Bakı Konqresinin ikinci gününün sessiyalarında xəbər agentliklərinin aktual problemləri müzakirə olunub - FOTO

Bakı Konqresinin ikinci gününün sessiyalarında xəbər agentliklərinin aktual problemləri müzakirə olunub - FOTO
20:37 17 Noyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində noyabrın 17-də "Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi" və "Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları" mövzularında dördüncü və beşinci sessiyalarda müzakirələr aparılıb. Milli.Az AZƏRTAC-a istinadən sessiyalarla bağlı materialları təqdim edir.

Dördüncü sessiya: Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi

Sessiyanın moderatoru, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) baş katibi Fərid ƏYYAR devizi "Xəbər agentlikləri üçün yeni çağırışlar" olan V Konqres çərçivəsində multimedianın gələcəyi ilə bağlı aparılan müzakirələrin aktuallığını vurğuladı. Yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürlərini bildirən Fərid Əyyar qeyd etdi ki, Konqresdə dünyanın 130-dan çox nüfuzlu xəbər agentliyinin təmsilçiləri bir araya toplaşaraq jurnalistikanın əsas hədəflərini müəyyənləşdirməyə çalışırlar. Burada xəbər agentliklərinin gələcəyinin necə olacağı ilə bağlı məsələlər müzakirə edilir. Çox mürəkkəb görünən bu gələcək çağırışlarla doludur. Bu gün də multimedianın gələcək prinsipləri və ümumiyyətlə jurnalistikanın aktual problemləri barədə fikir mübadilələri aparılır.

"DMA-Media" şirkətinin təlimlər üzrə direktoru Coan Lin VEİ Konqresdə səslənən ideyaların, irəli sürülən təkliflərin faydalı olacağını dedi. O, özünün də jurnalistika təlimləri ilə məşğul olduğunu diqqətə çatdırdı, sosial və mobil mediaların rolundan danışdı. Coan Lin Vei, həmçinin medianın müasir texnologiyaya böyük ehtiyacı olduğunu bildirdi. Onun fikrincə, mobil media bu gün izləyicilərin daha çox marağına uyğundur. Bu, həmçinin çox güclü təsir vasitəsidir.

Fransanın France Press agentliyinin qlobal xəbər departamentinin üzvü Erik VİŞART çıxış edərək öz təcrübələrini sessiya iştirakçıları ilə bölüşdü. AFP adlı layihənin müəllifi olduğunu vurğulayan Erik Vişart bu layihənin jurnalistlər üçün böyük maraq kəsb edəcəyini bildirdi. O, jurnalistlərin etik davranış qaydalarından xəbərdar olmalarının önəmini qeyd etdi, həmçinin multimedia sahəsinin inkişaf etdirilməsi üçün müxtəlif səpkili təlimlərin keçirilməsinin vacibliyini vurğuladı. Xəbərin hazırlanmasında istifadə edilən müasir metodlardan danışan Erik Vişart  bu işin üstünlüklərini və daha özəl məqamlarını diqqətə çatdırdı. O dedi ki, jurnalist xəbəri ədalətli və mənbədən düzgün şəkildə oxucuya çatdırması üçün xarici dilləri bilməlidir.

Meksikanın Notimex agentliyinin baş icraçı direktoru Aleksandro Ramos ESKİVEL "XXI əsrin jurnalisti" mövzusundan bəhs etdi. O dedi ki, jurnalist yeni çağırışlara cavab verməli, ənənəvi mediadan çıxmalı, araşdırma üsullarını gerçəkləşdirməli, xəbəri daha operativ və peşəkarlıqla çatdırmalıdır. Baş icraçı direktor bildirdi ki, rəqəmsal jurnalistikada mübadilə vacibdir və ən əsası düzgün hədəf seçilərək ona doğru irəliləmək lazımdır.

"Los-Angeles Times" qəzetinin icraçı redaktor müavini Skot KRAFT isə dedi ki, jurnalist ilk növbədə insanların psixologiyasını öyrənməlidir. Bu, xəbər hazırlayarkən necə davranmalı olduğunu bilmək üçün vacibdir. O, videoxəbər hazırlayarkən jurnalistin tətbiqlərinin üstünlüklərindən danışdı, mövzu ilə bağlı fikirlərini bölüşdü, birbaşa informasiya mənbəyinə çıxış imkanı verən sosial şəbəkələrdə və digər platformalarda canlı yayımın vacibliyini qeyd etdi.

Sessiyaya yekun vuran UNESCO-nun baş direktorunun müavini Qetaçyu ENQİDA multimedia məhsulunu istehlakçıya çatdırmağın yolları haqqında danışdı. Qeyd etdi ki, bu gün sosial media çox öndədir və artıq bütün dünya bunu qəbul edir. Jurnalistin işinin cəmiyyətin maraqlarının keşiyində durmaqdan ibarət olduğunu diqqətə çatdıran Qetaçyu Enqida media plüralizminin və redaktor müstəqilliyinin dəstəklənməsi və gücləndirilməsinin vacibliyini vurğuladı.

Müzakirələr zamanı jurnalistlər üçün təhlükəsiz mühitin yaradılması sahəsində aparılan işlərin daha da intensivləşdirilməsinin əsas məsələlərdən olduğu bildirildi.

X X  X

Beşinci sessiya: Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları

Konqresin sonuncu - beşinci sessiyasının moderatoru, ABŞ-ın Associated Press (AP) agentliyinin beynəlxalq xəbərlər üzrə vitse-prezidenti Con DANİŞEVSKİ müzakirəyə çıxarılan mövzunun media üçün aktual məsələ olduğunu dedi. Bildirdi ki, keyfiyyətli jurnalistika rəqəmsal medianın inkişafı üçün çox vacibdir. Müasir dövrdə insanlar həqiqi və keyfiyyətli xəbər tələb edirlər. Ona görə də xəbər agentlikləri istehlakçılara daha dəqiq, keyfiyyətli və operativ xəbərlər çatdırmalıdırlar. Təbii ki, bu da asan başa gəlmir. Son illərdə 800-dən çox jurnalistin həlak olması bunu sübut edir. Bu baxımdan jurnalistlər auditoriya ilə qarşılıqlı əməkdaşlıq şəraitində işləməli, bu təzyiqlərə qarşı birlikdə mübarizə aparmalıdırlar.

"Tripod Advisors" media şirkətinin təsisçisi və icraçı direktoru David ŞLESİNGER jurnalistlərin doğru xəbərlərlə cəmiyyəti məlumatlandırmaq kimi mühüm funksiya yerinə yetirdiklərini vurğuladı. O, bu baxımdan jurnalistlərin bəzi ölkələrdə, xüsusən demokratiyanın zəif inkişaf etdiyi dövlətlərdə ciddi təzyiqlərə, zorakılıqlara məruz qaldıqlarını, öldürüldüklərini bildirib. Qeyd edib ki, müasir dövrdə inkişaf etmək istəyən cəmiyyətlərdə insanlar doğru məlumat əldə etməyə açıq olmalıdırlar. BMT-nin bu məsələlərlə bağlı 22 nömrəli qətnamə qəbul etməsinə baxmayaraq, hələ də jurnalistlərin öldürülməsi halları davam edir.

Məhz bu məsələlərin müzakirəsi baxımından Bakı Konqresinin önəmini vurğulayan D.Şlesinger qeyd etdi ki, biz bu mühüm tədbirdə üzərimizə müəyyən öhdəliklər götürməliyik. Biz belə hallara qarşı ayıq olmalı, jurnalist peşəsinə hörməti saxlamalı, müstəqil jurnalistlərə - bloqqerlərə, sosial media mənsublarına təzyiqlərə qarşı çıxmalıyıq. Əgər azad jurnalisti qorumasaq, biz özümüzü qoruya bilməyəcəyik. Biz ölkələrimizdə carçı olmalıyıq ki, müstəqil jurnalistlər üçün sərbəst şərait yaradılsın, onların informasiyaya çıxışı məhdudlaşdırılmasın.

Mərkəzi Avropa Universitetinin Avropa Qonşuluq Araşdırmaları Mərkəzinin insan hüquqları departamentinin rəhbəri Miklos HARASZTİ informasiya azadlığı ilə bağlı fikirlərini bölüşdü. Vurğuladı ki, BMT-nin 70 il əvvəl qəbul etdiyi İnsan Haqları Bəyannaməsində informasiya azadlığına geniş yer ayrılıb. Demokratiya inkişaf etdikcə bəzi hökumətlər özlərinə aid olan və vaxtilə dövlət sirri hesab etdikləri informasiyanı mediaya ötürdülər. Lakin bu, yalnız bir neçə ölkədə baş verdi. Təəssüf ki, bəzi ölkələrdə mətbuata təzyiqlər hələ də qalır.

İnternetin inkişafı ilə mətbuatın yeni mərhələyə qədəm qoyduğunu deyən M.Haraszti vurğuladı ki, müasir dövrdə bəzi ölkələr bir sıra məlumatları məxfilik adı altında jurnalistlərdən gizli saxlayırlar.

Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim MİNÇEV bildirdi ki, internetin yaranması və inkişafı maarifləndirmə prosesinə geniş təkan verdi. İnsanlar əvvəlcə düşünürdülər ki, internetin inkişafı biliklərin, məlumatların artmasına səbəb olacaq. Lakin bu, tam da gözlənilən səviyyədə baş vermədi. İnternet müsbət xüsusiyyətlərlə yanaşı, yeni çağırış və problemləri də ortaya çıxardı.

Bu gün xəbər məkanı olduqca geniş məfhumdur və hər kəs çalışır ki, bu məkanda özünə yer tutsun və sosial fraqmentasiyanı hazırlasın.

"Müasir cəmiyyəti mediasız təsəvvür etmək mümkün deyil", - deyən M.Minçev diqqətə çatdırdı ki, internetin inkişafı, sosial şəbəkələrin mövcudluğu şəraitində xəbər agentliklərinin informasiya məkanında dominant olması çox çətinləşib. Buna görə də xəbər agentlikləri həmrəy olmalıdır.

AZƏRTAC-ın Almaniya üzrə xüsusi müxbiri Vüqar SEYİDOV münaqişə zonalarında jurnalistlərin missiyalarından danışaraq, bunun media nümayəndələrinin həyatı üçün təhlükəli olduğunu vurğuladı. V.Seyidov müharibə şəraitində jurnalistlərin fəaliyyəti ilə bağlı müxtəlif ölkələrdə səmərəli təlim kurslarının, proqramların təşkil olunduğunu söylədi. Bəzən azad jurnalistlər sırf cəbhə bölgəsində, qaynar nöqtələrdə olmaq xatirinə həmin ərazilərə səfər edirlər. O, çıxışında münaqişə zonalarında jurnalistlərin əməl etməli olduqları vacib təlimat və qaydaları diqqətə çatdırdı.

Sessiyalarda mövzular ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490461.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR