Səfir: "ABŞ-la Azərbaycan terrorçuluqla mübarizə sahəsində səmərəli əməkdaşlıq edir"

Səfir: "ABŞ-la Azərbaycan terrorçuluqla mübarizə sahəsində səmərəli əməkdaşlıq edir"
19:57 17 Noyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-ın nüfuzlu Hyuston Universitetində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Hyustondakı Azərbaycan Mədəniyyət Mərkəzi və Hyuston Universiteti ilə birgə təşkil olunmuş konfransda əsas məruzəçilər qismində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov çıxış ediblər.
 
ABŞ səfiri çıxışı zamanı ABŞ-ın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən və həmin zamandan bəri Azərbaycanın yanında olduğunu,  Azərbaycanın ABŞ və NATO-nun əhəmiyyətli tərəfdaşı olduğunu vurğulayıb, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsini, habelə müasir İpək Yolunun canlandırılmasında Azərbaycanın xüsusi rolunu izah edib. O, hazırda Azərbaycanla ABŞ arasında enerji, təhlükəsizlik, o cümlədən terrorçuluqla mübarizə sahələrində səmərəli əməkdaşlığın həyata keçirildiyini xüsusilə qeyd edib.
 
R.Sekuta, həmçinin 1976-ci ildən qardaşlaşmış şəhərlər olan Hyustonla Bakı arasında bir çox baxımdan oxşarlığı xatırladaraq, bu şəhərlər arasında əlaqələrin cari vəziyyətini yüksək qiymətləndirib və bu kontekstdə Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rolunu xüsusilə qeyd edib.
 
M.Talıbov isə çıxışı zamanı 2016-cı ildə müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünü qeyd edən Azərbaycan dövlətinin müsəlman şərqində ilk demokratiyanın davamçısı olduğunu, Azərbaycanın unikallığını dərk etmək üçün dövlətimizin keçdiyi tarixi yolun, üzləşdiyi çətinliklərin, əldə etdiyi nailiyyətlərin dəyərləndirilməsinin vacibliyini vurğulayıb.
 
Diplomat dünyada dini, mədəni zəmində artan gərginlik fonunda Azərbaycanda müxtəlif din və mədəniyyət icmalarının sülh və dostluq şəraitində yaşadıqlarını bildirib, cəmiyyətimizdə dərin köklərə malik tolerantlıq və multikulturalizm ənənələrinin davam etdiyini vurğulayıb.
 
Ölkəmizə qarşı uzun illərdən bəri davam edən Ermənistanın təcavüzünə toxunan M. Talıbov Azərbaycan ərazilərinin hələ də işğal altında olduğunu və bir milyonadək insanın öz yurd-yuvasından məcburi köçkün düşdüyünü vurğulayıb, dünya ictimaiyyətinin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın bu münaqişənin ədalətli həlli üçün beynəlxalq hüquq və bu münaqişəyə aid qəbul edilmiş beynəlxalq sənədlər əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün səylərinin artırmasının vacibliyini önə çəkib. O qeyd edib ki, dünya ictimaiyyəti bu kimi münaqişələrə yanaşmada fərq qoymamalı və təcavüzkara qarşı prinsipial mövqe nümayiş etdirməlidir. Azərbaycanın ABŞ Administrasiyasından gözləntiləri barədə suala cavab verən səfirliyin müşaviri ölkəmizə qarşı daha konstruktiv və praqmatik yanaşmaya ümid etdiyini bildirib.
 
Onu da əlavə edək ki, ABŞ səfiri və Azərbaycan səfirliyinin müşaviri ABŞ-ın ən böyük dəniz limanlarından biri olan Hyuston limanına səfər ediblər. Orada limanın əməliyyatlar üzrə direktoru Tomas Heidt, Hyuston Universitetinin prorektoru Xayme Ortiz, Hyustonun ən böyük şirkətlərini özündə birləşdirən Böyük Hyuston Tərəfdaşlıq təşkilatının rəhbəri Bob Harvi, Hyuston merinin inkişaf məsələləri üzrə müavini Endryu İkenlə görüşlər keçirilib. Sözügedən görüşlər zamanı Bakı ilə Hyuston arasında bütün sahələrdə əməkdaşlığın gücləndirilməsi, o cümlədən enerji tədqiqatları, yüksək texnologiyalar, ticarət missiyalar, akademik, təhsil və mədəniyyət sahəsində birgə işlərin həyata keçirilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Hyuston Limanı arasında təcrübə mübadiləsi, birgə tədbirlərin keçirilməsi və s. məsələlərə dair fikir mübadiləsi aparılıb.  

Milli.Az 






Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/490456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR