Kimlər asanlıqla ev ala biləcək? – “Güzəştli mənzil” məsələsinin detalları

Kimlər asanlıqla ev ala biləcək? – “Güzəştli mənzil” məsələsinin detalları
14:38 17 Noyabr 2016
670 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda aztəminatlı ailələr güzəştli şərtlərlə mənzil sahibi ola biləcək. Növbəti ilin may ayından artıq sosial mənzillərə sahib olmaq üçün müraciətlərə başlanılacaq.

Sosial evlər mənzil almaq imkanı və imtiyazları olmayan, gəlirləri orta və ortadan aşağı olan insanlar üçün nəzərdə tutulur. Məsələn, son 15 ili kirayə mənzildə yaşayan gənc ailə hər ay orta hesabla kirayəyə ödədiyi 250 manatla bir ev ala bilərdi. Necə?

15 (il) * 12 (ay) = 180 (ay)

180 (ay) * 250 manat = 45 000 manat

İllərdir kirayələrə xərclənən pul yekunda çox ciddi bir rəqəmə çevrilib. Elə bir rəqəm ki, bununla vətəndaş özünə ev ala bilər. Birdəfəlik pul verib, ev almaq imkanı olmadığından sosial evlər əhalinin bu kəsimi üçün yaxşı bir fürsətə çevrilib.

Belə ki, bundan sonra ailələr ayda təxminən bu qədər ödəniş etməklə öz mənzillərinə sahib ola biləcəklər.

Prezident İlham Əliyevin “MİDA” (Mənzil İnşaatı Dövlət Agentliyi") Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi ilə bağlı fərmanında sosial mənzillərin verilməsində bir sıra məqamlar açıqlanıb.

Millət vəkili Vahid Əhmədov bu fərmanın sosial evlərin verilməsi prosesinin daha da şəffaf aparılmasına xidmət etdiyini deyib:

“Bu fərmanın imzalanmasında məqsəd sosial evə sahib olmaq istəyənlərin incidilməməsi, prosesin daha da şəffaflaşdırılmasıdır. Bu fərmana uyğun olaraq, sosial ev almaq istəyən, güzəştli imkana malik olan insanlar sənədlərini təqdim etməlidirlər. Bu sənədlərin əsasında Mənzil İnşaatı Dövlət Agentliyində həmin şəxsin sosial evə sahib olma imkanlarına baxılacaq. Bütün bunlar Elektron Hökümət Portalı vasitəsilə, şəffaf aparılmalıdır ki, ciddi problem olmasın. Aztəminatlı insanların bu evləri almaq üçün imkanları həddən artıq böyükdür”.

V.Əhmədov bu mənzillərlə bağlı şərtlərin hazırlanmasının hökümətə tapşırıldığını deyib:

“Hesab edirəm ki, bu fərman yerində verilib. Çünki növbəti ilin may ayından ərizələrin qəbuluna başlanılacaq. Sosial evlərin tikilməsində məqsəd aztəminatlı ailələrin evlə təmin edilməsidir. Düzdür, hələ ki, konkret şərtlər fərmanda öz əksini tapmayıb, lakin hökümətə bu məsələ ilə məşğul olması üçün tapşırıq verilib. Biz ayda 80-100 manat ödəməklə 1,2,3 otaqlı evə sahib olmaq imkanını təklif etmişdik. 250-300 manat əmək haqqı alan şəxs müəyyən müddət ödəniş etməklə bu cür mənzillərə sahib ola biləcək”.

Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev sosial mənzilləri kimin ala biləcəyinə aydınlıq gətirib:

“Mənzilin güzəştlə əldə edilməsi üçün elektron qaydada “Elektron hökumət” portalında olan “Güzəştli mənzil” elektron sistemində qeydiyyatdan keçilir. Onun yaradılması dünənki fərmanla nəzərdə tutulub.

Güzəştli ipoteka kreditini (Azərbaycan İpoteka Fondu ASC-nin verdiyi kreditlər) almaq hüququ olan bütün şəxslər bu mənzillərdən yararlana biləcək. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2. maddəsində bu şəxlərin siyahısı verilib. Alıcı bu mənzili öz vəsaiti hesabına və ipoteka krediti ilə ala bilər. İpoteka kreditləri Azərbaycan İpoteka Fondunun xətti ilə mövcud olan agent bankları tərəfindən veriləcək. Həmin ipoteka kreditlərinin verilməsi şərtləri güzəştli ipoteka kreditlərində olduğu kimi olacaq. Ancaq ipoteka krediti üzrə ilkin ödəniş 10% təşkil edəcək”.

R.Əliyev bildirib ki, mənzillərin qiyməti MİDA MMC-nin Müşahidə Şurası tərəfindən müəyyən ediləcək:

“Qiymət müəyyən edildikdə mənzilin qiyməti onun bazar qiymətindən aşağı səviyyədə müəyyən ediləcək. Ehtimal etmək olar ki, bu səviyyənin nə qədər aşağı olacağı məzilin maya dəyəri ilə bazar dəyəri arasında olan intervalda olacaq. Bazar qiyməti İpoteka fondunun hazırda istifadə etdiyi meyarlar əsasında müəyyən olunacaq. Mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz edilmiş vəziyyətdə veriləcək. Tikilən bina üzrə işlərin 30%-i tamamlandıqdan sonra onların satışı haqda elan verilə bilər. Bu barədə KİV-də və müvafiq mənbələrdə satışa ən azı 30 gün qalmış elanlar veriləcək. Alınacaq mənzildən istifadədə isə məhdudiyyətlər bunlardı: Həmin mənzil 3 il ərzində nə satıla, nə də kirayə verilə bilər”.

İqtisadçı-ekspert Vüqar Bayramov bu fərmanı mənzil probleminin həllində yeni bir mərhələ kimi qiymətləndirir:

“Çünki sənəd artıq gələn ildən sosial mənzillərə müraciətlərin əlçatanlığını təmin etməklə yanaşı, eyni zamanda elektron proseduraların tətbiqini nəzərdə tutur”.

Fərmanı təhlil edən ekspert sözügedən sənəddə sosial evlərin hansı şərtlərlə təklif ediləcəyinə aydınlıq gətirib:

“Əvvəla fərman “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılmasını nəzərdə tutur. Bu o deməkdir ki, vətəndaşlar elektron portal vasitəsilə güzəştli mənzillərə müraciətə çıxış imkanı əldə edəcəklər. İkincisi, sistemə sosial mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı və şərtlər daxil ediləcək. Bu isə o deməkdir ki, sosial mənzil almaq istəyən şəxs sistemə daxil olaraq hansı sənədələrin tələb edilməsi, şərtlər, o cümlədən otaqların sayından asılı olaraq mənzilin qiyməti və digər məlumatlarla tanış ola biləcəklər. Üçüncüsü, bu sistem mənzilləri güzəştlə əldə etmək istəyən şəxsin elektron müraciətinin real vaxt rejimində qeydiyyata alaraq “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərəcək. Bu zaman vətəndaş müraciət etdikdən sonra onun müraciəti güzəştli mənzil inşaatına məsul olan qurumla bölüşdürüləcək. Dördüncüsü, sosial mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan və müraciətçinin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatları və o cümlədən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatları qeydə alınacaq. Beşincisi, bu məlumatların vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatı aparılacaq və bu da şəffaflıq baxımdan olduqca vacibdir. Altıncısı, cəmiyyətin sərəncamında olan mənzili güzəştlə əldə etmək məqsədi ilə müraciət etmiş şəxs üçün elektron kabinet yaradılacaq. Bu müraciətçiyə imkan verəcək ki, öz müraicət ilə bağlı prosesi birbaşa izləyə bilsin. Yeddincisi, fərman güzəştli mənzilləri ipoteka və xüsusən də sosial ipoteka vasitəsi ilə əldə edilməsinə imkan verəcək. Güzəştli mənzilin üç il müddətində icarəyə və ya kirayəyə verilməsinə və həmin müddətdə özgəninkiləşdirilməsinə məhdudiyyət tətbiq ediləcək”.

Qeyd edik ki, güzəştli mənzillər Bakıda Yasamal rayonunda olacaq. Eyni zamanda, digər şəhər və rayonlarda da mərhələli şəkildə mənzillər inşa ediləcək. Mənzillər 1, 2 və 3 otaqlı olacaq. Təbii ki, 3 otaqlı mənzil üçün ödənişin aylıq 300 manatdan az olmasına çalışılır. 2 və 1 otaqlı mənzillər üçün aylıq ödəniş müvafiq olaraq aşağı olacaq və aylıq ödənişin 200 manatdan az olacağı gözlənilir. İlk il 2 min mənzil istifadəyə veriləcək, daha sonra isə hər il 3 min mənzilin vətəndaşlara təklif olunması hədəflənir. Güzəştli mənzillər ümumi illik mənzil tələbatının 10 faizini təşkil edəcək. Mənzillərin sahəsi ekonom olacaq. Gözlənilir ki, 3 otaqlı mənzillərin sahəsi təxminən 70, 2 otaqlılar isə 45 kvadrat metr olacaq. Bütövlükdə, yeni sistem mənzili olmayan, amma güzəştli şərtlər ilə aylıq ödəniş etmək imkanı olanları ev sahibi edə biləcək.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/176296.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR