İqtisadiyyat naziri Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat naziri Belarusun Azərbaycandakı səfiri ilə görüşüb
19:02 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, Ş.Mustafayev Azərbaycanla Belarus arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini, dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb. Azərbaycan iqtisadiyyatı, ölkədə sahibkarlıq, biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar barədə məlumat verib. Nazir qeyd edib ki, Azərbaycan və Belarus arasında sənaye, kənd təsərrüfatı, İKT, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var: "Qeyri-neft sektoru ölkə iqtisadiyyatının prioritet istiqamətidir. Xarici şirkətlərin, o cümlədən Belarus iş adamlarının ölkəmizdə səmərəli fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Sənaye zonalarında və parklarında rezidentlərə güzəştlər tətbiq edilir".
Görüşdə tütün və tütün məmulatları, çay, şərab və digər malların ticarətinə maraq ifadə olunub, birgə çay və siqaret istehsalı müəssisələrinin, ticarət evlərinin yaradılması məsələləri müzakirə edilib.
Səfir G.Axramoviç iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu, səfirliyin iqtisadi əlaqələrin genişləndirilməsini təşviq etdiyini, bu sahədə işlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/i-qtisadiyyat-naziri-belarusun-azerbaycandaki-sefiri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR