarının bəzi yarışları bizim arenamızda keçirilməlidi. Bu yarış olmasa belə, təklif etdim ki, bizim də stadionun adı dəyişiklik ediləcəklər arasında olsun. Bunun üzərində mütləq durmalıyıq. Bu meydançalarda oynamaq qeyri-mümkündü. UEFA-nın qarşısında öhdəlikləri yerinə yetirə bilirik, bu baxımdan postsovet ölkələri arasında birinci yerdə gedirik. Qarşıdan AÇ-2020 gəlir. Bundan başqa, iki klubumuz Avroliqanın qrupunda mübarizə aparır, millimiz uğurlu çıxış edir. Bunun fonunda meydançaların hazırkı durumu yaxşı deyil.
 
- Bu, Klublar Komitəsinin 2016-cı ildəki son iclası idi?

- Xeyr, dekabrda da bir araya gələcəyik. Seçkilər də olacaq. İlin sonuna qədər 1 və ya 2 iclas baş tutacaq.
 
- AZAL-da neçə aydı futbolçuların maaşları ödənilmir. Yayılan məlumata görə, "Airlines" Hava Yolları kluba maliyyə buraxmaqdan imtina edib...

- Bu, düzgün məlumat deyil. Maaşlar hər ayın əvvəlində verilməlidi. Amma biz son maaşı 2 gün öncədən, ayın 29-da ödədik. Bu baxımdan heç bir problemimiz yoxdu. Klubun hansısa şirkətin balansına keçməsi də gündəmdə deyil. Klub normal fəaliyyətini davam etdirir. Biz iki il əvvəl strategiyamızı dəyişdik, 2 illik plan qurduq. Futbolçulara, məşqçilərə yeni strategiyaya uyğun maaş təklif etdik, razılaşanlar da gəldi.
 
- Mövsümün sonunda necə, bu məsələdə bir dəyişiklik ola bilərmi?

- Mart ayında klub rəhbərliyi bunu müzakirə edəcək. Premyer Liqada qalsaq, gələn mövsümə ciddi şəkildə hazırlaşacağıq.
 
- U-19 komandanız son turda səfərə yollanmayıb və texniki məğlubiyyət alıb. Bunun səbəbi nə idi?

- Mənə elə gəlir ki, bu, pulla bağlı deyil. Texniki məsələ olub. Digər komandaları göndərə biliriksə, deməli, pul problemi yoxdu. 400-500 manata görə, texniki məğlubiyyətə razı olmağımız düzgün çıxmaz.
 
- Azərbaycan Premyer Liqasının ötən turunda Tərlan Əhmədovla "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk arasında insident yaşandı. Bununla bağlı baş məşqçinizlə söhbətiniz oldumu?

- Bəli, söhbət etdik. Tərlan müəllimlə çox yaxşı münasibətimiz var, onu ciddi insan kimi qəbul edirik, ona inanırıq. "Qəbələ" ilə görüşü Fariz müəllimlə ("Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov nəzərdə tutulur - red.) birlikdə izləyirdik. Anlaşmazlıq oldu. Qriqorçuk bir qədər emosional idi. Tərlan müəllim onu sakitləşməyə çağırdı. Hər bir insanda belə hal olur.

Milli.Az


Tags:  Bundan sonra belə hal baş verməyəcək

RƏYLƏR


Top news