Ermənilər: "Sarkisyan dilənçilik edir, bizdən dilənir"

Ermənilər: "Sarkisyan dilənçilik edir, bizdən dilənir"
18:37 16 Noyabr 2016
90 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan parlamentində müdafiə nazirliyinin təklifi ilə gündəmə gətirilən "Ermənistan Respublikasının müdafiəsi zamanı həyatı və sağlamlığına dəyən zərərin ödənilməsi haqqında" qanun layihəsi ətrafında qızğın müzakirələr gedir.
Qanun layihəsinə görə, hər bir işləyən vətəndaşın məvacibindən, vergilərdən başqa, ayda 1000 dram (təxminən 2 dollar) pul tutulacaq. Xüsusi fondda toplanan bu vəsaitdən 2017-ci il yanvarın 28-dən sonra ölən və birinci dərəcəli əlil olan hərbçilərin ailələrinə 10 milyon dram (təxminən 21 min dollar) məbləğində birdəfəlik ödəmələr ediləcək, ikinci qrup əlillərin ailələrinə - 5 milyon dram ödənəcək. Bundan başqa, hərbçilər aylıq ödəmələr alacaqlar.

Qanun layihəsinin təşəbbüsçüsü olan Ermənistan müdafiə naziri Vigen Sarkisyan döyüşdə əlil olan və ölən hərbçi və hərbçi ailələrinə aylıq sığorta ödəmələri də ayrılacağını bildirib. Birinci dərəcəli əlil və həlak olan zabit ailələri ayda 300 min dram (625 dollar), serjantlar - 250 min, sıravi əsgərlər - 200 min dram alacaqlar.
İkinci dərəcəli əlillərə, hərbi statusundan asılı olaraq, zabitlərə - 250 min, serjantlara - 200 min, əsgərlərə - 150 min dram aylıq ödəmə veriləcək.

"Sinizm və dilənçilik"

Müxalifət deputatları hökumətin "ordu üçün" vətəndaşlardan hər ay 1000 dram tutmaq təşəbbüsünü "sinizm" və "dilənçilik" adlandırıb.

Milli.Az BBC-yə istinadən bildirir ki, müxalif "İrs" fraksiyasının rəhbəri Zaruhi Postancyan hökumətin bu addımını vergi yükünün artırılması kimi səciyyələndirib.
"İctimaiyyət vergi yükünün 1000 artırılması ilə razı deyil. Bəsdir dilənçiliklə məşğul olmaq, xalqımızdan 1000 dram diləmək", - öz çıxışında Zaruhi Postancyan deyib.

Xanım Postancyan 1000 dramın böyük məbləğ olmasa da, ölkə "əhalisinin 35 faizi yoxsulluq səviyyəsindən aşağı" yaşadığı halda, bir çox ailə üçün bu, az pul deyil.
Müxalif Erməni Milli Konqresi fraksiyasının rəhbəri Levon Zurabyanın sözlərinə görə, hökumətin bu addımı "sadəcə, insanların hissləri ilə oynamaq və bu pərdə altında müxtəlif cür əlavə vergilər qoymaqdır".



Təşəbbüsə etiraz edən millət vəkilləri vətəndaşlardan hər ay 1000 dram tutmaq təşəbbüsünü "sinizm" və "dilənçilik" adlandırırlar.
"Bu, çox sinik və təhlükəli yanaşmadır", - Zurabyan deyib.

Əxlaqi, yoxsa qanuni?

Hakim Ermənistan Respublikaçılar Partiyasının (ERP) parlament fraksiyası döyüş şəraitində zərər çəkən hərbçilərə yardım göstərmək zəruriyyətini "vətənpərvərlik borcu və xristianlıq əxlaqi qaydaları baxımından" aşılayır.
"Tam əminliklə deyirəmki, bu təşəbbüs dərin xristianlıq əxlaqının təcəssümüdür", - ERP mətbuat katibi, parlament sədrinin müavini Eduard Şarmazanov bəyan edib.
Döyüş şəraitində zərər çəkən hərbçilərə yardım göstərmək zəruriyyəti şübhə doğurmursa, təşəbbüsün gerçəkələşdirilmə üsulu, daha bir məcburi vergi növünün tətbiq edilməsi narazılığa səbəb olub.

Qanun layihəsi mətbuat klubları və sosial şəbəkələrdə də qızğın müzakirə mövzusuna çevrilib.
Etnoqraf, publisist Hranuş Xaratyan bu təşəbbüsün kökündən qeyri-qanuni olduğunu bildirir. O, deyir ki, hər bir vətəndaşın maaşı onun xüsusi maliyyə mülkiyyətidir, və mülkiyyət sahibindən başqa, heç kəsin onu sərf etməyə haqqı yoxdur.
"Tutulan məbləğin ölçüsü, onun hansı məqsədlə istifadə olunacağından asılı olmayaraq, əgər dövlətin yardıma ehtiyacı varsa, əhaliyə müraciət etsəydi, bu daha məntiqi olardı və anlaşılan olardı. Hökumət isə zor gücünə vətəndaşların xüsusi mülkiyyətini idarə etmək istəyir", - Hranuş Xaratyan deyir.

Ermənistan Helsinki Komitəsinin sədri Avetik İşxanyan deyir ki, ordu, zərər çəkən hərbçilərə yardım məsələləri "elə həssas məsələdir ki, bu qanun layihəsinin əleyhinə danışana qarşı böyük bir vətənpərvərlik yürüşü" qalxa bilər, lakin o, məsələyə qanunilik nöqteyi-nəzərindən baxmaq lazımdır.
"Ermənistan vətəndaşının iki borcu var. Biri - vergi və rüsumları ödəmək, ikincisi - orduda xidmət etmək. Qalanı vətəndaşın şəxsi haqlarıdır. Bu kontekstdə, sözügedən qanun layihəsinin mənası nədir? Ermənistan vətəndaşını xeyriyyəçilik etməyə məcbur etmək? Dövlət vətəndaşı xeyriyyəçilik etməyə məcbur edə bilməz", - hüquq müdafiəçisi deyir.

Pulu haradan almaq olar?

Sosial şəbəkələrdə erməni məmurlarının şəxsi imarətləri və bahalı avtomaşınlarının şəkilləri yerləşdirilib. İnternet istifadəçiləri yazırlar ki, keçmiş və hazırkı məmurların "taladığı pullar" büdcəyə qaytarılsa, əhalinin boynuna əlavə vergi yükünü qoymaq lazım olmazdı.
İstifadəçilər hesablayıblar ki, ölkədə işləyən 1 milyon insan var, onların 300 mini kəndlilərdir. Qanun layihəsinə görə, onlardan vergi tutulmur. Belə ki 700 min nəfərin hər biri ayda 1000 dram versə, ildə 8,4 milyard dram, yaxud təxminən 18 milyon dollar toplanar. Müdafiə naziri də qanun layihəsini parlamentə təqdim edərkən təxminən eyni rəqəmi səsləndirib.

Müxalif Erməni Milli Konqresi fraksiyasının üzvü Nikol Paşinyan parlament tribunasından təşəbbüs əleyhinə səs verəcəyini bildirib.

Qanun layihəsinin əleyhinə parlament binası önündə "1000 ayıb olsun" şüarı altında etiraz aksiyasında iştirak edən Helsinki Vətəndaş Assambleyası Vanadzor ofisinin rəhbəri Artur Sakunts hesablayıb ki, qeyri-hərbi şəraitdə yaralanan və ölən hərbçilərə yardım üçün ildə təxminən 2 milyard dram gərəkdir. Bu isə, hüquq müdafiəçinin sözlərinə görə, Ermənistanda ödənilməmiş vergilərin cüzi hissəsini təşkil edir.
"Ermənistan Respublikasında kölgə iqtisadiyyatının həcmi, müxtəlif mənbələrə görə, UDM-nin 25-35 faizini təşkil edir. Tutalım, 30 faizdir... Bu, təxminən 500 milyard dram təşkil edir. Belə ki, sözügedən 2 milyard dram kölgə iqtisadiyyatının 0,4 faizi təşkil edir", - Atrur Sakunts deyir.

Müxalif Erməni Milli Konqresi fraksiyasının üzvü Nikol Paşinyan parlament tribunasından, "Ermənistan ordusunun döyüş qabiliyyətinin qaldırılması və hərbçi ailələrinin qeydinə qalan layihənin" lehinə səs verəcəyini bəyan etsə də, ölkənin dövlət və hərbi rəhbərliyini korrupsiyada günahlandırıb.
"Biz hərbçi ailəsinə yaxşılıq etmək istəyiriksə, gəlin elə edək ki, erməni əsgərin valideyni orduda xidmət edən övladına çəkmə, alt paltarı, corab, diş pastası və min bir şey almaq vəzifəsindən azad olsun... Bu gün əsgərlikdə uşaq saxlamaq valideynlər üçün tələbə saxlamaqdan daha çətindir", - müdafiə nazirinə xitabən, Paşinyan deyib.
Paşinyan Ermənistan ordusunda "talançı generallarla yanaşı, podpolkovnik rütbəsinə çatmış onlarla zabitin" mənzil və ən adi sosial problemləri olduğunu söyləyib.

"Bu, 25 il ərzində səmərəli ölkə və hakimiyyət yaratmaq işində uğradığımız biabırçı məğlubiyyətlərə görə hamımızın üstündə bir cərimədir. Biz bu vergini ödəməliyik ki, özümüzə və xarici aləmə sübut edək ki, dövlətə malik olmaq iradəmiz var. Biz bu cəriməni ödəməliyik ki, bu, 25 il ərzində elə bir hakimiyyət qura bilməmişik ki, 2016-cı ildə büdcəmiz 3 milyard yox, 15-20-30 milyard olsun", - Paşinyan deyib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR