Azərbaycandakı canlı ölülərlə nə edək?

Azərbaycandakı canlı ölülərlə nə edək?
14:47 17 Noyabr 2016
78 Ölkə
Ölkə mətbuatı
A- A+

"Loyal hakimiyyətə nail olmaq istəyirsənsə, bir razı və 3 paxıllıq edəndənsə dörd narazıya nail olmaq daha yaxşıdır".

Qərb siyasətinin təməl qanunlarından biri, xüsusilə də Yaxın Şərq, Şimali Afrika və postsovet məkanı ölkələri ilə bağlı onillərdən bəri işlək sayılan doktrinanın məhvəri budur.

İndisə situasiya dəyişə bilər.

ABŞ-da keçirilmiş prezident seçkilərində Donald Trampın qələbəsi və demokratların biabırçı mğəlubiyyəti dünyanın müxtəlif ölkələrində Vaşinqtonun dayaqlarını sarsıtdı. Mühafizəkarlar, millətçilər və hətta aşkar neonasistlərin güclənməsi ilə yanaşı, birqütblü dünya düzəninə qarşı çıxanların aktivləşməsi müşahidə olunur.

Moldovada keçirilən prezident seçkilərində aşkar rusofil İqor Dodonun qələbəsi, Bolqarıstandakı seçkilərdə "Rusiyanın dövlət başçısı Vladimir Putin dünyanın ən müdrik və qüdrətli insanlarından biridir" deyən Rumen Radevin prezident seçilməsi ABŞ-ın bu ölkələrdəki geosiyasi məğlubiyyətidir.

Çünki Dodon və Radev ölkələrinin NATO ilə Avropa Birliyinin asılılığından çıxmasının, ABŞ-dan alınan göstərişlər əsasında hərəkət etməyə son qoyulmasının vaxtının çatdığını deyirlər.

Düzən, vəziyyət və oyun qaydaları dəyişir.

Belə şəraitdə Azərbaycanda "hakimiyyət dəyişikliyi"nə can atan, "Biz gəlirik!", "İstefa!" təki nimdaş şüarlardan hələ də qurtula bilməyən müxalifətin şansları nə qədərdir və ümumiyyətlə, belə şanslar varmı?! Çoxdan bəri siyasi ölülərə çevrilmiş müxalifət müqəvvaları, "Az qalıb, gəlirik!" xırıldayaraq tərəfdarlarını aldatmağa çalışan, amma elə "gələ-gələ" qocalan, paslanan və heylərini itirərək can verən bu fiqurlar nəsə edə bilərmi?

Bataqlıq qurudulacaq

Respublikaçı milyarder Donald Trampın seçkiqabağı şüarlarından biri də "Drain the Swamp!" ("Bataqlığı qurudaq!") idi.

Tramp artıq Birləşmiş Ştatların 45-ci prezidentidir və həmin şüar da konsept sayıla bilər.

Tramp və onun tərəfdarları, habelə ilk baxışdan ekssentrik təsir bağışlayan milyarderə səs verən, onu dəstəkləyən 61 milyon amerikalı üçün "bataqlıq" anlamı qlobalizm, liberalizm, başqa dövlətlərin daxili işlərinə burun soxmaq, transmilli korporasiyaların hökmranlığı, aqressiv və kobud xarici siyasətdir.

Bir sözlə, "ABŞ hegemoniyası" adlandırdığımız hər şey.

ABŞ-ın mərhum prezidenti Vudro Vilsonun hələ ötən əsrin əvvəllərində müəyyənləşdirdiyi "qlobalizm + hegemoniya" anlayışının 20-ci əsrin ikinci yarısında Vaşinqtonun yürütdüyü xarici siyasətin əsas istiqamətinə çevrilməsi məsələsi o qədər adiləşmişdi ki, dünyanın bütün ölkələrində ABŞ-ın adı çəkiləndə qlobalizm nəzərdə tutulurdu, "Amerika" deyəndə dərhal "supergüc, hegemoniya" kəlmələri xatırlanırdı.

Bunu deyənlər və düşünənlər haqlıdırlar.

Çünki istənilən qlobalizm tərəfdarı mütləq şəkildə Vaşinqtonun və Dövlət Departamentinin sadiq marionetkası, hər qərbpərəst marionetka isə qlobalist idi.

Birləşmiş Ştatların yeni, 45-ci prezidenti isə belə ideologiyanı, qlobalizm və hegemoniyanı bataqlıq saydı. Bununla da Donald Tramp hegemoniyanın özünə, onun özəyinə və nüvəsinə ağır zərbə vurdu.

Tramp çox ciddi, konseptual addım ataraq yeni paradiqmanı önə çıxardı, bataqlığı Amerikadan ayırdı, hətta yeni paradiqma ilə çıxış edərək hegemoniya ünsürlərindən ibarət bataqlığı ölkəsindən kənarlaşdıracağını söylədi.

Ona görə indi həmin bataqlıq transmillidir, ABŞ-da başlayır və Avropada bitir.

Bataqlıq "ölkələrə demokratiya verməliyik" söyləyən, insan haqları və vətəndaş cəmiyyəti ilə bağlı çıxışları iyrənc təsir bağışlayanadək təkrarlayan, "siyasi məhbuslar siyahı"sını alver və təzyiq vasitəsinə çevirənlər artıq geri çəkilmək zorundadırlar.

Nədən ki, indi "məcburi demokratiya" da beynəlxalq terrorizm təki konkret məkanla bağlı olmayan anlama çevrilib.

Trampın bəhs etdiyi bataqlıq qobal korrupsiya, liberalizm, "cinsi azlıqların hüquqlarının müdafiəsi" adlı sektant ideologiya, heç kim tərəfindən seçilməsə də özünə bu adı seçmiş "dünya siyasi elitası", yəni siyasət dəllaları, millət cəlladları, Corc Sorosun "QHT ordusu", posthumanistlər, manyaklar, ikiüüzlülər və s.-dən ibarət yığındır.

Paradoksun şahidiyik. ABŞ belə bataqlığa, 61 milyon amerikalı qlobalizmə qarşı çıxdı.

Bataqlıq indi tənha qalıb.

Hər ölkənin öz bataqlığı var və bu bataqlıqlar böyük Bataqlığın kiçik versiyalarıdır.

Azərbaycandakı bataqlıq AXCP, Müsavat, Milli Şura və bu təşkilatların ətrafına toplaşanlar, "siyasi məhbuslar siyahı"ları hazırlayıb öz aralarında didişən, qrant və Qərbə daha yaxşı yarınmaq üçün sosial şəbəkələrdə qarşılıqlı təhqirlərdən də çəkinməyənlər, potensialı və savadı olmasa da, iddialarından qalmayan, ambisiyaları kölgələrindən böyük fərdlərdir.

Bu bataqlığı qurutmaq, millət və demokratiyadan danışıb millətin maraqları ilə dövlətin mənafelərini öz merkantil maraqlarına qurban verənlərə "Dur!" demək zamanı çatıb.

Vəssalam, bitdi...

Trampın vədlərinin, təbii ki, hamısı reallaşan deyil. Amma real olan budur ki, antiamerikanizmin sonu çatdı. Ona görə yox ki, bu ideologiya yanlışdı, əsassızdı - yox, əksinə, amerkialıların özləri ölkələrində dünyada nifrət doğuran doktrinaya qarşı mübarizəyə başlayıblar.

İndi heç bir ölkə, heç bir siyasi partiya və ya təşkilat əvvələr olduğu kimi, ABŞ-ın marionetkası olmaqda suçlana bilməz. Bundan belə həmin elita sadəcə, qrantlar hesabına harınlayan, reallıq hissini itirən, mənsub olduğu ölkənin müstəqilliyinə, azadlığına, suverenliyinə qarşı çıxan dəstədir.

Fransua Olland və Angela Merkelin "insan haqları sərhəd tanımayan anlamdır" sözləri artıq ironiya doğurur.

Bataqlıq hələ güclü olsa da, onun antimilli, riyakar və mənhus mahiyyəti tam aşkardır.

Bataqlıq artıq ABŞ bayrağının arxasında gizlənmir. Əslində, gizlənə də bilməz: bir para Hollivud ulduzları, Şer, Mayli Sayrus kimi əxlaqsız "ulduz"lar "Tramp seçilsə, Kanadaya mühacirət edəcəyik" desələr də.

Ölülər, Allah sizə rəhmət eləsin....

Donald Trampın ABŞ-dakı seçkilərdə qələbəsi Azərbaycanda saxtakarlıqla dolu, siyasi cəsəd olduğundan üfunət qoxuyan liberalizmin məhvi deməkdir.

Bu psevdomodern, totalitar siyasi ideologiya ilə vidalaşmalıyıq. Çünki istənilən totalitar ideologiya təki, "bataqlıq" liberalizminin Azərbaycandakı daşıyıcıları şizomorf modellər, "insan hüquqları" ilə pərdələnən vaysınmalar və aşkar həyasızlıq yolu ilə siyasi sənətlə məşğul olduqlarını iddia edirlər.

Halbuki bu marionetkaların işi həmişə holizm olub, indi də köləlikdir.

AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər və "Milli Şura" adlı kukla teatrının bədii rəhbəri, psevdotarixçi Cəmil Həsənlinin çıxışlarını, nitqlərini xatırlayın.

Onlar aldıqları göstərişlərin mahiyyətini anlamadan yerinə yetirdiklərindən o tapşırıqlarda Azərbaycanın da sensitiv sivilizasiya məkanına "qovuşması" göstərişinin pərdələnmiş formatda olduğunu dərk etmirlər.

İdeasion, yəni mənəviyyatın madiyyatdan üstün olduğu cəmiyyətdən fərqli olaraq sensitiv cəmiyyət maddiyyatın mənəviyyatı tam üstələdiyi toplumdur, şüarı da "Translatio Imperii", yəni "İmperiyanın köç keçidi"dir.

Keçid yoxdur, saxta liberallar heç yerə getmirlər - onlar mənəviyyatı köçürmək, "Sahib"ə xidmətlə əvəzləmək istəyirlər. Həmin uydurma keçid uğrunda Bakıda keçirilən mitinqlər, piketlər, aksiyalar bir məqsədə yönəlib: Azərbaycanı müstəqil siyasət doktrinasından məhrum etmək, bataqlıqdan asılı kvazidövlətə çevirmək.

Azərbaycandakı müxalifət "lider"lərinin siyasi görmə qabiliyyətinin zəifliyi nəticəsində onlar Raymon Abellio və Jan Parvuleskonun əsərlərindən xəbərdar deyilər. Bu, adi savadsızlıq yox, qərəzli mövqe nümayişi də sayıla bilər.

Amerika indi absurd siyasətdən qurtulmağa başlayır, dünya geosiyasətində yeni esxalotik dönəm başlayır ki, yaşananlar heç bir halda "Machenschaft" prinsipləri və ya Haydeggerin sərsəm ideologiyası çərçivəsində dəyərləndirilməməlidir.

İndi artıq seçim və hərəkət zamanıdır.

Ya bataqlığa xidmət edən siyasi ölüləri basdırmalıyıq, ya da onlar cəmiyyətin həyatını çürük mənəviyyatlarından sızan miazmlarla zəhərləməyə davam edəcəklər.

Amerikalılar tarixlərində ilk dəfə olaraq, gerçəkdən də, dünyanın xilaskarına çevrilə bilərlər və bəhs etdiyimiz bataqlığın qurudulmasında onlarla bir olmalıyıq.

21-ci əsr nəhayət ki, başlandı

Yaşananlar Azərbaycandakı psevdomüxalifət üçün soyuq duş effektinə çevrildi.

Hələ də 1990-cı illərin meydan eyforiyasından qurtula bilməyən, siyasi mübarizə yolunu sadəcə, küçələrə tərəfdarları yığıb plakatlarla harasa yeriməkdə görən, indisə hərəsi öz qərargahına və ya otağına guşənişin olub sosial şəbəkələrdə hakimiyyətə nifrinlər yağdırmaqda görənlər acizliklərinin, uduzduqlarının, siyasət yolunun kənarına atıldıqlarının fərqində deyillər.

Müasir reallığın acımasız, hətta qəddar şərtləri AXCP, Müsavat və "Milli Şura"nın liderlərinin perspektivlərini asfaltdöşəyən maşının dəyirmi presi təki əzib və o xınc olmuş ümidlərin arasında vurnuxanlar hələ də nəyəsə güvənirlər.

Mətbəx müxalifətçiliyini "Qərb bizə yardım edəcək" illüziyasına qataraq absurd niyyətlər kokteyli hazırlayanlar tərəfdarlarına 20 ildən bəri tirajladıqları vədlərinin işlək olduğunu düşünən primitiv düşüncə qəliblərində qalıblar.

Onlar anlamırlar və ya anlaya bilmirlər ki, 2016-cı ildir, köhnəlmiş siyasi konstruksiyalar dağılır, neosiyasət daha adekvat, məntiqli və praqmat davranış tələb etdiyindən arxiv tozu bürümüş şüarlar işə yaramır.

Əvvəl "narıncı inqilab"a, sonra "ərəb baharı"na, sonra "Maydan"a tapınanlar bu ssenarilərin Azərbaycanda təkrarlanacağının qaçılmazlıq olduğunu deyirdilər.

Halbuki reallığın arxasınca qaçan adamların özləri iflic məntiqlərinin qurbanına çevrilmişdilər.

Tragikomediya o həddə çatıb ki, Britaniyadakı "Brexit"dən sonra Fransada Mari Le Pen, Almaniyada Frauk Petri, Çexiyada Andrey Babiş, Avstriyada Norbert Hofer, Norveçdə Siv Yensen, Hollandiyada Qeert Vilders, İtaliyada Beppe Qrillo, Serbiyada isə Voislav Şeşel təki ifrat sağçı, ultramühafizəkar siyasətçilər "Avropa Evi ideologiyası puç oldu, Avropa İttifaqından çıxmalıyıq" deyir: Avropa İttifaqındakı bütün ölkələrdə (!) bu strukturdan ayrılmağı tələb edənlərin sayı həndəsi silsilə ilə artırsa və hətta Brüsseldəki "avroməmurlar" təmsil etdikləri strukturda parçalanmaların gücləndiyini deyirlərsə - bizim müxalifət liderləri mitinqlərə Avropa İttifaqının bayrağı ilə çıxır, "avrointeqrasiya" və "assosiativ üzvlük" təki meşin təkliflərini səsləndirirlər.

Onlar paralel reallıqda yaşamırlar, sadəcə, sifariş yerinə yetirirlər. Amma nə edəsən ki, özlərini siyasətçi adlandıran, "lider" olduqlarını iddia edənlər anarxosindikalizm qoxusu verən radikal romantikadan qurtulmayıblar, hələ də bolşevik terminlərini dilə gətirirlər, məhv olan "ərəb baharı"ndan, rüsvayçılığa dönən "narıncı inqilab"lardan, fiaskoya uğramış "Maydan"dan şövqlə bəhs edirlər.

Bu nədir - siyasi korluq, bisavadlıq, idiotizm, yoxsa korafəhmlik?

Çox istərdik ki, sadalananlardan biri olsun.

Amma heç biri deyil, çünki sönmüş geosiyasi tonqalın külləri ilə oynamaq sadəlöhlük yox, millətin maraqları ilə dövlətin mənafelərinə xəyanətdir.

Bu il Azərbaycanda multikulturalizm ilidir, cəmiyyətimiz də tolerantdır.

Olsun və bəlkə, o multikulturalizm normal cəmiyyətin siyasi mədəniyyətindən fərqli, şikəst və qüsurlu mədəniyyət daşıyıcıları ilə birgəyaşam prinsiplərini də ehtiva edir.

Tolerantlıqsa meydandakı bağırtıların, sosial şəbəkələrdəki sərsəmləmələrin, "siyasi məhbus siyahısı" adı ilə namələr hazırlayıb özlərini sudetli alman Oskar Şindler  siyasi mövqe izharı kimi qəbul olunmasını arzulayanların şizofreniyanı daha çox xatırladan tələblərinə dözümlü yanaşmaqdır - bu da ola bilər.

Artıq vədə yetişib: siyasi ölüləri dəfn etmək zamanıdır.

Hər savaşdan sonra meydana səpələnmiş meyitlər torpağa tapşırıldığı üçün.

Azərbaycan müxalifətinin liderləri öz ambisiyalarının, hikkələrinin, flüger təki sürəkli yön dəyişən mövqelərinin, intriqalarının qurbanı oldular.

Onlar hələ də siyasi ölü olduqlarının fərqində deyillər.

Əslində hansı zombi varlıq müddətinin çoxdan bitdiyini anlayıb ki?..

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/490346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR