Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sevgilisinin toyunda dava salan prezidentin kəndindən REPORTAJ – SƏBUHI MƏMMƏDLI YAZIR

Sevgilisinin toyunda dava salan prezidentin kəndindən REPORTAJ – SƏBUHI MƏMMƏDLI YAZIR

Date: 17 November 2016 17:19

Mərkəzdən, yəni Yekaterinburqdan 360 kilometr aralıda yerləşir. Tümenə daha yaxındı, iki saatlıq yoldur. 77 küçəsi var bu kəndin. Ən böyük küçəsi də elə onun adını daşıyır. Əvvəlki adı Karl Marks olub. Sonradan adını dəyişəndə, hətta 8 nəfər əleyhinə çıxıb. Deyiblər ki, o boyda vəzifədə oldu, bu kənd üçün nə etdi ki? Qoy anadan olduğu küçəyə versinlər adını. Amma səs çoxluğuyla küçənin adını dəyişiblər. Ağsaqqallardan kimsə deyib ki, ayıbdı, gəlib-gedən olacaq, balaca dalana onun adını verə bilmərik...

 

***

 

Bu kəndin 4 minə yaxın əhalisi var. Və bu kəndin tarixi ərzində vur-tut bir tanınmış adam çıxıb burdan, Butkadan. Sverdlovsk vilayətinin Talitski rayonunun Butka kəndindən. Onu isə nəinki Rusiyada, bütün dünyada tanıyıblar. Çünki dünyanı idarə edən 3 liderdən biri olub. Hə, Yeltsinin, Rusiyanın ilk prezidenti Boris Yeltsinin kəndidir Butka. Elə bu kənddən yazacağıq...

 

 

***

 

Şaxtanın az qala damarda qanı dondurduğu gündür. Amma butkalıların özlərinin də dediyi kimi, Sverdlovsk vilayətinin başqa kəndləri kimi yol problemi yoxdur deyə, məsafəni də qısa vaxtda qət etmək olur.

 

Atası repressiyaya uğrayıb Borisin. 1931-ci il fevralın 1-də Sverdlovsk vilayətinin Butka kəndində, keçmiş mülkədar Nikolay Yeltsinin ailəsində anadan olub. Deyilənə görə, gələcək prezident uşaqlıqda çox davakar imiş. O qədər də yaxşı qiymətlərlə oxumayan balaca Boryanı sinifdə sevməzlərmiş. Xatirələrində yazır ki, bir dəfə sinif rəhbəri ilə dalaşıb. Sən demə, sinif rəhbəri dərsdən sonra uşaqları öz evində işləməyə aparırmış. Boris isə buna qarşı imiş. Növbəti dərs gününün sonunda Borislə müəllim arasında mübahisə düşür. Müəllim onu vurur. Boris isə yazı taxtasının qarşısındakı tabaşiri götürərək müəllimə atır. Bu hadisədən sonra onu məktəbdən qovurlar.

Amma anası köməyə gəlir. Qəsəbənin bir nömrəli dərzisi sayılan Klavdiya Starıqina problemi həll edir. Əks halda, Borisi çətin tərbiyə olunanlar üçün xüsusi məktəbə göndərəcəklərmiş. Necə deyərlər, hamının dərziyə işi düşdüyündən, Borisi əfv edirlər. O, bir aydan sonra məktəbə qayıdır.

 

Kənd sakini Aleksandra Rubaşinanın dediyinə görə, əslində Yeltsinlər Butkadan 40-cı illərin ortalarında çıxıb gediblər:

 

- Aclıq dövrü olub. Nikolay ailəsini də götürüb, Penzaya köçüb. Bura bir də 1959-cu ildə qayıdıblar, ev tikiblər. Boris Moskvaya gedəndən sonra valideynləri də burada qalmadı. Atasına Yekaterinburqda ev aldı, anası isə onunla birgə Moskvaya köçdü.

 

Amma Butkaya gələrmiş tez-tez. Qızları Yelena vəTatyananı gətirirmiş. Deyirmiş ki, ata yurdlarını unutmasınlar.

 

- Amma unutdular. O öləndən sonra bura gəlmədilər. Bura indi hərdən jurnalistlər gəlir, tək-tük də turistlər- bunu da Gena dayı deyir.

 

***

 

Burada Azərbaycanı da xatırlayırlar. Düzdür, Tayqanın ortasında yerləşən bu kəndə yaşamaq üçün nədənsə azərbaycanlılar gedib çıxmayıb hələ. Amma burada fəaliyyət göstərən toxuculuq fabrikinə Azərbaycandan yun gətirərmiş bir iş adamı. Elə 5-6 il bundan əvvələdək. Amma sonradan o da yoxa çıxıb.

 

- Sonra bir dağıstanlı gəlib çıxdı. Xeyli yun gətirmişdi. Qayıdanda fabrik ona əlavə də pul verdi. Amma pulu da götürüb, aradan çıxdı.

 

Bir maraqlı fakt. Sən demə, birinci çeçen müharibəsi vaxtı bu kənd düz bir həftə yuxu üzü görməyib. Çeçen səhra komandirləri hədələyirmişlər ki, Butkanı yer üzündən siləcəklər. Tezliklə bura xüsusi təyinatlılar göndərilib. Bundan sonra camaat sakitləşib.

 

***

 

Butkada ilk sevgisi olmayıb Borisin. Atası çox ciddi adamıymış. Ona beləcə də deyibmiş, “instituta gir, sonra sev və evlən”.

 

Borisin ilk məhəbbəti tələbəlik illərinə təsadüf edib. Kirov adına Ural Politexnik İnstitutunun inşaat fakültəsində oxuyarkən Yeltsin Marqarita Yerina adlı qıza dəlicəsinə vurulub. Hər ikisi idmanı sevirmiş. Boris onunla tez-tez tennis oynayarmış. Bir dəfə harasa gedibmiş, bir neçə günlüyə. Məktəb yoldaşı Mişa Ustinov Ritanın qayğısına qalmağı tapşırıb: “Mişa özü Ritaya vurulur və Borisi qabaqlayaraq ondan əvvəl Ritaya ürəyini təklif edir”. Az sonra evlənirlər. Borisi toya da dəvət edirlər. O isə toyda dava salır.

 

Boris də Ritadan acığını çıxır. İki gün sonra, 50 il bir yerdə ömür sürəcəkləri Nainaya sevgisini bildirir. Öz məktəb yoldaşına. Naina düşünür ki, Boris yəqin zarafat edir. Amma sən demə, zarafat deyilmiş.

 

***

 

Hə, bir məsələni də zarafat kimi qəbul etmirlər Butkada. Elə Gena dayı danışır. Deyir, 1991-ci ilin avqustunda, QKÇP vaxtı bütün kənd yola axışır. Butka əhalisi uşaqdan böyüyə qədər Yeltsinlərini müdafiə etmək üçün Moskvaya getməyə hazırlaşırmış. Amma qiyam yatırılır. Yeltsinin tankın üzərindəki məşhur çıxışına isə bütün kənd əhli yerli mədəniyyət evində baxırmış. Həmin çıxışdan sonra isə bütün kənd ziyafətə yığışır. Bütün kənd həmin gün ancaq onun sağlığına içir. Bəlkə də həmin vaxt elə Borisin özü də hansısa ziyafətdə imiş. Qələbəni qeyd edirmiş.

 

- O bu kənddə bir-iki artezian qazdırıb, vəssalam. Başqası olsaydı, Tanrı bilir nələr edərdi” - deyir, Styopa dayı.

 

Bəs niyə etmədi?

 

Cavabı da maraqlı oldu:

 

- Rusiya böyükdü, təkcə Butkadan ibarət deyil axı...

 

Səbuhi Məmmədli,

Yekaterinburq

 






Tags:  Sevgilisinin toyunda dava salan prezidentin kəndindən REPORTAJ SƏBUHI MƏMMƏDLI YAZIR


RƏYLƏR


Top news