Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyaya qastrol səfərinin nəticələri müzakirə olunub - FOTO

Rusiyaya qastrol səfərinin nəticələri müzakirə olunub - FOTO

Date: 16 November 2016 19:05

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mətbuat konfransı keçirilib. Konfrans teatrımızın yaradıcı heyətinin Rusiya Federasiyası Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrında qastrol səfərində mükafatlandırılmalarına həsr olunub.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, giriş sözü ilə çıxış edən Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti, Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi Mübariz Həmidov təəssüratlarını bölüşərək bu səfərin sayca 5-ci olduğunu bildirib: "Bildiyiniz kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə B.Basanqov adına Kalmıik Milli Dram Teatrı arasında 5 illik qarşılıqlı yaradıcılıq müqaviləsi imzalanmışdı. Bu müqavilənin bəndlərinə uyğun olaraq biz qarşılıqlı qastrol səfərləri təşkil edirdik. Ötən ay Kalmık teatrı şəhərimizin və teatrımızın qonağı idi. Bu günlərdə də biz sözügedən teatrın səhnəsində öz tamaşalarımızla çıxış etdik. Bu dəfəki qastrol səfəri digərlərindən fərqlənirdi. Belə ki, səfərimiz Kalmık teatrının 80 illik yubileyinə təsadüf edirdi. Yubiley çox maraqlı və təntənəli surətdə baş tutdu. Bir sıra digər ölkə teatrları və ölkə rəsmilərinin iştirak etdiyi mərasimdə istedadlı aktyorlarımız Səbinə Məmmədova və İlham Əsədov ölməz Üzeyir Hacıbəylinin musiqilərindən ibarət kompozisiya ilə çıxış etdi".

Mükafatlandırılanlar haqqında danışan direktorun sözlərinə görə, bu dəfəki qastrol səfəri olduqca məhsuldar keçib: "Qastrol səfərinin təntənəli bağlanış mərasimində əməkdar artist Şövqi Hüseynov və aktyor İlham Əsədov Kalmıkiya Respublikasının əməkdar artisti fəxri adına, aktyor Elnur Kərimov "Stanislavski" medalına layiq görülüblər. Bundan başqa əməkdar artistlər Naibə Allahverdiyeva, Nəsibə Eldarova, aktyorlar Elnur Hüseynov, Sona Babayeva, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova, Səbinə Məmmədova, Mehriban Hüseynova, Ramil Məmmədov Kalmıkiya və Azərbaycan arasında "mədəni əlaqələrin genişləndirilməsi və inkişafındakı" xidmətlərinə görə Kalmıkiya Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Teatr Xadimləri İttifaqının diplomları və fəxri fərmanları ilə təltif olunublar".
Sonda mükafatçılar mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

Milli.Az





Tags:  Rusiyaya qastrol səfərinin nəticələri müzakirə olunub FOTO

RƏYLƏR


Top news