Abışovdan mütləq rekord, Nazarovu 4-cü pillədən edən oyun

Abışovdan mütləq rekord, Nazarovu 4-cü pillədən edən oyun
13:12 17 Noyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin hazırkı heyətinin daimi üzvləri müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmada keçirdiyi ardıcıl oyun sayında Ağabala Ramazanov hamıdan öndədir. O, millinin son 9 matçında meydana çıxıb.

Komandamızın 2016-cı ildə keçirdiyi bütün matçların iştirakçısı olan hücumçu ötən il noyabrın 17-də Moldova ilə keçirilən yoxlama oyunundan başlayaraq hər görüşdə şans qazanıb.
 
Bu il baş tutan bütün görüşlərdə forma geyinən digər iki oyunçu - Məhəmməd Mirzəbəyovla Dmitri Nazarov - isə məhz həmin qarşılaşmanı buraxıb. Onların komandaya lazım olmadığı son matç Moldova ilə qarşılaşmadır.
 
Nazarovla bağlı bir məqam diqqət çəkir. O, milliləşəndən sonra komandamızın keçirdiyi 23 matçın 22-də forma geyinib. Ardıcıl 14 dəfə yığmada oynadıqdan sonra Moldova ilə ötənilki görüşü buraxan yarımmüdafiəçi yenidən daimi üzvə çevrilib və daha 8 qarşılaşmada şans qazanıb. Qazaxıstanda anadan olan milliləşən legioner yığmada debütünü 2014-cü il mayın 27-də ABŞ millisi ilə San-Fransiskodakı matçda gerçəkləşdirib.
 
Yığmanın hazırkı daimi üzvlərindən danışarkən komandamızın 24 illik tarixinə də nəzər salaq. Nazarov Moldova ilə matçı buraxmasaydı, ardıcıl 23 oyunda çıxış etməklə milli tarixində 4-cü nəticəyə imza atacaqdı.
 
227 görüş keçirən millidə ardıcıl oyun sayındakı mütləq rekord isə Rasim Abışova məxsusdur. O, nə az, nə çox - ardıcıl 35 qarşılaşmada milli forması geyinib.
 
1994-cü il dekabrın 13-də Trabzonda Fransaya 0:2 hesablı məğlubiyyətlə başlayan seriya Vaduts faciəsinə kimi davam edib. 1998-ci il oktyabrın 14-dək olan 4 ilə yaxın müddətdə Rasim klublarını, yığma məşqçilərini dəyişsə də daim milliyə lazım olub.
 
İlk "üçlük"də yer alanlardan Vyaçeslav Lıçkinin belə seriyası 32 oyundan ibarətdir. Aslan Kərimov isə ardıcıl 30 dəfə yığmada çıxış edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/490290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR