Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev: "Ayrı-ayrı jurnalistlərlə bağlı olan məsələlərə kontekstdən kənar baxılmamalıdır"

Prezident İlham Əliyev: "Ayrı-ayrı jurnalistlərlə bağlı olan məsələlərə kontekstdən kənar baxılmamalıdır"

Date: 17 November 2016 14:05

"Ayrı-ayrı jurnalistlərlə bağlı olan məsələlərə kontekstdən kənar baxılmamalıdır".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Dünya Xəbər Agentliklərinin V Konqresinin bir qrup iştirakçısını qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev Associated Press agentliyinin vitse-prezidenti Con Danişevskinin "Siz dünyada Azərbaycanla və mətbuat azadlığı ilə bağlı yenidən əminlik yaratmaq üçün atıla bilinəcək bəzi addımlar barədə nə deyə bilərsiniz?" sualına cavabında deyib.

Prezident İlham Əliyev qeyd edib: "Siz dünya deyəndə kimi nəzərdə tutursunuz? Siz həmişə dünyanın adından danışmağı xoşlayırsınız. Mən 13 illik prezidentlik fəaliyyətim dövründə bunun şahidiyəm. Dünya hər hansı bir ayrılıqda götürülmüş ölkədən böyük məfhumdur. Biz çox zaman belə bir ifadəyə rast gəlirik ki, beynəlxalq birlik hansısa bir məsələdən narahatdır. O zaman müəyyənləşdirmək lazımdır, beynəlxalq birlik dedikdə nə nəzərdə tutulmalıdır? Beynəlxalq birlik BMT-yə üzv olan 200 ölkə deməkdir. Dünən mən öz çıxışımda da qeyd etdim ki, bu ölkələrin üçdə ikisi Azərbaycanı BMT-nin Təhlükəsizlik Şurasına üzvlük məsələsində dəstəkləmişlər. Mən dünənki çıxışımda onu da qeyd etmişdim ki, Azərbaycanda mətbuat azadlığı tam şəkildə təmin olunub. Bu məsələnin mahiyyətinə diqqət yetirmək kifayət edir. Ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə mətbuat azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar?! Əgər sosial şəbəkədə - "Feysbuk"da və "Tvitter"də 2 milyon insanımız varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar?! Biz qarşımıza bu cür siyasi məqsəd qoymamışıq. Bizim məqsədimiz bütün azadlıqların təmin olunduğu, müasir, inkişaf edən, demokratik cəmiyyət quruluşunu davam etdirməkdən ibarətdir. Bu, bütün digər azadlıqlara da şamil olunur. Məsələn, sərbəst toplaşma hüququ".

Dövlətimizin başçısı əlavə edib: "Bəzən Azərbaycanı tənqid edirlər ki, bizdə sərbəst toplaşma hüququ yoxdur. Bu, yanlışdır. Bunun üçün bu yay müxalifətin keçirdiyi mitinqlərə nəzər salmaq kifayətdir. Qeyd edim ki, onlar oraya çox adam yığa bilmədilər, onların sayı dünən Heydər Əliyev Mərkəzində keçirilən tədbir iştirakçılarının sayından az idi. Lakin onlar azad şəkildə toplaşmışdılar, heç bir məhdudiyyət yox idi. Bir daha qeyd edirəm ki, Azərbaycanda mətbuat azadlığı tam şəkildə təmin olunub. Ayrı-ayrı jurnalistlərlə bağlı olan məsələlərə kontekstdən kənar baxılmamalıdır".

Milli.Az


Tags:  Prezident İlham Əliyev Ayrı-ayrı jurnalistlərlə bağlı olan məsələlərə kontekstdən kənar baxılmamalıdır

RƏYLƏR


Top news