Millət vəkili: "Sarkisyanın bəyanatı münaqişənin nizamlanmasına zərbə vurmağa yönəlib"

Millət vəkili: "Sarkisyanın bəyanatı münaqişənin nizamlanmasına zərbə vurmağa yönəlib"
16:32 17 Noyabr 2016
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son bəyanatı problemin nizamlanması imkanlarının buxarlanmasına xidmət edir.

Milli.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, S.Sarkisyan bu bəyanatı ilə münaqişənin nizamlanması istiqamətində prezidentlərin görüşündən boyun qaçırmaq istəyir:

"Prezident İlham Əliyev son çıxışlarından birində qeyd etdi ki, Azərbaycan münaqişənin həlli ilə bağlı Dağlıq Qarabağa hətta ən yüksək status verməyə hazırdır. Dövlət başçısının bu cür konkret çıxışından sonra Ermənistan tərəfinin münaqişənin həllindən yayınmaq məqsədilə belə bir bəyanat verməsi gözlənilən idi. Ermənistan prezidenti guya Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirir. Deyir ki, guya xalqların öz müqəddəratını təyin etməsi prinsipi ərazi bütövlüyü prinsipinə zidd deyil. Bu, kökündən yanlış yanaşmadır. Bu, münaqişənin həlli imkanlarına zərbə endirməkdən başqa bir şey deyil. Erməni xalqı artıq müqəddərat prinsipindən istifadə edərək erməni dövləti yaradıb. Buna görə də onlar həmin prinsiplə Azərbaycanda ikinci erməni dövləti yarada bilməzlər".

E.Nəsirov bildirib ki, S.Sarkisyan bu bəyanatı ilə gələcəkdə Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşünə maneçilik törətməyə və bu görüşün baş tutmamasına çalışır:

"Bununla yanaşı, Sarkisyan hələ utanmadan təklif də edir ki, Azərbaycanla Ermənistan arasında "qaynar xətt" yaradılsın və atəşkəs pozulanda Ermənistan tərəfi Azərbaycan Prezidentinə zəng vurub desin ki, guya Azərbaycan tərəfi atəşkəsi pozur. Əslində, atəşkəsi intensiv pozan da özləridir, lakin bunu bizim üstümüzə atmaq istəyirlər. Prosesin gedişi bunu göstərir ki, deyəsən, Ermənistan tərəfinə aprel döyüşləri dərs olmadı. Əgər hadisələr hərbi müstəviyə keçərsə, buna görə birbaşa məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/490386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR