"Ermənistan təxribatlara əl ataraq danışıqlar prosesini pozur" - Nazir

"Ermənistan təxribatlara əl ataraq danışıqlar prosesini pozur" - Nazir
19:44 16 Noyabr 2016
65 Digər
Ölkə mətbuatı
A- A+

 

Xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Auqusto Santos Silva ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş əsnasında nazirlər Azərbaycan və Portuqaliya arasında münasibətlərin hazırkı vəziyyətini nəzərdən keçiriblər.  

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı dəstəyin göstərilməsi, eləcə də xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin aparılmasının zəruriliyini vurğulayıblar. 


Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son vəziyyətlə bağlı həmkarına məlumat verən Elmar Məmmədyarov münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalı olduğunu qeyd edib. O, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində mövcud status-kvonun qəbuledilməz və qeyri davamlı olması faktını qəbul etdiklərini bildirib: "Güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması qəbuledilməzdir. Ermənistan müxtəlif təxribatlara əl ataraq danışıqlar prosesini pozmaq və işğala əsaslanan mövcud status-kvonu saxlamaq siyasəti yürüdür".

 

Nazir Portuqaliyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinin və beynəlxalq hüququn norma və prinsiplərinə və Helsinki Yekun Aktına uyğun olaraq, münaqişənin həllini dəstəkləməsinin yüksək qiymətləndirildiyini deyib.  

Auqusto Santos Silva ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini ifadə edərək, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bu mövqeyinin davam etdiriləcəyini diqqətə çatdırıb.  

Nazirlər Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına mandatın verilməsini təqdir etdilər və bu sazişin Aİ və Azərbaycan arasında ikitərəfli əlaqələrin hərtərəfli inkişafına müsbət təsir edəcəyinə əminlik ifadə ediblər.  

Nazir Auqusto Santos Silva Portuqaliyanın Azərbaycanın Aİ ilə əlaqələrinin inkişafını dəstəklədiyini bildirib.  

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259676

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR