Çevriliş, yoxsa Maydan III? - Putinin “dostları və qardaşları” qisas ala biləcəkmi?

Çevriliş, yoxsa Maydan III? -  Putinin “dostları və qardaşları” qisas ala biləcəkmi?
15:53 17 Noyabr 2016
84 Digər
Ölkə mətbuatı
A- A+

Noyabrın 15-də Kiyevin mərkəzində hakimiyyət əleyhinə şüarlar yenidən səsləndi. Aksiyaları “Maydan 3” adlandırırlar. Nümayişçilər aksiyaların müddətsiz keçirəcəyini bildirirlər. Hakimiyyətin tərəfdarları isə küçələrə çıxan insanları “Putinin dostları” adlandırır və vəziyyətin kəskinləşəcəyi halda onları güllələməyə söz verirlər.

Ukrayna paytaxtında yeni dövlət çevrilişi mümkündürmü? Publika.az xəbər verir ki, Rusiyanın “lenta.ru” saytı bu suala cavab verməyə çalışıb.

Poroşenkonun müqəvvası

Kiyev Milli polisinin verdiyi xəbərə görə, Ukrayna paytaxtının küçələrinə təxminən 6 min insan çıxıb. Bağlanmış bankların əmanətçiləri onların pulunu qaytarmağı tələb edirdilər. Jurnalistlərin xüsusi diqqətini etirazçıların performansı cəlb etdi. Onlar prezident Pyotr Poroşenkonun müqəvvasını ölkə konstitusiyasının simvolu olan unitaza oturtdular. “Biz göstərmək istəyirik ki, hakimiyyət yalnız bizə hörmət etmir, o bu ölkədə heç bir qanuna hörmət etmir”, - nümayişçilərdən biri bildirib. Növbəti gün Milli Bankın qarşısında təxminən iki min insan toplaşdı.

Bu gün aksiyalar yüksək kommunal tariflərdən narazı olanlar və Ukrayna Həmkarlar İttifaqları Federasiyası qoşulmalıdır. Noyabrın 21-də Kiyevdə millətçilər ikinci Maydanın üçüncü ildönümünü qeyd edəcəklər. Ukrayna Millətçiləri Təşkilatı (OUN) Kiyevin meriyasına xəbərdarlıq edib ki, “inqilab marşı” olacaq. Millətçilərin fikrincə, tədbirlərdə 100 minə qədər insan iştirak edə bilər. “Sağ sektor” təşkilatının mətbuat katibi Artyom Skoropadskiy bildirib ki, Kiyevə anti-terror əməliyyatları zonasından çoxlu veteran gələcək.

Etiraz aksiyaları seriyasını təşkil etmək cəhdləri Ukraynada ilk dəfə deyil ki, başlayır. Bu ilin fevralında Ukrayna millətçiləri Kiyevin mərkəzi meydanında (Maydan) çadırlar qurdular, amma təhlükəsizlik gücləri onları sıxışdıra bildi. İndiki vəziyyət onunla fərqlənir ki, etiraz aksiyalarına siyasətçilər və məşhur idmançılar dəstək göstərirlər. Müddətsiz aksiyaların keçirilməsinə “Batkivşina” partiyanın lideri, keçmiş baş nazir Yuliya Timoşenko çağırıb. Onun sözlərinə görə, prezident Pyotr Poroşenko və Milli Bank faktiki olaraq korrupsiyanın dayağı olub və dövlət başçısı öz biznes-partnyorlarını əsas vəzifələrə təyin edib. KİV sentyabrının sonunda yazdı ki, “Batkivşina” ilə bağlı ictimai təşkilatlar kütləvi aksiyalarda istifadə üçün 300-dən 500-ə qədər çadır alıb. Odessa vilayətinin qubernatoru Saakaşvili istefa verdikdən sonra hakimiyyətin kəskin tənqidi ilə çıxış etdi. O, hədəfinin növbədənkənar parlament seçkiləri olduğunu açıqladı.

“Şatun” və Putinin dostları

Prezident Pyotr Poroşenkonun ətrafında olan şəxslərin reaksiyası da vəziyyətin ciddiliyini göstərir. Ukrayna Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti noyabrın 11-də Rusiya xüsusi xidmət orqanlarının Ukraynada qeyri-stabillik yaratmaq üzrə planlarını açıb. Ukrayna Təhlükəsizlik Xidmətinin departament müdiri Anatoli Dublik bildirib ki, Rusiya Ukraynada yeni Maydan hazırlayır və “Şatun” planını hazırlayıb. Onun sözlərinə görə, aksiyaların hədəfi Ukraynada növbədənkənar parlament seçkilərinin keçirilməsidir. “Bu seçkilərdə hakimiyyətə Moskvanı dəstəkləyən siyasətçilər gəlməlidir”, - deyə o, bildirib.

Ukrayna Təhlükəsizlik Xidməti oktyabrın əvvəlindən ölkə sakinlərini mümkün terror aktları ilə qorxudur və kütləvi aksiyalarda iştirak etməməyi məsləhət görür. Məsələn, Xarkov sakinlərinə xəbərdarlıq edilib ki, noyabrın 4-dən 20-dək terror aktları mümkündür. Daxili işlər naziri Arsen Avakovun sözlərinə görə, təhlükəsizlik gücləri aksiyalara sürətli və peşəkarlıqla cavab verməyə məcburdur.

“Korrespondent.net” nəşri həmçinin bildirib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının yanında aksiyalara operativ reaksiya üçün qərargah yaradılıb. Qurumun rəhbəri Aleksandr Turçinov qərargaha başçılıq edir. Struktura Avakov, baş prokuror Yuri Lusenko, Baş qərargahın başçısı Viktor Mujenko, Ukrayna Təhlükəsizlik Xidməti və kəşfiyyat nümayəndələri, həmçinin deputat Sergey Paşinskiy daxildir. Jurnalistlərin məlumatına görə, polislərə göstəriş verilib ki, Kiyev Meydanında çadırların qurulmasına icazə verilməsin. Parlament koalisiyasında yer alan fraksiyaların (“Pyotr Poroşenkonun Bloku” və “Xalq cəbhəsi”) deputatlarına idmançılar və şəxsi mühafizə strukturlarının əməkdaşlarından ibarət dəstələrin təşkil edilməsi təklif edilib. Deyilənə görə, bu dəstələr təhlükəsizlik güclərinə aksiyaları dağıtmağa kömək edəcəklər. Kəşfiyyata və Ukrayna Təhlükəsizlik Xidmətinə etiraz aksiyalarında “Rusiya izi” haqqında informasiyaların verilməsi, həmçinin telekanalların söndürülməsi və saytların bloklanması məsələsinin işlənilməsi tapşırılıb. Məlumata görə, əgər sözügedən ölçülər effekt verməsə, təhlükəsizlik gücləri aksiyaların dağıdılması və onların təşkilatçılarının həbsi barədə əmr alacaqlar. Bundan başqa, Milli Təhlükəsizlik və Müdafiə Şurasının aparatına Kiyevdə hərbi vəziyyət və komendant rejiminin tətbiqi haqqında qanun layihələrini hazırlamaq barədə tapşırıq verilib. Lakin qurum bunu təkzib edib.

Ukrayna könüllüsü, Maydan hərəkatının fəalı Roman Donik bildirib ki, Kiyevdə yeni Maydanı təşkil etməyə çalışanları şəxsən güllələyəcək. Roman Donikin sözlərinə görə, onda və dostlarında böyük miqdarda odlu silah var.

Karnaval və ya çevriliş

Ekspertlər qeyd edirlər ki, son iki ildə Ukraynada həyat səviyyəsi kəskin aşağı düşüb. 2016-cı ilin qışından sonra qrivna dəyərini üç dəfə itirib. İqtisadiyyatın nisbi sabitliyi Qərb kreditlərindən tamamilə asılıdır. Beynəlxalq Əmək Təşkilatının işçi qüvvəsi ilə bağlı metodologiyasına görə, işsizliyin səviyyəsi rekord - 9 faiz təşkil edib. Son 2,5 il ərzində 82 bank fəaliyyətini dayandırıb. Ukrayna Statistika Komitəsinin məlumatına görə, 2015-ci il ərzində Ukrayna inflyasiya üzrə dünya lideri olub, qiymətlər 43,3 faiz artıb. Saakaşvilinin sözlərinə görə, keçmiş prezidenti Viktor Yanukoviçin dövründə olan iqtisadi göstəricilərə çatmaq üçün 15 il lazım olacaq. O, bildirib ki, ümumi daxili məhsulun adambaşına göstəricisi Qabonun səviyyəsinə qədər azalıb.

Digər tərəfdən, sosioloqlar istənilən siyasətçiyə etibarının azalmasına diqqət yetirirlər. Bundan başqa, çoxları hesab edir ki, vəziyyətdə ən kiçik kəskinləşmə olacağı halda, indiki rejim Yanukoviçlə müqayisədə daha sərt hərəkət edəcək. Ukrayna Analitik Mərkəzinin prezidenti Aleksandr Oxrimenko “Lenta.ru” ilə söhbətində qeyd edib ki, müvəffəqiyyətli inqilab üçün sponsor lazımdır. Onun sözlərinə görə, 2013-2014-cü il Maydanı zamanı bir gün Ukrayna oliqarxlarına minimum 200-300 min dollara başa gəlirdi. “Hazırda etiraz aksiyaları üçün heç bir perspektiv görmürəm. Sponsor yoxdur, inqilablar da yoxdur”, - o, hesab edir.

Politoloq Dmitri Kulikov əlavə edir ki, puldan başqa, düşünülmüş texnologiya lazımdır: “Ukraynada hakimiyyətdən narazılıq həqiqətən böyükdür, amma narazılığın arxasında dayanacaq təşkilat yoxdur. Hesab edirəm ki, regionlarda yaxın vaxtlarda birdən-birə alışan qiyamları görəcəyik. Siyasətçilər öz hədəfləri üçün bundan istifadə etməyə çalışacaqlar. Ancaq hakimiyyət dəyişikliyindən hazırda danışmaq tezdir”.

Ukrayna Siyasətin İdarəetməsi və Analiz İnstitutunun direktoru Ruslan Bortnikin fikrincə, Ukraynada silahlı çevrilişin perspektivi yeni Maydanın təkrarından daha realdır: "Mən yeni çoxaylıq siyasiləşdirilmiş karnavala inanmıram. Ukraynada çevrilişi təşkil etmək indi daha asandır, nəinki Maydanı. Silahın tətbiqi üçün psixoloji baryer yoxdur, insanların çoxu döyüş əməliyyatlarının iştirakçısı olublar. Dövlətin qurumlarına etibar Yanukoviçin dövründə olduğundan daha aşağıdır. Ukraynada hakimiyyət tutmaq indi daha asandır”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/176308.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR